Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qadın ona yaraşan idman növü ilə məşğul olmalıdır! - Füzuli Musayevlə MÜSAHİBƏ

Qadın ona yaraşan idman növü ilə məşğul olmalıdır! - Füzuli Musayevlə MÜSAHİBƏ

Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev Modern.az saytına müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Belə bir deyim var ki, professional idmançı olmaq üçün uşaq yaşlarından idmanla məşğul olmaq lazımdır. Görünən odur ki, siz bu stereotipi qırmısınız və 20 yaşından başlayaraq professional idmana gəlmisiniz. İdmana gec başlamağınıza baxmayaraq, uğurlu karyera qurmusunuz. Bunın səbəbini necə izah edə bilərsiniz?


- Uşaq yaşından idmanla məşğul olan insanların daha uğurlu olduğu barədə fikirə qatılıram. Həmişə bildirmişəm ki, 6-7 yaşından idmana başlamaq daha yaxşıdır. Mən hər şeyə fəlsəfi yanaşıram, uşaqlar ilk növbədə məktəbə gedib yazı yazmağı öyrənməlidir. Bundan sonra başqa sahələrə getmək olar. Həmişə tövsiyəm də o olub ki, uşaqlar ilk növbədə gimnastika və üzgüçülüyə getməlidir, beləliklə bədənləri də möhkəmlənəcək. Təbii ki, belə olan vəziyyətdə uşağın gələcəyi sağlam olur və onun qanında-canında professional idmanla məşğul olmaq varsa, mütləq gələcəkdə bunu edəcək.

Mənə gəldikdə isə həyatım digərlərinə baxanda daha fərqli olub. Ailədə 7 uşaq idik, o günlə indiki zaman, bizim uşaqlığımızla hazırkı uşaqların düşüncəsi fərqlidir. Biz həmişə çalışmışıq ki, valideynlərə kömək olaq. Yaşam tərzimiz lap yuxarı deyildi, baxmayaraq ki, biz Gəncədə yaşayırdıq, amma heyvanlarımız da var idi, biz də valideynlərimizə onlara baxmaqda kömək edirdik. Uşaqlıqdan fiziki olaraq güclü olmaq istəmişəm. Orta məktəbdə də idman dərslərində digər uşaqlardan fərqlənirdim, özüm yeni hərəkətlər öyrənirdim. Müəllim də o vaxt deyirdi ki, səndən yaxşı idmançı olar. Amma mənim həmin vaxtlar idmana o qədər də marağım yox idi, olsa da, yaxşı dalaşmaq üçün istəyirdim.
Sonradan əsgərlikdə başladım karate ilə məşğul olmağa və 1982-ci ildə bu səbəblə Bakıya gəldim. Beləliklə, 20 yaşımdan sonra idmana gəldim, həmin dövrdə mən fiziki olaraq yetəri qədər üzərimdə işləmişdim, sadəcə olaraq texniki tərəfi öyrəndim. Ondan bu yana fəlsəfəli idman növü - karate ilə məşğul oluram.
 

- Qeyd etdiniz ki, idmanı 6-7 yaşdan seçməliyik. Həmin yaşlarda özümüzə uyğun idman növünü necə seçə bilərik?
 

- Qız uşaqlarının gimnastika və ya qadına uyğun başqa idman növlərini seçmələri yaxşıdır. Bu gün karate, taekvando, cüdo ilə məşğul olan qızlarımız çoxdur. Bu idman növlərində qızların da olmasına çox yaxşı baxıram, çünki bu idman növlərində qadın qadınlığını itirmir, fiziki durumu yaxşı olur. Bu cür qadınlara kənardan baxanda normal görünüşlü olurlar, bədənləri kobudlaşmır. Uşaq yaşlarında möhkəmlənmək üçün bayaq da dediyim kimi, üzgüçülük və gimnastika sahəsi çox yaxşıdır. Bir il getsələr də bəsdir, daha sonra digər idman növlərinə keçid edə bilərlər. İndi oğlan uşaqları daha çox döyüş idman növlərinə - karate, boks, taekvando, cüdoya üz tuturlar. 7 yaşa qədər isə uşaqları idmana qoymaq düz deyil, yeni formalaşan bədənə birdən-birə ağır hərəkətlər vermək düzgün olmaz.
 

- Qadınlara uyğun olmayan idman növləri deyəndə hansıları nəzərdə tutursunuz?
 

- Mən bu məsələlərə hərtərəfli, bizim mentalitetə uyğun baxıram. Birincisi, geyim forması var, idmançılar cüdo, karate, taekvandoda kimono geyinirlər, eyni zamanda, stolüstü tenisdə geyim formaları yaxşıdır, amma güləş kimi yarışlarda kişilərə yaxın geyim forması geyinirlər və mən bunu dəstəkləmirəm. Üzgüçülük, gimnastika qadın üçün də, kişi üçün də yaxşıdır, onların xarici görünüşləri gözəl olur. Bu idman növlərində qadınları görürəm, amma ağır atletika, boks və güləşdə qadınları görmək istəmirəm.
 

