2020-ci il iyulun 12-də günorta saatlarından başlayan Tovuz döyüşləri bir neçə gün davam etmiş və Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınmış, düşmənə sarsıdıcı zərbə vurulmuşdu. Ermənilərin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilmişdi.
Təəssüf ki, Tovuz döyüşlərində Azərbaycan Ordusu da itki verib.
General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Polad İsrayıl oğlu Həşimova və polkovnik İlqar Anzor oğlu Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Tovuzdakı Qaraqaya yüksəkliyindəki döyüş postunda şəhid olan Polad Həşimov sanki Tanrının Azərbaycan xalqına bir hədiyyəsi idi... Məhz onun şəhadəti 44 günlük Vətən müharibəsinin qığılcımı oldu... Bu qığılcım elə bir alov törətdi ki, bütün Qarabağı işğaldan azad edə bildik...
Bu gün Polad Həşimov ad-soyadını eşidən hər kəsin simasında yalnız sayğı-ehtiram, minnətdarlıq ifadəsi yaranır.
Polad Həşimovun Şəhid olduğu Tovuz onun xanımı üçün nəyi ifadə edir?
Şəhid generalın həyat yoldaşı Ofeliya Salmanova Modern.az saytının bu sualına belə cavab verib:
“İlk olaraq deyim ki, Tovuz son nöqtə ola bilər, ancaq bu son deyil. O şəhiddir, qəhrəmandır, hər zaman xalqın qəlbindədir. Tovuz Polad Həşimovun bu dünya ilə son nöqtəsidir. Onu orada itirmişəm, ancaq mən Tovuza getdim, yaşadım o gerçəkliyi. Düzdür, mənə dedilər ki, ora getmə, sərhəddir, yüksəklikdir. Düşünürdüm ki, onsuz da ora gedəndə halım pisləşəcək və s.
Biz o yüksəkliyə qalxdıq, bir damla göz yaşı axıtmadım. Tam əksinə oldu hər şey, sanki möhkəmləndim, bəlkə orada Polad Həşimovu hiss etdim. İçimdə düşmənə qarşı çox böyük hiddət yarandı. Çünki mənim həyat yoldaşım o nöqtədə məndən alınıb. Amma bir məğrurluq gəldi içimə. Orada sınmadım, əyilmədim. Qürur hissi bütün hissləri üstələdi. Qarşı tərəfə nifrət hissi ilə baxdım. Düşündüm, Polad Həşimov gör harada Şəhid olub, ən yüksək zirvədə. Ürəyimdən keçdi ki, kaş gəlcəkdə ora əbədiləşdirilsin. Dövlətimiz bizə hər zaman öz dəstəyini göstərir. Bu istəyimizin də qarşılanacağına əminik.
Bilirsiniz, deyirlər ki, hər kəsin doğulduğu yer onun taleyidir. Ancaq bu deyim mənim taleyimə aid deyil sanki...
Niyə, bilirsiniz, çünki mənim taleyim Qarabağdır. Çünki mən həyatımı bütün omrünü Qarabağın azadlığı yolunda səfərbər etmiş bir insanla bağlamışdım. Qarabağ mənim üçün o qədər qiymətlidir ki...
O torpaqlar məni özünə çəkir. Hər an həyat yoldaşımın yanında olmağıma, onun yaşadıqlarına şahidlik etməyimə rəğmən mən Qarabağa getdikdən və Tovuzdakı yüksəkliyə qalxdıqdan sonra tam mənası ilə anladım ki, Polad Həşimovun mübarizəsi nədən ibarət imiş…
Və bütün bunlardan sonra özlüyümdə düşünürəm, ümid edirəm ki, həyat yoldaşımı ən gözəl şəkildə yaşatmağı bacarıram. Onun qoyduğu ənənəyə sadiqəm. Çalışıram ki, onun yarım qalmış işlərini tamamlayım.
Bu yolda ilk növbədə özümə güc-qüvvət arzulayıram. Çünki mənim görüləcək işlərim çoxdur. Ümid edirəm ki, Azərbaycan xalqı mənim durumumu başa düşür, anlayır. Bütün xalqa Polad Həşimov ailəsi adından təşəkkür edirəm. Sayğını hər addımda hiss edirik. Var olsunlar...”.