Son günlərin təhsil sahəsində ən çox müzakirə edilən məsələlərdən biri 1500 məktəbin bağlanması xəbəridir. Belə ki, bu barədə ilk dəfə Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin iclasında danışıb.
O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır. "Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.
Emin Əmrullayev isə sözügedən məlumatı təkzib edib. O qeyd edib ki, xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır. Səsləndirilən fikirlər isə aşağıdakılardır:
1. Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də 100-dən az şagird təhsil alır.
2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).
3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.
"Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1 500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir", - nazir qeyd edib.
Mövzu ilə bağlıdanışan Sosial Tədqiqatlar Mərkəzinin təhsil məsələləri üzrə tədqiqatçısı Elmin Nuri bildirib ki, bəzi bölgə məktəblərində şagirdlərin sayı kifayət qədər azdır, lakin ora çəkilən xərclər, Bakıdakı ümumi-orta təhsil mərkəzlərinə çəkilən xərclərlə az qala eynilik təşkil edir.
“Təhsil sənədlərində bir şagirdə çəkilən xərcin ümumi smetası göstərilir. Həmin smetaya əsasən müəllimin maaşı, infrastruktur, kommunal xərclər, dərs vəsaitləri və sair detallar hesablanır və ümumi məxrəcə gətirilir. Ümumi məxrəc şagird sayı az olan məktəblərdə zərərə işləmiş olur. Buna görə də həm maliyyə, həm də təhsilin keyfiyyətinin artırılması baxımından məktəblərin komplektləşdirilməsinə ciddi ehtiyac yaranır. Bu gün bizim orta ümumtəhsil müəssələrimizin sayı 4532-dir, onun 1500-də 100 dən aşağı şagird təhsil alır”.
O vurğulayıb ki, məktəblərdə az şagirdin təhsil almasının görünən və görünməyən problemləri var. “Bunun görünməyən tərəfi - xərclər problemləridir. Bunun sırf təhsil adına, təhsil verən və alan adına görünən tərəfi ondan ibarətdir ki, az şagird olan məktəblərdə müəllimin maaşında da çatışmazlıqlar olur, çünki şagird sayı azdırsa, demək müəllimin də dərs saatı azdır. Şagirdlər baxımından mənfi tərəf isə odur ki, şagirdlərin azlıq təşkil etdiyim məktəblərdə tədris baxımından münasibət o qədər də ürəkaçan olmur. Bu da şagirdlər arasında müsbət rəqabətliliyi də azaldır. Bu səbəbləri nəzərə alsaq görərik ki, məktəblərin komplektləşdirilməsinə, vahid bir məktəbdə cəmlənməsinə çox böyük ehtiyac var”.
Elmin Nuri sonda onu da vurğulayıb ki, prosesin reallaşmasında əsas məqsəd onun düzgün aparılması olmalıdır. “Belə ki, burada təhsilalan və təhsilverən şəxslərin hüquq və imtiyazlarına ciddi şəkildə riayət olunmalıdır. Məsələn ləğv olunan məktəblərin müəlimlərinin dərs bölgüsü düzgün aparılmalı, şagirdlərə olan münasibət yeni dərs alacaqları məktəbdə obyektiv olmalıdır. Bunlar məsələnin görünməyən, lakin ən önəmli hissəsidir. Bunlar olduğu halda biz məktəblərin komplektləşdirilməsinə tələsməliyik”.