- Mental dəyərləri bu qədər ön plana çıxarmaq qadınların təmsil olunduğu idman növlərində uğurlarımızı geri aparmır? Əgər bir qadın güləşlə məşğul olmaq istəyirsə, amma sırf xarici görünüşü kimlərəsə görə daha zərif görünsün deyə, niyə bundan imtina etməlidir?
 

- Bu, qadınların seçimi ilə bağlıdır. Bu gün mən də bir çox qıza məşqçilik edirəm, karate və taekvandoya xanımlar arasında maraq çoxdur. İdmanda olan qadınlar uzun müddət məşğul olmalıdır. Bizdə çox nadir qadınlar idmanla uzunmüddətli məşğul olur, çünki zamanı çatır, onlar ailə həyatı qururlar, ailə həyatı qurandan sonra həyat yoldaşından çox şey aslıdır. Bəziləri icazə verir, bəziləri yox, amma kişilərdə heç bir problem yoxdur. Evləndi, yenə də karyerasına davam edir. Bəzi kişilər də evlənəndən sonra idman karyerası yavaş-yavaş geriyə gedir. Bu gün gimnastika ilə məşğul olan qızlar maksimum 22-23 yaşına qədər karyeralarını davam etdirirlər, ondan sonra dayanırlar. 20 yaşında biz karyeraya başlayırıq, qadınlar karyerasını bitirir. Bu əslində mənim fikrim deyil, qadınların öz fikridir. Nəzər yetirsəniz görərsiniz ki, nadir qadınlarımız karyerasının sonuna qədər gediblər, çoxları karyerasını evləndikdən sonra bitirib.

- Siz də qeyd etdiniz ki, qadınların idmanda karyerasını davam etdirməmək səbəblərindən biri də ailə qayğılarıdır. Bəzi dünya səviyyəli idmançılarımızın belə bir iddiası var ki, qadınlar hər sahədə kişilərdən daha uğursuzdular, bura idman da daxildir. Siz bu fikirlə razısınız, idman sahəsində qadınların kişilərə nisbətən uğurlarının çox olmamasının səbəbi potensialla bağlıdır, yoxsa mental dəyərlərdən gələn məhdudiyyətlə?


- Bu fikri kim səsləndirirsə, düz demir. Qadınları idman və ya digər sahələrdə kişilərdən aşağıı görmək düzgün deyil. Bu gün ölkəmizdə qadınlar ən yuxarı vəzifədədir, bütün sahələrdə onların yolu açıqdır, hansı sahədə baxsanız, orada qadın var. Mən indiyədək gördüyüm və yaşadığım hadisələrdən nümunə gətirib danışmaq istəyirəm. Mənim idman zalımda 100-dən artıq uşaq olurdu. Onların içindən 5 nəfər professional idmançı çıxanda mən sevinirdim. Hər idmana gələnlər gələcəkdə dünya, Avropa çempionu olmağı arzulasa da, çox nadir hallarda axıra kimi çatdıra bilirlər. Valideynlərdən də çox şey aslıdır. Bayaq mentalitet dedik, bizim mentalitetə uyğun olaraq heç bir valideyn istəməz ki, qızı professional idmanla məşğul olsun. Çox nadir hallarda ona razılıq verirlər. Hər bir qız da istəyir ki, ailəsi olsun, ailə olandan sonra da çox şey artıq həyat yoldaşından aslıdır. Mənim tələbələrim olub ki, hər ikisi idmançıdır, ailə həyatı qurandan sonra da karyeralarını davam etdiriblər, amma bu kimi nümunələr əsasən hər iki tərəf idmançı olanda özünü doğruldur. Bir çox ailələrdə isə şərt qoyulur ki, idmanla məşğul olmamalısan. Hələ indi-indi bu məsələlər düzəlir, 20 il bundan əvvələ qədər qadınlar ailə həyatı qurandan sonra evdar qadın olmalı idi, o ki qalsın idman və sair. Görürsən ki, ailə qurmazdan öncə elə universitetdə oxuyur, elə savadlıdır ki, bilirsən ki, istəsə, savadına görə yaxşı yerlərə gedib çıxa bilər. Amma ailə qurandan sonra ortada sevgi-məhəbbət, hörmət varsa, qadın özü bizim mentalitetlə razılaşır. Mən öz payıma deyirəm ki, idman sahəsində olmasa da, digər sahələrdə qadınların evləndikdən sonra fikrini dəyişməsinə yaxşı baxmıram. Əgər qadın bacarıqlıdırsa, ona yol verməlisən.
 

