Belə ki,deputat Məşhur Məmmədov ucuz satılan kolbasalardan şikayət edib.
"Bu gün bazarda 3 manat 80 qəpiyə sosiska satılır. Ətin qiyməti 20 manatdırsa, 3 manata olan sosiskanın tərkibində ətdən başqa hər şey ola bilər", - o qeyd edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, deputat bu məsələdə haqlıdır:
"Deputatın bu sualı, əlbəttə, haqlıdır. Azad İstehlakçılar Birliyi olaraq biz daim istehlakçıların ucuz, lakin keyfiyyətli mal alması üçün çalışırıq. Lakin qiymət məhsul haqqında müəyyən mənada informasiya daşıyıcısıdır. Bu sualla bağlı hər həftə 5-6 istehlakçı sualı ünvanlanır. Biz belə kolbasa, sosiska məmulatlarına "8-ci kilometr bazarı"nda, metro çıxışları və digər yerlərdə rast gəlirik. Ölkədə 20-yə qədər kolbasa və sosiska istehsalçıları var. Bunlardan barmaqla sayılan qədəri müasir tələblərə uyğun fəaliyyət göstərərək kolbasa və sosiska istehsal edir. Keyfiyyətli istehsalçılar yerli məhsullardan istifadə edir. Yaxud Brazilya və Hindistandan gətirilən təmiz xeyli ucuz qiymətə olan ətlərdən istifadə edirlər. Bu qiymətə satılan məhsullar ilk baxışda cəzbedici və qırmızı rəngdədir. Əksər hallarda etiketi olmur. İstehlakçı da deyir ki, "əşi, kolbasa məmulatıdır alım, fərqi yoxdur".
Eyyub Hüseynov söyləyib ki, 3 manata sosiska istehsal edib bazara çıxaran müəssisələr naməlum mənşəli ətlərdən istifadə edirlər:
"Təsadüfi deyildir ki, daim Daxili İşlər Nazirliyi Baş Cinayətkarlığa qarşı Mübarizə İdarəsi regionlardan murdar və ənənəvi olmayan ətlərin Bakıya daşınmasını ifşa edib. "Leş Tofiq"lər yadınızdadır. Onunla əməkdaşlıq edən kolbasa istehsalçıları da yadımızdadır. Bütün bunları adını çəkdiyim dövlət qurumu ifşa edib. Lakin mövzu hazır formada masanın üzərinə qoyulub. Təəssüf ki, bu dövlət qurumu işləri ardıcıl və müntəzəm etmir. Əksəriyyəti, bax, sexlərə gəlib çıxır. Qeyd edim ki, həm Brazilyadan ölkəmizə 4 manat yarıma təmiz ət gəlib çıxır. Bu ət əlbəttə, bizim dükanda satdığımız ət kimi başa düşülmür. Bu ətlər qabırğaarası, yeyilməyəndir. Eləcə də qocalmış heyvanların ətləri gəlir. Azərbaycanda qocalmış heyvanların əti bu cür sexlərə verilir. Onlar da çox aşağı qiymətə satılır. Əksər standartlara uyğun kolbasa və sosiska istehsal edən müəssisələr belə ətlərdən də istifadə edirlər. 3 manata sosiska istehsal edib bazara çıxaran müəssisələr, əlbəttə, naməlum mənşəli heyvan ətlərindən istifadə edir. Heyvanın, toyuğun başını, beynini məhsullara qatırlar".
QHT sədri onu da deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) Milli Məclisdə qaldırılan məsələni təqib etməlidir:
"Belə məsələlərin kökü kəsilməlidir. İstehlakçılar 195 qaynar xətti ilə AQTA-ya məlumat vermələrini tövsiyə edirəm. Təəssüflər olsun ki, AQTA istehlakçıları özünün köməkçisinə çevirə bilməyib. Burada KİV-lərin böyük rolu var".