Əfsanəvi müğənni Ququşun azərbaycanlı qohumu Ruanna Məmmədovanın Moderator.Az-a müsahibəsini təqdim edirik.
- Ruanna xanım, istərdim özünüzü Moderator.Az oxucularına daha ətraflı təqdim edəsiz.
- Mən, Məmmədova Ruanna, vətənpərvər, həyatsevər, ailəcanlı, bir Azərbaycan anası və nənəsiyəm. Əsl adım Ruhəngizdir.
- Ruanna xanım, siz dünya şöhrətli Ququşun qohumu olduğunuzu iddia edirsiniz. İstərdim bu haqda daha ətraflı danışasız..
- Bəli, dünya şöhrətli Ququşun qohumu olmaq həm şərəfdir, həm də yazıq bir haldır. Yazıq bir hal ona görədir ki, nə əlim ona çatır, nə də səsim. Tək ümüdüm Tanrıyadır. Bəlkə nə vaxtsa bizi o qovuşdura bilər.. Çox arzulayıram əziz Ququşumu qucaqlayım və deyim “İllərdir bu arzu ilə yaşayırdım”.. İnsan hər istədiyi arzuya çata bilmir ki..Görəsən nə vaxtsa ona qovuşa biləcəyəm? Tək ona görə yox ki, o dünya şöhrətli müğənnidir, o həm də qanı-qanımdan, canı-canımdan olan bir qohumdur.
- Daha dəqiq desək necə qohumsuz?
- Mənim nənəm Qüdrət Ququşun xalasıdır, ququş mənim anamla doğma xalaqızıdır. Mənim adımı da məhz o qoyub. Ququş əslən iranlı yox, gəncəlidir, Gəncədən olan Qulu Suphinin nəvəsidir. Ququşun atasının adı Sabir olub. Sayılıb-seçilən seyid-peyğəmbər nəslindəndirlər. Mən ağlım kəsəndən bilirəm ki, bizim qohumluq bağlarımız var.
- Atası Sabir haqqında əlinizdə başqa hansı məlumatlar var?
- Onun anası Nəsrin, atası Sabirlə Gəncədə tanış olub, İranda evləniblər. Bu evlilikdən təkcə Ququş dünyaya gəlib. Anası sonradan ikinci dəfə ailə həyatı qurub və bu evlilikdən iki qızı dünyaya gəlib. Əlimdə olan məlumatlar bu qədərdir.
- Siz Ququşla heç vaxt görüşməmisiz, bəs ananız necə?
- Bəli, anam görüşüb. Uzunmüddətli görüş olmayıb. Bir birlərini tumarlayıb, sığallayıb tez də ayrılıblar. Bu haqda birinci dəfədir ki, danışıram. Çünki anam bu görüş haqda uzun zaman danışmayıb, söhbət bu günlərdə açılıb. Ququşun Fəxri adında Bakıda bir xalası yaşayırdı, görüş orda baş tutub. Anam deyir ki, ayrılanda çox ağladıq..
- Qohumlar necə olub ki, bir-birlərindən ayrı düşüb?
- Ququşun nənəsi Məhbubə ikinci dəfə evlənib. Sərhəd bağlananda özü ilə İrana 3 övladını aparır. (Nəsrin, Rəfiqə və Fəxri). İlk evliliyindən olan Qüdrət adlı qızı isə Azərbaycanda qalır. Qüdrət isə mənim doğma nənəm olub. 1962-ci ildə İrandakı inqilabdan sonra Məhbubə Azərbaycana, Gəncəyə qayıdır. Azərbaycanda qızı Qüdrəti, qardaşı Həbibi görəndən sonra ürəyi partlayır, elə orda da rəhmətə gedir. Çünki o, 20 il olar ki, qızı Qüdrəti görməyib. Ququşun anası Nəsrin, xalası Rəfiqə isə İranda qalır. O gələndə təkcə balaca qızı Fəxrini özü ilə Gəncəyə gətirir. Anasına uzun ayrılıqdan sonra qovuşan Qüdrət də onu itirəndən sonra dünyasını dəyişir. O, İmamzadə qəbirstanlığında dəfn olunub.