- Amma idman sahəsində məhdudiyyətləri normal qarşılayırsınız.
 

- İdman sahəsində bəli. Bayaq dediyim kimi, qadınlara uyğun idman növləri ilə məşğul olurlarsa, problem yoxdur, amma ailə quranda istər-istəməz fəaliyyətlərinə təsir edir. Gələcəkdə həmin qadının uşağı olacaq, o uşağa kim baxmalıdır? Qadın idmanla məşğul olacaq ya uşaqla? Məsələn, dəfələrlə dünya, Avropa çempionu olan güləşçimiz Mariya Stadnik azərbaycanlı olsaydı, sizcə, karyerasında o qədər irəliləyə bilərdi? Mənə bir nəfər azərbaycanlı qadın göstərin ki, sona qədər karyerasını apara bilsin. Bunun da səbəbi mentalitetdir. Mariya Stadnik özü də, həyat yoldaşı da ukraynalıdır, hər ikisi güləşçi olub, ona görə də hər iki tərəf buna normal baxır. Bizdə isə əksinə, qızlar hətta 13 yaşında ailə həyatı qurub. Bəzi kəndlərdə hələ də valideynlər tərəfindən qızların məktəbə getməsi normal qarşılanmır.

 

- Qeyd etdiniz ki, qızların idmandan uzaq olmasının bir səbəbi də valideyn qadağasıdır. Oğlunuz uzun müddət professional idmanla məşğul olsa da, qızınız bu sahəyə o qədər də doğma olmayıb. Ata kimi icazə verməmisiniz ya öz seçimi idi?
 

- Öz seçimi idi. O, oxumağı seçdi.
 

- İstəsəydi imkan verəcəkdiniz?
 

- Təbii ki. Hətta bir müddət bacım qızı ilə bizim məşqlərə gəlirdilər. Gördüm ki, elə adını eşidib gəliblər, özləri də bir müddət sonra qərara gəldilər ki, bu sahə onlarlıq deyil, idmandan uzaqlaşdılar.
 

- Dünyanın hər yerində milli komandalar içində xarici vətəndaşlar olur. Amma bir çox sahədə Azərbaycan bayrağı altında yalnız xarici vətəndaşlar ölkəmizi daha çox təmsil edir, əsasən də qadın idmançılar.
 

- Bayaq da dediyim kimi, burada mental dəyərlər olduğu üçün mövcud vəziyyət bu cür irəliləyir. Bizimkilər idmana gəlir, ailə qurdu bitdi. Zülfiyyə Hüseynovanı lap gəncliyindən tanıyıram, sambo, cüdo üzrə dəfələrlə dünyanı fəth edib, Avropa, dünya çempionu olub. O da ailə qurdu və karyerasını bitirdi. Buna mən normal baxıram. Təmsil etmək məsələsinə gəldikdə isə reallığa baxsaq, bizdə çox nadir idman növləri var ki, öz idmanşılarımız sırf orada uğurlu olur. Məsələn, şahmatda bizim çox uğurlu, güclü qızlarımız var, onların qarşısında duran heç bir məhdudiyyət də yoxdur, ailə də qursalar, karyeralarına davam edirlər.
Amma baxın, bizdə qadın voleybolu var, zamanında dünya, Avropa çempionatında çox uğurlu nəticələr əldə edirdik. O komandanın tərkibindəkilər xaricdən gələn qadınlar idi, azərbaycanlı xanımlarsa çox az idi. Burada genetika söhbəti də var. Voleybolu hündürboy qadınlar oynamalıdır, bizim ölkədə bu cür qadınları haradan tapaq?! Olanını da məcbur gətirmək olmur, uşaqlıqdan bu marağı yaratmaq lazımdır. Mənim də kişilərdən ibarət voleybol kulubum var, amma baxıram qadınlardan komandalar yaranıb və görürəm ki, vətəndaşlığı olmasa da, azərbaycanda böyüyən, burada yaşayan əcnəbi qadınlar üstünlük təşkil edir. Yenə də gəlirik genetik məsələyə.
 

- Azərbaycanlıların genetikası hansı idman növlərində uğurlu olmağa imkan yaradır?


- Ən yaxşısı elə şahmatdır, çünki bizdə bütün dövrlərə baxanda görürük ki, şahmatda uğurlarımız həmişə olub.


- Belə çıxır ki, Azərbaycanda fiziki güclü kişilərdən çox, zehni güclü qadınlar var?
 

