3 aprel 2024-cü ildə Gürcüstanın hakim partiyasının bir il əvvəl minlərlə insanın iştirak etdiyi etiraz aksiyalarının nəticəsində geri götürdüyü "Xarici agentlər haqqında" qanunu yenidən parlamentin gündəliyinə qaytarmasından sonra cəmiyyət şərti olaraq iki yerə parçalanıb.
Son altı ayda Gürcüstanın siyasi palitrasında artan ziddiyyətlər, kəskin qütbləşmələr 26 oktyabr seçkilərinin əhəmiyyətini daha da artırıb. Siyasi qüvvələrin ritorikasına, diskursda olan mövzulara diqqət yetirəndə belə təəssürat yaranır ki, parlament seçkilərinin nəticəsində ölkə vətəndaşlarından, siyasi partiyalardan çox Qərbin və Rusiyanın Gürcüstandakı taleyi həll olunacaq. Tərəflər sərt şəkildə bir-birini Rusiya və Qərbin marioneti olmaqda və Gürcüstanın mənafeyini satmaqda ittiham edir.
Müxalifət partiyaları Qərblə münasibətlərin kəsilməsinin Gürcüstanı dərin siyasi və iqtisadi uçruma yuvarlayacağını, hakim siyasi qüvvə isə əksinə, Qərbdən asılılığın azaldılmasının Çin və Rusiya investisiyalarının ölkəyə cəlb olunması ilə iqtisadiyyatın daha da inkişaf edəcəyini bildirir.
Doğrudur, gürcü cəmiyyəti sabahkı seçkidə qarşıdakı beş ildə dövlətinin hansı geosiyasi vektora yönəlməsi və sosial-iqtisadi şərtlərin hökm sürməsinə qərar verəcək. Bununla yanaşı, Qərb institutlarının, Avropa İttifaqı və ABŞ-ın rəsmi şəxslərinin cari ilin aprel ayından etibarən verdiyi bəyanatlar, onların müxtəlif layihələr çərçivəsində Gürcüstana ayrılan maliyyə vəsaitlərini dondurması və İvanaşvili iqtidarına artan digər təzyiqləri, eyni zamanda Rusiyanın "Gürcü arzusu" hakimiyyətinin mövcud siyasi kursunu təqdir edərək Qərbi siyasi çevriliş cəhdində suçlaması, sərt şəkildə tənqid etməsi göstərir ki, 26 oktyabr seçkiləri geosiyasi qütblərin mübarizəsində həlledici mərhələdir.
Seçkidə qalib gələcəyi təqdirdə hazırki iqtidarın Gürcüstanı rəsmən provslav dövləti elan etmək istəyinin gerçəkləşməsinin ölkənin vətəndaşı olan qeyri-gürcü və qeyri-xristian xalqların mənafeyinə və multikultral mühitə təhlükə yaradacağı ilə bağlı narahatlıqlar da mövcuddur.
Seçicilər arasında keçirilmiş rəy sorğularının hamısında hakim "Gürcü arzusu" partiyasının seçkinin fovoriti olduğu görünür. Ancaq bu üstünlüyün parlamentdə təkbaşına hökumət qurmağa yetəcək qədər deputat mandatı qazanmağa kifayət edəcəyi tam bəlli deyil.
Qanunvericiliyin tələbinə görə parlamentdə təmsil olunmaq üçün seçkidə iştirak edən siyasi təşkilatın 5% barajı keçməsi vacibdir.
Seçkidə 10-dan çox partiya və seçki bloku iştirak etsə də, səslərin əsasən iqtidar partiyası və 4 müxalifət mərkəzi arasında bölünəcəyi şübhə doğurmur:
● "Gürcü arzusu - Demokratik Gürcüstan" (sorğuların çoxunda 35%, bəzilərində isə 59% nəticə)
● Birlik: "Milli Hərəkat, Quruculuq Strategiyası, Avropa Gürcüstanı" (təqribən 14%-20%)
● "Dəyişiklik naminə koalisiya - Qvaramia, Melia, Qirçi, Droa" (təqribən 10%-14%)
● Güclü Gürcüstan: "Lelo", "Vətəndaşlar üçün Aleko Elisaşvili", "Azadlıq Meydanı" (təqribən 10%-15%)
● "Qaxaria - Gürcüstan üçün" (təqribən 10%-12%)
Eyni zamanda "Leyborist Partiyası", Girçi (İago Xviçia) və "Vətənpərvərlər Alyansının da hər birinin seçkidə 1-5 faiz aralığında səs toplayacağı proqnozlaşdırılır.
Təbii ki, bu rəqəmlər müxtəlif sorğuların təqribi nəticəsini əks etdirir. Əsl nəticələr isə sabah saat 22:00-dan sonra aydın olacaq.
Gürcüstan vətəndaşı olan soydaşlarımızın 150 minə qədəri səsvermə hüququna malikdir. Bu say azərbaycanlıların 10 deputat mandatı ilə təmsil olunmasına imkan verir. Partiyaların proporsional siyahılarına və seçki nəticələri ilə bağlı proqnozlara baxdıqda isə ən yaxşı halda 4 azərbaycanlının qanunverici orqana seçilmək şansının olduğunu görürük. Deməli, hələ də soydaşlarımızın ölkənin ictimai-siyasi həyatında iştirak və təmsilçilik göstəriciləri əhali sayındakı yerlərinə adekvat deyil.
Azərbaycan dövlətinin mənafeyi ictimai-siyasi sabitliyin, tolerant gürcü cəmiyyətinin, rəsmi Bakı ilə yaxın tərəfdaşlıq əlaqələrini qoruyacaq və inkişaf etdirəcək sabit və xoşməramlı siyasi münasibətləri prioritet sayan iqtidarın mövcudluğunu tələb edir.
Milli mənsubiyyətindən asılı olmayaraq bütün Gürcüstan vətəndaşların bərabər hüquqlara malik olması da Azərbaycan üçün vacibdir. Ümid edək ki, sabahkı seçkinin nəticəsi iki qonşu və tərəfdaş dövlətin münasibətlərinə yalnız müsbət təsir göstərəcək.