Təəssüf ki, zaman keçdikcə, balıqla təminat sahəsində ciddi dəyişikliklər müşahidə olunmaqdadır. Artıq süfrələrimizə təsərrüfatlarda yetişdirilən və göl balığı adı ilə məşhurlaşan məhsullar kifayət qədər yol açıb.
İnsan orqanizmi üçün minerallarla zəngin qida
Balıq və balıq məhsulları yüksək qida dəyərliliyinə görə digər ət növlərindən fərqlənir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr (fosfor, kalsium, kalium, dəmir, yod, sink və s.) mövcuddur. Balıq yağı A və D vitaminləri, "Omeqa-3" və "Omeqa-6" ilə olduqca zəngindir. Xüsusilə də orqanizmin A vitamini ilə təmin olunmasında təbii mənbədir. Mütəxəssislərin fikrincə, balığın hansı mövsümdə istehlakının fərqi yoxdur. Əsas odur ki, saxlanma şəraitinə düzgün əməl edilsin. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı bütün mövsümlərdə həftədə 3 dəfə balıq yeyilməsini tövsiyə edir. Hazırda dünyada zülal qəbulunun təxminən 17 faizi balığın payına düşür. Bəzi sahilyanı və ada dövlətlərində isə bu göstərici hətta 70 faizi ötür.
BMT-nin hesabatlarına əsasən, balıqçılıq aclıqla mübarizədə əhəmiyyəti rola malikdir. Dünya əhalisinin 12 faizinin dolanışığı balıqçılıqdan çıxır. 1960-cı ildən keçən dövr ərzində balıq istehlakı 2 dəfə çoxalıb və hazırda adambaşına təxminən ildə 20 kiloqram ətrafındadır. Dünya Ərzaq Təşkilatı ekspertlərinin fikrincə, planetdə əhalinin sayının çoxalması ilə əlaqədar ərzağa artan tələbatı balıqçılıq hesabına ödəmək olar.
Bazarlarda bolluqdur, ancaq göl balıqları ilə...
Havaların soyuması ilə əhalinin balıq məhsullarına tələbatı artır. Üstəlik son vaxtlar mal, qoyun və toyuq ətinin qiymətinin bahalaşması insanların alternativ olaraq balığa meyllənməsinə səbəb olub.
Modern.az əməkdaşı balıq təminatı ilə bağlı vəziyyəti araşdırmaq üçün pərakəndə satış obyektlərinə baş çəkib. Bakının balıq satışı ilə məşhur olan "Keşlə bazarı"nda kifayət qədər məhsul var və alıcılarını gözləyir. Burada hər növdə məhsula - okean, dəniz, çay və vətəgə balıqlarına rast gəlmək olar. Bazara gətirilən məhsullar arasında "damba balıqları", yəni süni göllərdə yetişdirilən balıqlar üstünlük təşkil edir. Bu balıqlar əsasən balıq yemləri ilə qidalandığından vitamin və minerallarla o qədər də zəngin deyil. Qiymətləri də dəniz və göl balıqları ilə müqayisədə yarıbayarı aşağıdır.
Vətəgədə yetişdirilən Çəkinin (Sazanın) kiloqramı 7-8 manat olduğu halda dəniz Sazanı 14-15 manatadır. Ümumiyyətlə bazarda 6-8 manata satılan balıqlar araslında dəniz məhsullarınını axtarmaq yersizdir. Ən ucuz balıqlardan sayılan və 5-6 manata satılan xanı balıqları da "damba”larda yetişdirilir.
Süni hövzələrdə yetişdirilən "Qızılxallı" (forel) balıq 11 manatdır. İrandan gətirilən həmin balıq 12-13 manatdan satılır və nisbətən keyfiyyətli hesab edilir.
Dəniz balıqları olan kefal, kütüm və xəşəm bazarda azdır, qiymətləri də 14-15 manatdır. Satıcıların sözlərinə görə, hazırda çaylarda, dənizdə balıqlar azaldığından qıtlıq müşahidə edilir. Buna görə də həmin balıqların qiymətləri yüksək olur.