- Ağıllı qadınlar var, həmişə olub. Tarixə baxanda bizim qadınlarımız kişilərlə birlikdə döyüşə gedib, çiyin-çiyinə vuruşub. Bu da bizim mental dəyərimizdir – mərd, cəsur, kişilərdən geri qalmayan qadınlar. Mən qadınları qadına uyğun idman növlərində görmək istəyirəm. Qadına uyğun olmayan idman növlərində heç görmək istəmirəm. Hətta indi qadınlar arasında qaydasız döyüşlər də keçirirlər, mən heç kişiləri bu idman növündə görə bilmirəm, o ki qala qadınları. Baxırsan ki, normal görünüşlü qadındır, amma çıxır üzü-gözü dağılır. Amma cüdo, karate qadınlara yaraşan idman növləridir. İrina Zaretska dəfələrlə Avropa, üç dəfə dünya çempionu olub. Hələ də davam edir, bizi təmsil edir, inşallah, yrnə davam edər. Bir müddət əvvəl ailə həyatı qurdu, övladı da oldu. Bu yaxınlarda övladı ilə birlikdə gəldi, bizimlə də görüşdü, 1 il idi ki idmandan uzaqlaşmışdı, dedi ki, tədricən  qayıdacaq. Özü də deyir ki, istəyirəm 4-cü dəfə dünya çempionu olum. Çünki məqsədi, bacarığı da var. O da milliyətcə ukraynalıdır. Bizimki qayıdardımı? Bizdə də var idi Avropa oyunlarının qalibi - Fəridə Əzizova, İlahə Qasımova. Haradadılar indi? Yoxdular, ailə həyatı qurdular və uzaqlaşdılar.
 - Deyəsən kollektiv idman oyunlarında da Azərbaycan genetikası qalib gəlməyə imkan vermir...


- Kollektiv oyunlarda qadınlar da, kişilər də müxtəlif idman növlərində - futbol, voleybol, həndbolda təmsil olunurlar, amma beynəlxalq səviyyəyə çıxa bilmirlər, çıxmayacaqlar da. SSRİ dövründə Lyudmila Şubina, Rəfiqə Şabanova həndbol sahəsində öz sözünü deyib, Olimpiya çempionu olub, amma harada? SSRİ yığma komandasının tərkibində. Demək Azərbaycanda bu idman növü var idi ki, onlar da SSRİ səviyyəsində təmsil olunublar. Bu gün desək ki, azərbaycanlılardan ibarət həndbol komandası var, yanılarıq. Sadəcə legionerlərdən ibarət milli komanda yığa bilərik, çünki mentalitet burada da öz sözünü deyir.

Futbolda komandanı, məşqi də görürəm, xaricilərlə bizimkilərin oyununda yer-göy qədər fərq var. Kişilərdən ibarət futbol, həndbol pis vəziyyətdədir, o ki qalsın qadınlarınkı ola. Kişilərdə uğursuz olmağımızın səbəbi o sahədə yaxşı oynaya biləcək idmançılarımızın sayının azlığıdır, ona görə də komanda yığa bilmirik. Cüdo, taekvando, karatenin komanda oyunlarında kifayət qədər uğurlarımız var. Bu oyunlarda komandada 7 nəfər olur və dəfələrlə dünya, Avropa çempionu olmuşuq, kuboklar udmuşuq. Komanda oyunlarında uğur 7 nəfərdən o yana keçməmək şərti ilə olur. Bir məsələ də bu idman növündə individual oynayan idmançılarımızın hamısının güclü olması ilə bağlıdır, onları bir yerə yığanda yenə də həmin idmançılarımız rəqibləri ilə döyüşürlər. Futbolda isə ehtiyat heyəti ilə birlikdə 20 nəfəri bir yerə yığırıq, hərəsinin bir xasiyyəti var, hamısının səviyyəsi fərqlidir və təbii ki, eqoizm də öz sözünü deyir. Ona görə mən düşünürəm ki, individual idman növündə qalib gələ bilərik. Məsələn, bizim ən yaxşı futbolçularımızdan biri Mahir Əmrəli idi, o da getdi xaricdə uğur qazandı, çünki orada onun səviyyəsində idmançılar çoxdur.

- Bəs məşqçi, tədris...
 

- Söhbət məşqçidən getmir. Boş şeydir. İdmançının səviyyəsi yuxarı olmalıdır ki, məşqçi ondan nəsə tələb etsin.
 

- Kifayət qədər dünya çempionu tələbələriniz olub. Siz onları öyrətməsəydiniz, necə uğur qazanacaqdılar?
 

