Regionda terror rüzgarı əsir. Rusiyada törədilən dəhşətli terror aktının əks-sədası, söz-söhbəti səngiməmiş 5 azərbaycanlının Qırğızıstanda ölkə rəhbərliyinə qarşı terror hazırlamaları və həbs edilmələri barədə xəbər gəldi. Ertəsi gün 3 erməni terrorçu yerli polis bölməsinə hücum etdi. Bu gün isə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) yaydığı məlumatda bir qrup terrorçunun Lənkəran rayon İcra Hakimiyyətinin başçısına qarşı terror aktı hazırladıqları və yaxalandıqları barədə məlumat yayılıb.
Yayılan görüntülü informasiyadan aydın olur ki, DTX bu terror aktının planlaşdırılmasından öncədən xəbərdar olub və işi bişirə-bişirə, cinayətin fiqurantlarını dinləyə-dinləyə preventiv tədbirlər görüb və vədə başında şübhəli şəxsləri saxlayıb.
Terror aktının baş iş icraçısı Bəhruz Əsgərov adlı, 1988-ci il təvəllüdlü adamdır. O, bu vaxta qədər Murmanskda yaşayırmış və Bakıya gələrək İH başçısını öldürən adamı da götürüb ölkədən çıxacaqmış.
İlk sual buradan doğur: Lənkəranın İH başçısı Taleh Qaraşovun qətli Rusiyanın mərkəzində də yox, lap ucqarında, şimal qütbünün yaxınlığında yaşayan bir adamın nəyinə lazım idi? İH başçısı Qaraşov Əsgərova nədə mane olurdu?
Adamın istintaqa verdiyi ifadədən məlum olur ki, onun bu aktı törətməkdə məqsədi 6 il öncə Gəncədə İH başçısı Elmar Vəliyevi qətlə yetirməyə cəhd edən Yunis Səfərov adlı şəxsin həbsinin qisasını almaq olub.
Yenə sual çıxır: Yunis Səfərov Bəhruz Əsgərovun nəyidir: qan qohumudur, qardaşlığıdır, uşaqlıq dostudur? Onlardan biri gəncəlidir, o biri lənkəranlıdır, heç vaxt üz-üzə gəlməyiblər, tanışlıqları olmayıb. Bəs nədən bir adam tanımadığı birinin həbsinə təhəmmül edə bilməsin?
Xoruzun quyruğunun ilk göründüyü yer burasıdır. Aydın olur ki, Elmar Vəliyevin tapança ilə vurulması əmrini Yunisə kimlər veribsə, Taleh Qaraşovun vurulması əmrini də Bəhruz Əsgərova həmin adamlar, daha dəqiqi, eyni mərkəz verib.
Bu mərkəz oturub-durub Gəncəni “imamzadə şəhəri” adlandırdığı kimi Lənkəranı da “şiə bastionu”, “din-iman qalası” hesab edir.
İH başçılarının həyatına sui-qəsd edilməsi olayı isə təsadüfən seçilməyib. Bu, ayrıca götürülmüş bir rayonda, DTX-nin də qeyd etdiyi kimi, “ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq” məqsədi daşıyıb. Bu aktdan sonra “məmur zülmündən bezərək ayağa qalxan xalq” aksiyaya başlamalı, daha sonra bu dalğa başqa rayonlara sıçramalı, ümumölkə səciyyəsi almalıydı.
Yadınızdadırsa, Gəncədə Vəliyevin həyatına sui-qəsddən sonra İranmeylli yerli qüvvələr belə bir hərəkat başlamağa səy göstərdilər, ancaq onların qarşısı vaxtında alındı, iki polis həlak oldu, ortalığı qarışdırmaq istəyən ekstremistlər həbs və məhkum olundular.
O vaxtdan bəri bu söhbətin tez-tez qabardılması, Yunis Səfərovun adının “əzabkeş” kimi hallandırılması onu göstərirdi ki, bu, təsadüfi terror aktı olmayıb və nə vaxtsa eyni əməl yenidən, başqa yerdə təkrar ediləcək.
Budur, eyni koordinat, eyni dəst-xətt.
DTX-nin yaydığı görüntülü informasiyada “terakt prorabı”nın operativ əməliyyat tədbirləri nəticəsində qeydə alınmış səs yazısında belə bir detal var. O, israrla öz əlaltısına tapşırır ki, qəsdi həyata keçirmək üçün başqa yerdən, Bakıdan-filandan adam tapmasın, yerli adam tapsın. Guya ki, sui-qəsd hazırlığı uzun çəkən işdir, yerli adam öz evində otura-otura bütün izləmələri, hazırlıqları həyata keçirə bilər, amma “gəlmə killer”ə bunları etmək çətin olar.
Əslində isə İH başçısını “yerli adam”ın əli ilə vurdurmaq ona görə lazımdır ki, bunu “Qaraşovun lənkəranlılarla etdiyi zülmün cavabı” kimi qələmə vermək mümkün olsun. Bu zaman həm Lənkəran camaatı, həm də Qaraşovu tanıyan başqa rayonlular “lap əcəb olub, çoxdan lazım idi” desinlər.
“Yerli killer”in xidmətindən istifadə niyyəti həm də onun göstəricisidir ki, Əsgərov “killer”i özü ilə ölkədən çıxarmayacaqmış, əksinə, onun yaxalanmasına şərait yaradacaqmış ki, onun simasında ikinci “əzabkeş” (Yunis Səfərov kimi) obrazı yaransın və yerli camaat onların “qisasını alan qəhrəman oğlan”ın tərəfini tutsun.
Bundan başqa, yayılan informasiyadan aydın olur ki, Lənkəranda və başqa rayonlarda ingilis dili dərsi deyən əcnəbilərin küt alətlə qətlə yetirilməsi layihəsi də olub və bu da müəyyən səbəblərdən baş tutmayıb. Əcnəbinin qətli isə həm Azərbaycanı Qərb dövlətləri ilə üz-üzə qoymaq, həm də öz cılız qisaslarını almaq istəyən dairələr tərəfindən düşünülüb.
Bu hadisə bir daha göstərir ki, hər zaman ehtiyatlı, sərvaxt olmaq, bilməzlikdən xarici ölkələrin xüsusi xidmət orqanlarının, kəşfiyyat strukturlarının planlarının bir hissəsinə çevrilməmək üçün hər şeyə diqqət etmək lazımdır.
Vurulmalı İH başçılarının terrorçu qruplar və ya onlara yön verənlər tərəfindən hansı kriteriya əsasında seçilməsinə də diqqət etmək lazımdır. Onlar “ən pislər”i seçiblər. Yaxşı olar ki, o cür mənfi reputasiyalı məmurlar öncədən ölkə rəhbərliyi tərəfindən elə siyasi mənada “vurulsunlar”.
Terrorçuları isə Femidanın toxmağı ilə elə vurmaq lazımdır ki, başqalarına da ibrət olsun.