Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” - Rəşad Məciddən AYB-nin qalmaqalına reaksiya


“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” - Rəşad Məciddən AYB-nin qalmaqalına reaksiya

Yazıçılar Birliyinin qurultayında bəzi “jurnalistlərin” hərəkətlərini görəndən sonra bir daha əmin oldum ki, mətbuatımızın saflaşmasına ciddi ehtiyac var.

 

Bunu Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid jurnalistlərin AYB-nin qurultayına ayrılan vəsaitlərin hara xərclənməsilə bağlı sualına münasibət bildirərkən deyib.

 

"Heç bir ədəb-ərkan gözləmədən, bütün etik qaydaları tapdalayaraq yaşlı yazıçılarla, alimlərlə kobud davranan, mikrofonu müsahibinin ağzına dürtən, əndazə gözləmədən, qarışıqlıqdan və tünlükdən faydalanıb, müsahibini hövsələdən çıxarıb zorla istədiyi cavabı qoparmağa çalışan, qalmaqal təşnəsi bu “jurnalistlər”in hərəkətinə heyrətlənməmək mümkünsüz idi.

 

Bəzi özünü media adlandıran, “gözəgörünməz” sayt idarəçilərinin “sensasiya” yaratmaq naminə gəncləri əllərində oyuncağa - robota çevirməsini müşahidə eləmək də məyusluq doğururdu.

 

Amma orda kübar, özünü-sözünü bilən, müsahibə almaq üçün icazə istəyən, sərt sualları da mədəni şəkildə ünvanlayan peşəkarlar da vardı. Jurnalistikamız belə peşəkarlara söykənib inkişaf edə bilər.

 

“Babam mənə kor deyib, gəlib gedəni vur deyib” əxlaqını peşə prinsipi kimi qəbul edənlərlə yalnız xaosa yuvarlanmaq olar. İctimaiyyətin qınağı , peşəkar jurnalistlərin dəstəyi və “Media haqqında” qanunun tələbləriylə bu qarışıqlığa son qoyulmasının mümkün olacağına inanıram".

 

Qeyd edək ki, AYB-nin qurultayından sonra Xalq yazıçısı Çingiz Abdullayev ona ünvanlanan "Qurultayın keçirilməsinə ayrılan 203 min manat hara xərclənib" sualına "Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən" cavabı böyük qalmaqala səbəb olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də