- Futbolda fərq çoxdur. Məsələn, “Qarabağ” birinci yerdə gedir, bu, klubun məşqçisindən asıldır. Onun yığdığı komandadan asılıdır. Niyə uzağa gedirsiniz, komandanın heyətində nə qədər azərbaycanlı var. Baş məşqçi, güclüləri axtarıb, eyni səviyyədə olanları bir yerə yığır. Birinin səviyyəsi yuxarı, digəri aşağı olanda bu oyun alına bilməz. Bir futbol komandası göstərin ki, heyəti sırf azərbaycanlılardan ibarətdir. Fövqəladə Hallar Nazirliyinin voleybol komandası yaradıldı, kifayət qədər xərc tələb edən iş idi. Bildirdim ki, Azərbaycanda mənim işçilərimin içərisində iki nəfər voleybol oynaya bilən adam çıxara bilərik, bundan artıq yığa bilməyəcəyik. Məşqçi də azərbaycanlıdır. Komanda getdikcə möhkəmlənir və uğurları da artacaq. “Xilasedici”komandası Azərbaycan çempionatında liderdir, hamını uda-uda gəlirik, dünya korparativ oyunlarında komandamız Moskvada çempion oldu, amma heyətdə 6 nəfərdən sadəcə 2-ni azərbaycanlı çıxara bilirik.
 

- 10 il əvvələ qədər valideynlər fikirləşirdi ki, idman ikinci planda olan bir şeydir, amma indi valideynlər idmana fərqli yanaşırlar, uşaqları bir az böyüyən kimi idmana yazdırırlar. Bəlkə sizin dediyiniz kadr çatışmazlığı yaxın 10-20 il ərzində həll olunar?
 

- Valideynlər nə qədər uşağına çox müdaxilə edirsə, uşaq o qədər uğursuz olur. Onlara azadlıq vermək lazımdır, uşaq özü seçimini etməlidir, hər kəsin gələcəyi özündən asılı olmalıdır. Valideynlərin artıq idmana birinci məsələ kimi baxmasının səbəbi dövlətin idmançılara göstərdiyi hərtərəfli qayğıdan, maliyyə dəstəyindən irəli gəlir. Uşaq yaşlardan övladlarını idmana qoymaq onların sağlamlığı üçün yaxşıdır, amma sonrasını deyə bilmərəm. Dövlətin apardığı idman siyasəti, proqramı idmançıları yetişdirməkdən, onların sağlam olmasından, düzgün vərdişlərə yiyələnmək, sağlam gələcək qurmaqdan ibarətdir. Təbii ki, yüksək yer tutan idmançılarımıza həm də dövlət tərəfindən yüksək məbləğdə maddi dəstək göstərilir. Uşaqlar gedib olimpiya və dünya çempionu olanda ağılagəlməz mükafat verilir. Buna görə də valideynlər idmana üstünlük verirlər. İndi idmana maraq bu yöndədir. Pisdir deyirəm, çünki valideynlər övladlarının savadından çox, bu istiqamətə üstünlük verirlər.

 

- Ölkəmizdə idman məşqçiləri və hətta idman müəllimləri haqqında belə bir fikir var ki, onlar sərt olmalıdır, lazım gələrsə, idmançılarına qarşı kobud davranmalıdır və sair. Bu baxımdan idmançıların da eqoist yanaşması məşqçilərdən gəlmirmi, əsl məşqçi necə olmalıdır? İdmanla yanaşı, hansı mənəvi dəyərlər öyrədilməlidir ki, kollektiv və fərdi oyunlarda qalib gələk?
 

