Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi qələbəsinin əsas pay sahibi "qəhrəman şəhidlərimiz olub" desək, heç də yanılmarıq.
"RegionTV.info" xəbər verir ki, qəhrəman şəhidlərimizin ailələrinə dövlət tərəfindən müxtəlif müavinətlər verilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir çox işlər görülür.
Qürurverici haldır ki, Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımız sadə vətəndaşlar tərəfindən də böyük dəstəklə qarşılanır. Hər kəs öz səviyyəsində, imkanında şəhid olmuş, yaralanmış və iştirakçı olmuş hərbçilərə öz dəstəyini göstərir.
Bu günlərdə şəhid ailələrindən biri ilə tikinti materialları satan mağaza sahibi arasında maraqlı və ibrətamiz olay baş verib. Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova bu hadisə barədə ətraflı yazıb və bundan çox qürurlandığını dilə gətirib:
"Bu gün evdə bəzi görüləsi işlər var idi. Buna görə də lazım olan avadanlığı almaq üçün xırdavat mağazasına getməli oldum. Ora da ən çox kişilər gedir axı, qadınlar iki halda gedir, ya yoldaşı ilə nə isə seçmək üçün, ya da mənim kimi çarəsiz halda “evin kişisi də, qadını da mənəm” deyib, məcbur olur kişi işlərini görmək üçün lazım olan əşyaları gedib alsın.
Nə isə, getdim mağazaya, qapını açdım, içəri daxil oldum. İçəridə bir yaşlı qadın var idi, yoldaşı ilə işıqlara baxırdılar, seçirdilər. Qalanları kişilər idi. Hərə bir ustayla gəlib, siyahı gətirib, nə lazımdısa, deyirlər satıcıya, o da təşkil edir. Satıcı da 60 yaşlarında ağsaqqal bir dayı idi. Yanında da köməkçisi 18-20 yaş aralığında bir oğlan uşağı idi.
Nə isə, növbə mənə çatdı. "Buyur, qızım, nə lazımdı?" deyə satıcı dayı məndən soruşdu. "Dayı, mənə evdə iş görmək üçün bəzi alətlər lazımdı" dedim və davam elədim: "Çəkic, silikon kley tapançası ilə, kəlbətin, mismar və s.", - lazım olanları dedim. Dayı onları yığdıqca üzümə baxırdı diqqətlə nəsə məyus bir formada. Ödənişin nə qədər edəcəyini soruşdum, məbləği dedi.
Pulu ödəyəndən sonra dayı mənə dedi: "Qızım, olar sənə bir sual verim? "Dedim "buyur, dayı". "Bunları nə üçün alırsan, mismarın ölçüsü olur, silikon kley verdim sənə, amma nə yapışdırmaq üçün lazımdı? Yəqin, evdə yoldaşın iş görür, o bilər mismarın ölçüsünü filan, yəni ona görə deyirəm ki, səhv olmasın, əziyyət çəkib geri qaytarma bir də. Zəng vur, soruş, mən də bilim sənə nə verirəm, qızım", - deyə dayı məni vadar edirdi ki, zəng vurum bu dünyada olmayan yoldaşıma.
Nə edim, necə deyim ona ki, mənim yoldaşım bu dünyada deyil, ağsaqqal, evin kişisi də qadını da özüməm, yoxsa mən nə gəzirdim burada?.. Qürurum imkan vermədi ki, ona “yoldaşım yoxdu, Şəhid olub, bütün öhdəlikləri mənim çiyinlərimə buraxıb, bütün işi özüm görürəm” deyim.
Yalandan telefonu qulağıma tutdum, guya ki, zəng edib soruşuram. Yaxşı ki, mismarın ölçüsünü o anda yadıma sala bildim. Dayı, sən demə, hiss edibmiş, tanıyıbmış məni, amma büruzə vermirmiş. Xülasə, bu dünyada olmayan Farizimlə yalançı danışığımı bitirdim. Dedim, "dayı, 50-lik mismar lazımdı, kley də aboyun qıraqlarını yapışdırmaq üçün".
Dayı başa düşdüyünü işarə edib gedib dediyimə uyğun gətirdi lazım olanları. Çıxanda gördüm, dayı nəsə bir telefonuna baxır, bir mənə, ağsaqqalın gözləri dolub. Dedi "bala, bir dəqiqə gözlə". Gözlədim.
Özünü pis hiss etdiyini anladım. "Yaxşısınız, dayı?" - deyə sual verdim. "Yaxşıyam, narahat olma, qızım", - dedi. Əlini atdı kassaya, ödədiyim pulu geri qaytardı mənə. "Bu nə deməkdir, dayı? Niyə qaytardınız mənə pulu?" deyə sual verdim. "O pul ödənilib, qızım" deyə cavab verdi.
Anlamadım mən də, düşündüm ki, yəqin, kimsəsiz olduğumu hiss edib, pis olub. Pulu özünə qaytardım ki, "yox, dayı, çox sağ olun, özüm ölməmişəm ki, kimsə ödəsin".
Düzü, pisimə gəldi bir az. Dayı, pulu götürdü, amma heç nə demədi. Üzümə baxmaq istəmirdi nədənsə. Mən də pis oldum, öz-özümə qəhər məni boğdu ki, Allahım, mənim kimsəsizliyim bu qədərmi bəlli olur? Axı mən büruzə verməməyə çalışıram.
Birdən, dayı başladı söhbətə ki, "bala, bir şey deyim sənə. Mən səndən mismarın ölçüsünü filan özüm qəsdən soruşdum ki, görüm necə deyəcəksən. Telefonu yalandan qulağına tutdun, özün-özünlə danışırdın. Hiss elədim bunu. Səni mən tanıyıram, qızım. Çəkilişlərdə görmüşəm.
Bayaq telefonumu ona görə götürdüm ki, bir də baxım, görüm həmin çəkilişdəki qızsanmı, yoxsa oxşatmışam? Həmin qız imişsən, Şəhid Farizin yoldaşı. Sən təkliyini hiss etdirmək istəmədim, qızım. Sənə sözüm yoxdu", - deyə gözləri dolmuş halda başını aşağı saldı.
Bu sözlər mənə bir ox kimi dəydi. Elə pis oldum ki... “Ağlamayacam” dedim. Nə fayda. Onda gördüm ki, göz yaşlarım hicabımı isladıb artıq. Necə pis olmuşamsa, göz yaşlarım məndən ixtiyarsız öz bəndini qırıb. Üzümü çevirib gözlərimi sildim, ağladığımı görməsin. Sağollaşıb mağazadan uzaqlaşdım, gəldim evə. Xeyli də evdə ağlamışam, çöldə ürəyimi boşalda bilmədiyimə görə divarlardı mənim sirdaşım. Dərdimi onlara danışıb ağlayıram.
Bir az özümə gəldim. Selofanı açdım ki, işimə başlayım və orada gördüklərim məni yenidən yıxdı. Ödədiyim pul və üzərində "yoldaşınız pulu ödəyib, qızım" yazılmış bir kağız parçası... Dünyam yenidən yıxıldı sanki. Onu görəndən sonrakı halım, yəqin ki, hər kəsə məlumdur..."
Xəbəri paylaş