
1. 1983-cü ildə Ələkbərin atası Adıgözəl kişini Binəqədi şosesini keçəndə "Volqa" markalı avtomobil vurur. Ovaxtkı Abşeron Tərəvəz İnstitutunun direktorunu gəzdirən maşının sürücüsü hər gün onlara gəlib yalvar-yaxar edir, göz yaşları axıdıb deyir: "Mənim beş balaca uşağım var. İndi hər şey sizdən asılıdır. Onları yetim qoymaq istəmirsinizsə, şikayətçi olmayın". Ələkbər o vaxt əsgərlikdə imiş. Atasının başına gələni eşidəndə icazə alıb evə gəlir, sürücünün yalvarışlarına ürəyi dözmür, anasına deyir: "Ay ana, yazıqdır. Hər bir adamın başına gələ bilər. Onsuz da onu tutdurmaqla atam sağalan deyil". Beləliklə, anasını razı salıb şikayət etməkdən çəkindirir. Atası qəzadan sonra yataq xəstəsinə çevrilir. On bir il yataqda qalır. 1994-cü ildə Adıgözəl kişi elə yataqda ikən ikinci dəfə insult keçirib dünyasını dəyişir.

3. Uroloji xəstəxanada əməliyyat keçirmişdi. "Qətl günü" tamaşasının televiziya variantı hazırlanırdı. Onu heç kimlə əvəz etmədilər. Əsərin müəllifi Yusif Səmədoğlu özü imkan vermədi ki, onu kiminləsə əvəz etsinlər. Gözlədirlər. Ələkbər azca sağalan kimi gəlib xəstəxanadan onu çəkilişə aparır, sonra yenə gətirib yatdığı palataya qoyurdular. Hətta çəkilişlərin birində qan azlığından huşunu itirir, telestudiyaya təcili həkim çağırırlar.

5. Günü-gündən rəngi saralır, gözlərinin içində də sarılıq əmələ gəlməyə başlayır. Yoldaşı onu məcbur həkimə aparır. Ciddi yoxlamadan sonra məlum olur ki, onda "Hepatit C" virusu var. Fərqli yerlərdə təkrar analizlər eyni nəticəni verir. 2004-cü ildə Moskvada məşhur xəstəxanalardan birində yenə həmin diaqnoz təsdiqlənir. Bu virus yalnız qanla keçə bilərdi. Ələkbər özü üçün müəyyən edə bilmirdi ki, harda yoluxub? Moskvadakı həkimi diş dibindən şübhələndiyini deyir. Onda Ələkbərin yadına düşür ki, 2002-ci ildə Paris səfərindən əvvəl dişini çəkdirmişdi. Artıq qara ciyəri şişməyə başlamışdı. İllər sonra onu yoluxduran həkim özü də eyni xəstəlikdən dünyasını dəyişir.

7. Teatrda uşaqlar üçün keçirilən böyük bir tədbirdə direktor Rəhman Quliyev valideynlərə müraciət edir. Sonra televiziyalarda, onun iştirak etdiyi və etmədiyi proqramlarda, qəzetlərdə xəstəliyi və ciddi, böyük məbləğ tələb edən müalicəyə ehtiyacı olduğu barədə məlumat verilir.

8. Uşaqlar onu çox sevirdilər. Balaca bir qızcığaz yeməyini yemək istəmirmiş. Anası deyir, yeməyini yeməsən, Ələkbər əmi bizə gəlməyəcək. Axı, o gün tamaşada sənə dedi ki, yeməyini ye, bir gün sizə gəlib anandan soruşacam, yemək yemisən, ya yox. Qız dərhal ağzını açıb yeməyini həvəslə yeməyə başlayır.

10. İyulun 29-da oğlu Cavidan universitetə daxil olanda xəstəxanaya gəlib qulağına yavaşca deyir ki, ata, mən instituta qəbul olundum. O da danışa bilmədiyi üçün əlini qaldırıb "Ura!" işarəsi göstərir və həmin andan komaya düşür. 2007-ci il iyulun 31-də onu xəstəxanadan evə gətirirlər. Evdə cəmi 3 gün yaşayır. Avqustun 2-də dünyasını dəyişir.