Tarixi uludan-ulu, mədəniyyəti zəngin Azərbaycanın başı bəlalı Qarabağ mahalının milli geyimlərini ilmə-ilmə toplamaq, naxış-naxış tərtib edib gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bu ilmələrə, naxışlara sahiblənmək həm də böyük bir məsuliyət tələb edir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer, dizayner Gülnarə Xəlilova isə bu məsuliyyətdən boyun qaçırmayanlardandır. Onun Qarabağ kolleksiyası dünyanı dolaşır.
Moderator.az-ın qonağının da məhz Gülnarə Xəlilova olması isə heç də təsadüfi deyil. Əslən Qarabağlı olan müsahibimlə Qarabağ xanımlarının geyim ənənəsindən və bu ənənənin gələcək nəsillərə ötürülməsindən danışdıq.
- Qarabağ hər birimizin arzusu idi. 28 ildən sonra arzumuza qovuşduq. Hansı hisləri yaşayırsınız?
- Çox gözəl hislər yaşayıram. Bu, tək mənim deyil, bütün Azərbaycan xalqının yaşadığı sevincdir. Yaşadığım duyğuları sözlə ifadə etmək doğrudan da çox çətindir. Bir Qarabağlı kimi bu hisslərin qarşısında ifadələr acizdir. Atam akademik Vidadi Xəlilov Cəbrayıl rayonunun Cərəkən kəndindəndir. Mən Bakıda doğulsam da, əslim Qarabağlıdır. Qələbə günü məni bu münasibətlə təbrik edən insanlarla sevinc göz yaşlarımız bir- birinə qarışmışdı. Fürsətdən istifadə edib, bu qələbəyə görə Ali Baş Komandanımıza, Şanlı Ordumuza çox təşəkkür edirəm. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların valideyinlərinə başsağlığı verirəm. Onlar hər zaman qəlblərdə yaşayacaqlar!
- “Qarabağ Azərbaycan Milli Geyim Kolleksiyası” bu zərurətdənmi yarandı? Bu layihənin davamı olacaqmı?
- “Qarabağ” Azərbaycan Milli Geyim Kolleksiyası bu zərurətdən yaranmadı. Bu kolleksiya 2015-cı ildə yaranmışdı. İlk dəfə Çində, Rusiyada, Londonda nümayiş olunmuşdu. 2020-ci ilin sentyabr ayında qatıldığım “İnternational Digital Fashion Week” moda həftəsində isə bu kolleksiyanı bütün dünya məşhur Amerika moda kanalı olan FNL Network kanalında izlədi və hələ də 2021-ci ilin fevral ayına qədər izləməkdə davam edəcəklər. Dünyanın ən məşhur dizaynerləri ilə bərabər bir platformada məhz “Qarabağ” kolleksiyamı nümayiş etdirmək mənə xüsusi bir zövq verdi. Sözügedən layihənin davamı hər zaman olacaq. Bu, mənim illərdir niskilini çəkdiyim torpaqlarımıza həsr olunmuş bir mövzudur. Ümumiyyətlə mən toxunma əl işlərindən ibarət olan möhtəşəm bir kolleksiya ilə tanınmışam. Bir dizayner kimi bütün üslublarda işləyə bilirəm. Hər zaman bütün kolleksiyalarımda vətənpərvər ruh hiss olunub. Azərbaycanımın milli-mənəvi dəyərlərini, geyim ənənələrini təbliğ etmək mənə xüsusi zövq verir. Maraqlıdır ki milli ruhda yaratdığım kolleksiyalar da uğurlu alınır. Və mən bununla dünya çapında sevilirəm.
- Şuşaya, Ağdama, Zəngilana və ümumilikdə Qarabağa dair özünəməsus, özəl geyimlər varmı?
- Ümumiyyətlə, hər bir bölgənin özünəməxsus geyimləri olub. Bu, daha çox xanlıqlar dövründə özünü göstərirdi. Hər xanlığın öz geyim tərzi var idi. Və bununla da kimin hansı xanlığa, bölgəyə aid olduğu seçilirdi. Qarabağ bölgəsinin geyimləri öz zənginliyi ilə sevilir. Ümumiyyıtlə, Azərbaycan milli geyimləri çox rəngarəng və özünəməxsus olub.
- Gülnarə xanımın Qarabağda həyata keçirmək istədiyi hansı layihələri, planlar var?
- Əlbəttə ki, mənim ən böyük arzularımdan biri də məhz möhtəşəm qələbəmiz sayəsində geri aldığımız doğma Qarabağ torpağında elə Qarabağa həsr etdiyim, bütün dünyanı heyran edən “Qarabağ” Azərbaycan Milli Geyim kolleksiyamı nümayiş etməkdir. Allah hər zaman hər birimizi arzularına çatdırsın!
Əlavə onu da vurğulamaq istərdim ki, 2006-cı ildən təşəbbüsüm və arzum olan “Azərbaycan Milli Geyim Günü” təsis olunsun. Və bu möhtəşəm günü elə Qarabağda dünya insanlarının, turistlərin qatılacağı böyük festival, bayram kimi qeyd edək!