Qazaxda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkar olunub.
Bu barədə RegionTv.info-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Qazax şəhəri, Azadlıq küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rüfət Cahangir oğlu Bədəlova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi aşkar olunub. Belə ki, müəssisədə döşəmə və divarların asan yuyula bilən materialdan hazırlanmadığı, süni havalandırma sisteminin quraşdırılmadığı, un kisələrinin birbaşa döşəməyə və divara bitişik halda yığıldığı, eləcə də müvafiq temperatur və saxlanma şəraitinə riayət edilmədən saxlanıldığı müəyyən edilib. İstehsal edilən çörəyin qablaşdırılmasında məhsulun çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsal tarixi, istifadə müddəti, istehsalçının adı və ünvanı barədə məlumatların qeyd edilmədiyi məlum olub.
Faktlarla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.