Rəşad Məcidin kifayət qədər təcrübəsi, insanlarla ünsiyyət qurmaq bacarığı var
Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultay zamanı keçirilən səsvermə nəticəsində "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Bundan sonra Şuranın İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
Yeni tərkibli Mətbuat Şurasından gözləntilər haqqında danışan qurumun İdarə Heyətinin ictimaiyyət nümayəndələri arasından seçilən üzvü, tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli qeyd edib ki, müəyyən fikirlər söylənilir və Şura haqqında ümidlər var:
"Xüsusilə yeni sədr işini necə quracaq, nə dəyişəcək, bunlar aktual suallardır. Amma mən bəri başdan media cameəsinə belə bir mesaj bildirməliyəm ki, biz Mətbuat Şurasının sistemdəki yerini və rolunu həddindən artıq şişirtmişik. Düzdür, uzun illər medal sahəsində hökumətlə çalışan yeganə jurnalist təşkilatı olub, medianın bu və ya digər sahələri ilə bağlı, o cümlədən etik, mənəvi, əxlaqi məqamlarla bağlı özünün şikayətlər komissiyasında məsələləri müzakirə edib. Ona görə də, bizim cəmiyyətdə belə təəssürat formalaşıb ki, mətbuatın bütün sahələrinə Şura cavabdehdir. Əslində bu fikirə düşməyimizə əsaslar da olub. Xüsusilə, keçmiş KİVDF ilə Mətbuat Şurasinin birgə çalışması, bəzi məsələlərdə qarşılıqlı münasibət qurulması, evlərin və adların verilməsi kimi subyektiv proseslərdə Şuranın iştirakı cəmiyyətdə qurumun çox da müsbət olmayan obrazını yaradıb. Bu, özünü tənzimləmə qurumudur. Qanunla deyil, etik qaydalar əsasında mətbuatın tənzimlənməsini həyata keçirməkdir. Etik kodeksə əsaslanan media siyasəti aparmalıdır".
Qulu Məhərrəmli vurğulayıb ki, KİVDF-nin ləğvindən sonra yaradılan Medianın İnkişafı Agentliyi birbaşa dövlət tənzimlənməsidir və mətbuatla bağlı əsas məsələlər orada həll olunur:
"Mətbuat Şurası yalnız etik normalara uyğun fəaliyyət əsasında mövcudluğunu davam etdirir. Yəni jurnalistlərin etik kodeksə necə əməl etdiyini, bununla bağlı məqamları tənzimləyir. Şuranın Şikayətlər komissiyası məhkəməyə qədərki prosesləri həll edir. Bəzən məhkəməyə gedib çıxmağa ehtiyac qalmır, hakimiyyətlə dialoqlar aparılır və s. Bunun üçün Mətbuat Şurası o qədər şəffaf qurum olmalıdır ki, ona həm cəmiyyət, həm də mətbuat nümayəndələri inansın. Hər şey nizamnaməyə uyğun, şəffaf olmalı, ictimai əxlaqa, azad mediaya söykənməlidir. Redaksiyaların mətbu siyasətinə, onların müstəqilliyinə heç bir halda müdaxilə etmək olmaz. Hansısa "qara siyahı"lar düzəltmək, kimisə bura salmaq, "reket jurnalist" adlandırmaq, haqqında neqativ rəy yaratmaq Şuranın fəaliyyətindən kənar hərəkətlərdir.
İdarə Heyətinin qeyri-formal toplantısı keçirildi. Orada bu məsələlərə toxunduq, qeyd etdik ki, mətbuat mötəbər olmalıdır. Müəyyən milli maraqlar var ki, onları tənzimləmək lazımdır. Jurnalist gerçəyi deyəndə, bununla dövlətin də möhkəmlənməsini təmin edirik. Yoxsa yalandan dövlət bayrağını, başqa atributları başının üstündə asmaq, onların altında "gözə kül üfürmək"lə fəaliyyət göstərmək zərərlidir.
Bizim güclü mətbuatımız olmalıdır. Qəzetlərin yayımı ilə bağlı məsələlər həll edilməlidir. Qəzetçilik önə çıxmalıdır. Ənənəvi mətbuatı tarixin arxivinə verməli deyilik. Onlar da silkələnməlidirlər. Hamı buna xidmət etməlidir ki, mətbuat həm cəmiyyətə xidmət etsin, həm də korporativ maraqları qorusun. Ona görə, yeni seçilmiş sədrin - Rəşad Məcidin kifayət qədər təcrübəsi, insanlarla ünsiyyət qurmaq bacarığı var. İnanırıq ki, Mətbuat Şurasının İdarə Heyəti də bu və ya digər məsələlərdə sədrə yardımçı olacaq".