Tofiq Bayram- 90
Sovet dövrünün avtomobil həvəskarları yəqin ki, xatırlayırlar. Ötən əsrin 60-cı illərində sovet avtomobilləri ailəsinə “Moskviç – 408” markalı yeni avtomobil əlavə olundu. Ona “Bala Çayka” da deyirdilər. Bakıda cəmi bir-iki dənə idi...
Yazıçılar Birliyinin o vaxtkı sədri Mehdi Hüseynin Tofiq Bayramın Əmircanda yaşadığından xəbəri vardı. Bilirdi ki, şəhərə gəlib-getmək onun üçün çox çətindir. Təzə çıxan “Moskviç"lərdən ona da verilməsini nəzərdə tutmuşdu. Nə isə, çox keçmir ki, Tofiq Bayrama maşın verilir...
Həmin vaxtlar Bülbülün evi Yazıçılar Birliyinin yanındakı binada yerləşirdi. Günlərin birində səhər-səhər pəncərədən bayıra baxan 18 yaşlı Polad Bülbüloğlu “Yazıçılar Birliyinin” qabağında Tofiq Bayramın “Bala Çayka”sını görür. Aşağı düşüb gəlir binanın qarşısına, maşının kimin olduğunu soruşur. Deyirlər ki, bəs Tofiq Bayramındır. Gənc Polad Tofiq Bayramı tapıb odan xahiş edir ki, maşını bir az sürmək üçün ona icazə versin. Bülbülün oğlu olduğunu nəzərə alıb Tofiq Bayram da, ona razılıq verir. Polad, necə deyərlər, gözünə döndüyüm də, bundan istifadə edib maşını sürüb aradan çıxır. Yalnız bir neçə saatdan sonra peyda olur...
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində ali təhsilə yiyələnmişdi. Əmək fəaliyyətinə isə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdı. Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı redaksiyasında, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Yazıçı" nəşriyyatında baş redaktor müavini işləmişdi. Azərbaycan Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi idi. 1991-ci il aprelin 19-da vəfat edib...
Yaşasaydı bu il Tofiq Bayramın 90 yaşı tamam olacaqdı. Allahdan şairə rəhmət diləyib “Qadın ürəyi” şeirini sizə təqdim edirəm:
Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.
Güldürsən, ömürlük səadətindir,
Söndürsən, yanmağı bir də çətindir,
O, əsl qayğının, məhəbbətindir,
Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,
Əriyib gözlərdə yaş da olar o.
Bahar da olar o, qış da olar o.
Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə,
Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,
Dərd verib vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.
Bəzən gültək solar acı bir sözdən,
Ağlayar xəlvəti, gülsə də üzdən.
Bəzən uşaq kimi ən ürəksizdən,
Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,
Keçirər ömrünü o, yas içində.
Bəzən ən qiymətli libas içində
Nalədir, fəğandır qadın ürəyi.
Ömrə zinət verən, səadət quran,
Kişi ürəyini nurla dolduran.
İsməti bir nəsli göyə qaldıran,
Eşqə hökmrandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan.
Nə çıxar sevgisiz – sənsiz ilhamdan?
İncitsən dözərəm, Tofiq Bayramdan
İncimə, amandır, qadın ürəyi!..
Elman Eldaroğlu