- Əksər idmançı zala girəndə onun əsas məqsədi çempion olmaq olur, onun üçün yazı-pozu bilmək o qədər də önəmli deyil. Elə valideynlər üçün də belədir, görürlər uşaqları oxumağa meyilli deyil, idmana gətirirlər, bu tamamilə səhv yanaşmadır. İdmançı hər şeydən öncə savadlı və mənəvi dəyərlərə sahib olmalıdır. Azərbaycanda ilk şəxsi zal məndə olub, hətta açılışında İlham Əliyev də iştirak edib. Zalda bayrağımızı asılıb. Karatedə belə bir şey var, girən kimi zala baş əyirsən, ona görə ki, sənə burada məşq etmək üçün imkan yaradılıb, müəlliminə bu sənəti sənə öyrətdiyinə görə baş əyirsən, statusca özündən böyüyə baş əyirsən ki, o yolu keçib, hörmət qazanıb, mən də belə olmaq istəyirəm. Qapıdan girən kimi bayrağımızı asmağım və ona baş əymək iki məna verirdi: həm bayrağa, həm zala etimad göstərmək. Bu mənim fəlsəfəmdir. Hələ uşaq yaşdan idmançılarımızı bu cür tərbiyə edirəm ki, onlarda vətənə, millətə, bayrağa sevgi yaransın. Həftənin beş günü dərsimiz olurdu, uşaqlarımız hamısı cərgəyə düzülürdü. Məşqdən sonra uşaqları otuzdurub, onlardan gözlərini yummağı və etdiklərini gözlərinin qabağına gətirmələrini istəyirik. Hamısını etdikdən sonra əllərinə, dırnaqlarına, gözünün içinə baxırdım ki, uşağın özünə yanaşması necədir.  Dırnaq uzundursa, əlinə vururdum ki, gələn məşqə bunu görməyim. Həftədə iki dəfə - birinci və beşinci günlərdə gündəliklərini yoxlayıram. Qiymətlərinə baxıram, yaxşdırsa deyirəm afərin, qiymətləri zəifdirsə, deyirəm ki, birinci günə kimi qiymətləri düzəltməsən, səni məqşə buraxmayacam. Bunların hamısı uşaqların gələcəyi üçündür. Bayaq dediyim kimi, zalda yüz nəfərdən beşi professional idmançı çıxsa, şükr edirəm, amma mən yüz nəfəri tərbiyə edirəm. Sənətim budur, bir məşqçi üçün ən önəmli məsələ tərbiyəli idmançılar yetişdirməkdir. Sonrasına baxarıq. Birincisi, uşağa məşğul olduğu idman növünü sevdirmək lazımdır. Bundan sonra məşqə buraxmayacam demək onun üçün bilirsiniz nə olmalıdır? Özünü öldürməlidir ki, mən məşqə gəlməliyəm, dərslərini oxumalıdır. Hər şey bundan irəli gəlir. 30 ildən çoxdur məşq keçirəm. Mənim müxtəlif tələbələrim olub. Kimlərin övladlarına məşq keçmişəm. Hamısı yüksək vəzifələrdədir. Bu gün də məni görəndə inanın, vəzifəsindən asılı olmayaraq dayanıb baş əyir. Baxın, uşağın tərbiyəsini mən vermişəm, həmin tərbiyə də illərdir onun mənəviyyatında qalıb. Ona görə də uşaqlar üçün idmanın birinci planda yox, oxumağın, tərbiyənin ön  planda olması lazımdır. Ən əsası odur ki, tələbələrinin düşüncəsi də, özü də sağlam olsun. Onda sən məşqçi kimi udmusan. 5 nəfər dünya çempionundan artıq 95 nəfərə tərbiyə verməyin ondan üstündür. Mənim fəlsəfəm budur.
 

- Füzuli müəllim, karate Şərqdə yaranan idman növüdür. Burada siz həm də Şərq fəlsəfəsindən istifadə edirsiniz. Azərbaycan məşqçiləri buna nə qədər əhəmiyyət verirlər? Nə qədər axtarıb, araşdırırlar?
 

- Yapon fəlsəfəsi mənim həyat məktəbim olub. Mən karateyə gələndə fiziki baxımdan güclü olduğumdan deyirdim ki, yaxşı dalaşacam. Kinolardakı kimi dalaşmaq istəyirdim. Karatenin dərinliyini bilmirdim. Sonradan başa düşdüm ki, karate dalaşmaq üçün deyil. Hətta karateni dərindən öyrənəndən sonra mən döyülürdüm də. Əvvəl dərinliyini bilmirdim. Oxumağa, seminarlara getməyə, məşq etməyə başlayandan sonra onun ayrı sahəsini - karate do-nu seçdim. Kara-boş, te-əl, do da yol deməkdir. Yəni boş əllə yola. Bunun açıqlamasını heç kəs verməyib. Problemimiz də bundadır. Mən onun dərinliyinə getdim. Yol sənə verilir, bu sənin həyat yolundur, sən özünü tapmalısan. Boş əllə həyata gəlirsən və burada özünü tapmalısan. Bu da sənin həyatındır. Bu gün mən karatenin hesabına Füzuli Musayev olmuşam. Onun fəlsəfəsini öyrənəndən sonra həyatımı düzgün yaşamışam. Bu yaşamamla da belə yerlərə gəlmişəm.
 

- Karate və taekvando arasında fərq nədir? İki idman növündə də uğur qazanmaq çətin deyil?
 

- Tamamilə bir-birindən fərqli texnika ola bilər. Amma fəlsəfələri eynidir. Texniki fərq bundan ibarətdir ki, taekvandoda əl zərbəsi 10 faiz, ayaq zərbəsi isə 90 faizdir. Karatedə isə hamısı var. Taekvandoda badalaq vurub yıxmaz olmaz, amma karatedə buna görə xal verirlər. Fəlsəfələri eyni, texnikaları fərqlidir. Fərqlilik həm də adlarında özünü göstərir. Amma uğurun əsası fəlsəfədə gizlidir.

- Professional idman növü ilə məşğul olmaq şəxsi həyatınıza kömək edibmi?
 