- Ququşun qohumlarından imtina etməsinin səbəbi nədir ki?
- Ququş 18 yaşından İranda şahın şəxsi müğənnisi olub. Hətta onların sevgili olduğu da deyilirdi. O nəinki bizdən, hətta bacı-qardaşlarından da imtina edib. Bacıları Tehranda yaşayır, kifayət qədər imkanları da var. Ququşun doğmalarından imtina etməsinin əsl səbəbi qohumlarının ona sahib çıxmaması oldu. Belə ki, şahı İrandan qovanda Ququş qohumlarından, daha dəqiq desək, bacılarından sığınacaq istəyib. Heç kim ona sığınacaq verməyib, nəticədə isə o bütün qohumlarından imtina edib. Onun çəkildiyi "Uzun gecə" filmi də qohumları ilə arasına soyuqluq gətirib. Çünki filmdə biləvasitə Ququşun həyatı təsvir olunub. Doğmalarının ondan üz döndərməsinin digər bir səbəbi də məhz elə bu film olub. Çünki film çox açıq-saçıq idi, o isə seyid nəslindən idi. Hal-hazırda heç bir qohumu ilə münasibəti yoxdur. Hətta anası rəhmətə gedəndə də onu İrana buraxmadılar. Yəqin ki, mənim varlığımdan onun da xəbəri var. Yaşa dolmuşuq, indi hamı bir-birini görmək istəyir. Onun ayrılıq mahnısını dinləyəndə göz yaşlarıma qərq oluram, ürəyimdəki nisgil, ayrılıq daha da artır.
- Gəncədə yaşayan başqa qohumları varmı?
- Sovet illərində onun qohumu olduğumuzu gizlədirdik. Çünki anam rus dili müəllimi idi, dayım isə hökumət adamı idi. Həmişə evdə yığışanda onun mahnılarından zümzümə edib, söhbətlər edərdik. Bakıda da, Gəncədə də yaşayan qohumları var. Ququşun doğma bibisi qızı mənim elə öz qudamdır.. Xalası qızı Nuşin ilə də əlaqəm var.
- Ruanna xanım, onunla bağlı yayılan məlumatlardan birində erməni ilə ailə həyatı qurduğu deyilir. Bu həqiqətdirmi?
- Onunla bağlı yayılan şayiələr məni çox incidir. Bu şayiədir, o erməni ilə ailə həyatı qurmayıb. Musiqinin milliyəti yoxdur, o sadəcə erməni dilində mahnı oxuyub. Bütün dünya ulduzları erməni dilində oxuyur. Buna görə onu çox qınaq atəşinə tutdular.
- Onunla görüşməyə cəhd etmisiz?
- Bəli, çox istəyirdim ki, 3 il əvvəl Gürcüstana gələndə görüşüm. Çəkiliş qrupu vasitəsi ilə onu anamla da görüşdürməli idim. Amma adını çəkə bilmədiyim bir insan bizim bu görüşümüzə mane oldu. Öncədən bilsəydim bileti alıb, özüm gedərdim. Mən hələ də o ümüdlərlə yaşayıram, cəhd göstərirəm. Ayrılıq ayrılıq aman ayrılıq, hər şeydən olur yaman ayrılıq.
- Birdən Ququş sizinlə görüşmək istəmədi, onda necə?
- Həyatdı da. Hər şeylə barışırıq. Yəqin ki, mənim də uzun müddət inandığım o görüş baş verməsə, çətin də olsa qəbul etməyi bacarmalıyam. Yalnız bunu öz dilindən eşitsəm ki, o mənimlə görüşmək istəmir, onda çəkilib kənarda dayanaram.
- Bu görüş sizin üçün niyə bu qədər önəmlidir? Ququş dünya şöhrətli müğənni olmasaydı onu axtaracaqdız?
- Mən doğulandan çox qohumpərəstəm. Ətrafımdakı insanlarla ünsiyyət qurmağı xoşlayıram. Əlbəttə, axtarardım. Onun xalası uşaqları, bacıları heç də məşhur insanlar deyil, amma mən onlarla ünsiyyət qururam. İnanın səmimiyyətimə, o məşhur olmasaydı, da onu bir qohum kimi axtaracaqdım.