- 21 il polis orqanlarında çalışmışam və ən aşağı pillədən-kiçik əməliyyat müvəkkilindən şöbə rəisliyinə qədər gəlib çıxmışam. Polkovnik-leytnant olandan sonra Fövqəladə Hallar Nazirliyinə gəldim. Təbii ki, cinayət axtarış şöbəsində işləyən zaman cinayətkarlarla mübarizə zamanı karate çox köməyimə gəldi. Hətta gecə 3-də evə yorğun gələndə məni öldürmək istəyirdilər, güllə çiynimədəydi, amma məni öldürə bilmədilər. Karateyə görə oradan sağ çıxa bildim.

- 18 yaşlı nəvənizin olduğunu təxmin eləmək çox çətindir. Sağlam olmaq idmanla başlayır. Sağlam olmaq üçün idmandan əlavə nə edirsiniz?
 

- Əfsuslar olsun ki, bu gün qidadan çox danışırıq, amma yenə də bildiyimizi edirik. Çox yemək olmaz. Bu yüz faizdir. Kim deyirsə ki, ət yemək olmaz, düz deyil. Hamısının öz yeri var, amma bunun norması var da. Doyduqdan sonra yemək olmaz axı. Mədə doysa da, göz doymur, deyir bir dənə də bundan ye. Normaya riayət etmək lazımdır. Əfsuslar olsun ona görə deyirəm ki, bizim vaxtımızda qidaların hamısı demək olar ki, təbii idi, indi haradan nə gəlir bilinmir. Elə yağları götürək, tərkibində nə var, mənşəyi nədir, bilmirsən.
Bizim vaxtımızda kərə yağını nənəm, anam özləri düzəldirdilər. Yanlarında dururdum, nehrəni yırğalıyırdırlar, deyirdim ki, bunlar nə edir? Sonda ondan yemək də bişirirdilər. Qida çox vacibdir. Mənə öz yaşımı vermirlər. Fərqliliyim ondan ibarətdir ki, hər şeyi normasında edirəm.
 

- Bildiyimizə görə, özünüz də yemək bişirənsiniz…Ən çox hansı yeməkləri bişirirsiniz?
 

- Ooo, əsas kabablardı. Qazan yeməklərini də yaxşı bişirirəm. Düzdür, dərinə getmirəm. Dolma-filan bişirmirəm. Amma aş bişirə bilirəm. Bişirdiyim qazan kababını məni tanıyan nə qədər yaxınlarım, dostlarım varsa, bəyənirlər. Qonaq çağırdığım hər kəsdən "nə bişirim",- deyə soruşanda “qazan kababı” cavabını verirlər. O yemək tamamilə fərqlənir. Qazan kababı çox dadlı yeməklərdən biridir. Mən əsas yeməyin hazırlanma prosesini sevirəm. Məndə belə bir xasiyyət var ki, yemək bişirəndə bəh-bəh deməsəm, dad olmur. Dostlarım manqalın yanında dururlar, deyirlər ki, “Füzuli bəs bəh-bəh hanı? O olmasa, bunu yeyə bilməyəcəyik”. Mən də bəh-bəh edirəm. Bunun özünün ləzzəti var. Bütün bunlar həyatın anlarıdır. Bizə ikinci dəfə həyat verilməyəcək. Deyirlər e, o dünyaya düşəcəksən, belə olacaq, elə olacaq. Onu hələ bilmirəm. Gedib-gələn yoxdur ki, desinlər biz getdik orada beləydi, gəldik. Bu insanların düşüncəsi və inamıdır. Təki belə də olsun. Mən yenə də, bunu öz formamda yozuram. Bu düşüncə ona görə yaranıb ki, insanlar bu dünyada normal və düzgün yaşasınlar, cəhənnəmdən qorxsunlar. Cəhənnəmlik insanlar isə təəssüf ki, çoxdur. Mən hər dəfə rayonu, bölgəni, gözəl guşələri çəkib paylaşanda “mənim gözəl vətənim, bu vətəni sevməmək mümkün deyil, vətəni qoruyun və yaşamağı sevin, yaşasın Azərbaycan!” yazıb statusa qoyuram. Bunu hər zaman deyirəm. Kiməsə görə demirəm, içimdən gəlir. Bu vətəni sevirəm, onun uğrunda can qoymağa hazıram, əvvəllər can qoymuşam da. Vətənimlə fəxr edirəm. Bizdə dövlət tərəfindən idmançılara yaradılan şərait, qayğını başqa ölkələrdə görməmişəm. Dünyanın ən tanınmışları, məsələn, Mayk Tayson yüksək səviyyədə döyüşürdü, vardı, indi isə o yoxdur. Bizdə belə deyil. İdmanı neçə il əvvəl bitirmişəm. Amma mənə dövlət tərəfinfən olan hörmət görün nə səviyyədədir. Təbii ki, məndən də çox şey asılıdır. Düzgün yaşamalıyam ki, hörmət olsun. Yoxsa cinayət törədim, avaraçılıq edim, nolacaq, hörmətim türmədə olacaq. İnsan gərək həyatını düzgün yaşasın.
 

- Uzaq Şərq fəlsəfəsi ilə maraqlanan biri kimi bir sual da verim. Şərq fəlsəfənin içərisində belə bir anlayış da var ki, insan mənəvi olaraq sağlam və gənc qalmalıdır. Mənəvi olaraq gənc qalmaq üçün nə edirsiniz? Birincisi, deyirlər ki, mütləq sevgi olmalıdır. Bu gün Füzuli müəllimin həyatında sevgi varmı? "Uşaqlığın son gecəsi" adlı musiqi də yazmısınız. Roka marağınız var. Bu gün yenə musiqi yazırsınızmı? Sizi musiqiyə aparan nə olub?
 

- İnsanı yaşadan nədir? Məsələn, 1 saat - saat yarım burada oturacağıq. Bundan sonra hər hansı musiqini dinləməsəniz, o ab-havanı hiss etməsəniz, gününüz necə olacaq? Mən musiqini də sevirəm. Mən "həyatı sevirəm" sözünü elə belə demirəm ki. “Uşaqlığın son gecəsi” musiqisinin sözlərini də, musiqisini də mən yazmışam. O zaman roka yaxın idim. Buna görə də roku sevirdim. Bu gün də musiqlərim var. İndi bir az başqa işlərə başım qarışıb. Məsələn, bəzən maşınla harasa yol gedəndə, beynimdə bir mahnı fırlanır, görürəm ki, eşitmədiyim melodiyadır. Tez onu zümzümə edib mikrofonla yazıram ki, sonra yadımdan çıxmasın. Evə gəlib gitaranı götürüb ifa edirəm. Onun akkordlarını tutub bağlayıram. Davamı oradan gedir. Özümdən asılı deyil, mikrofona qoyub, sonra gitara ilə onu yazıram. Oturub qulaq asdıqdan sonra dostlarıma zəng edirəm ki, belə bir şey gəlib, görün bundan nə çıxartmaq olar. Qulaq asan kimi deyirlər ki, “Füzuli, çox maraqlı harmoniyası var”. Sonra oturub bacarıramsa, sözləri yazıram. Mən rusdilli məktəbi bitirimişəm. Özüm də məəttəl qalıram ki, Azərbaycan dilində necə yaza bilirəm. Yazıram sonra yollayıram Baba Vəziroğluna. O mənimlə dostdur. Deyirəm, bunu korrektə elə. O da mənə cavab verir, sözlərin yerini dəyişirəm. 
Mənim "Qarabağ" mahnımı eşitmisiniz? O mahnı Vətən müharibəsində yazdım. Müharibədə hələ bizə ehtiyac yox idi, amma yenə də içimizdə orada olmaq keçirdi. Məndə xidmətimi bir növ belə gördüm.

- Kimlərə qulaq asırsınız, Füzuli müəllim, Azərbaycan musiqisini necə dəyərləndirirsiniz?
 

- Azərbaycan musiqisi dünyanın bir nömrəsidir. Bizdə musiqi çox şaxələnir.  Belə musiqi dünyada yoxdur. Məsələn, rokun istiqaməti ancaq rokdur. Amma bizim muğamımızda da, klassik musiqimizdə də rok var. Eləcə də bizim rokumuzda klassika var. Bəyəndiyim çoxlu müğənni var. Muğamda Alim Qasımovu dinləyirəm. Şansonlardan bir nömrəli dostum, qardaşım Eyyubdur. Ədalət də şansondur.  Estrada da sevdiyim, hörmət etdiyim Zamiq, eləcə də Fuad Musayev var. Fuad Musayevə mən dəstək olmuşam. Azərbaycanda çox sayda müğənni var. Hamısı eyni səsdə oxuyur, hətta musiqiləri də eynidir. Amma Zamiq fərqlidir. Zamiqə arada musiqi göndərirəm. Deyir ki, “müəllim, sadəcə möhtəşəmdir”. Mən də ona deyirəm ki, "yalandan tərifləmə". Deyir "yox,  vallah xoşum gəlir".  Hərdən deyirəm “bir gün səninlə duet oxuyaram”. Mən zarafat edirəm, amma mənim Elnarə Xəlilovayla duetim var. Mənim mahnımı oxuyub. Məndə çox şeylər var. Maraqlı şeylərim çoxdur.  Xoşuma gəlir ki, ətrafımdakı insanlar bundan zövq alsınlar. İstiqaməti verirəm ki, bax belə yaşayın.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də