Göl balıqları çox olsa da, rəqəmlərdə azdır
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 66 min 452 ton balıq ovlanıb. 2009-cu ildən başlayaraq bu sahədə ciddi artım müşahidə olunur. Təkcə son 1 ildə balıq ovunda 10 faiz artım qeydə alınıb. Ovlanmış balıqların cəmi 321 tonu göl və nohur balıqçılığı ilə məşğul olan təsərrüfatlar tərəfindən tutulub.
Yeri gəlmişkən, Azərbaycanda balıqçılıq təyinatlı göl və nohurların ümumi sahəsi 1380 hektardır. Bu sahədə istehsalla 107 fiziki və hüquqi şəxs məşğul olur. Ötən il həmin təsərrüfatlardan 171 ton çəki, 39 ton ağ amur (belamur), 40 ton qalınalın, 13 ton farel, 58 ton digər balıqlar tutulub.
Ötən il 3597 ton balıq kvota ilə ovlanıb. Kvota ilə ovlanmış balıqlar arasında kilkə 3 min tonla üstünlük təşkil edir. Bununla yanaşı, ötən il 99 ton kütüm, 87 ton kefal, 87 ton siyənək və digər balıqlar ovlanıb.
2023-cü ildə 63534 ton balıq fiziki şəxslər tərəfindən tutulub. Bu göstərici ev təsərrüfatlarının tədqiqatı nəticəsində üzə çıxıb.
Ümumilikdə ovlanmış balıqların 94,1 faizi ev təsərrüfatları, 5,4 faizi kvota ilə, cəmi 0,5 faizi vətəgə balıqlarının payına düşür. Statistik məlumatlardan belə çıxır ki, əhali daha çox fiziki şəxslər (ev təsərrüfatları) tərəfindən ovlanmış balığı istehlak edib.
Balıq istehlakı artıb, amma hələ də yetərli deyil
Ölkəmizin ərzaq balansı üzrə göstəricilərinə nəzər salanda məlum olur ki, 2023-cü ildə balıq və balıq məhsulları ehtiyatı 87 min 166 tondur. Son 5 ildə balıq məhsulları üzrə ehtiyatlar 12 faizədək artıb. Ümumilkdə ehtiyatların 62 min 722 tonu və ya 72 faizi yerli istehsalın payına düşür. Ötən il xaricdən 21 min ton balıq məhsulları gətirilib, 3,3 min ton isə əvvəlki ilin qalığı hesabına yaranıb. 2020-ci illə müqayisədə idxal olunan məhsulların həcmi 50 faizədək artıb. Rəqəmlərdən də göründüyü kimi balıq məhsulları ilə təminatın bir hissəsi hələ də idxalın payına düşür.
Ötən il Azərbaycanda 81 min 442 ton balıq məhsulu istehlak edilib. Başqa sözlə adambaşına təxminən 8 kiloqram balıq yeyilib. Son 5 ildə adambaşına istehlak təxminən 1 kiloqram artıb. Amma bu da yetərli deyil. Müqayisə üçün bildirək ki, Avropada bu göstərici 21 kiloqram, ABŞ-da 24 kiloqram, süfrəsində balıq məhsulları üstünlük təşkil edən Yaponiyada 60 kiloqrama yaxındır.
Dəniz balıqlarının azalmasının ciddi səbəbləri var
Dəniz balıqlarının getdikcə azalmasını Ekologiya və Təbii Sərvətlər Nazirliyində də təsdiqləyirlər. Nazirlik bildirir ki, son onilliklərdə Xəzər dənizində balıq ehtiyatları kəskin azalıb. Bu da əsasən Xəzər dənizinin balıq kütləsinin böyük hissəsini təşkil edən kilkə balıqlarının azalmasında müşahidə olunur. Kilkələrin azalması onlarla qidalanan daha böyük balıqların (siyənəklərin, qızılbalığın, nərəkimilərin) və suitilərin azalmasına və vəziyyətinə mənfi təsir göstərib. Bunun səbəbləri: təbii – iqlim dəyişikliyi, dəniz səviyyəsinin tərəddüdü; antropogen – dənizin çirklənməsi, yeraltı sərvətlərin istifadəsi, çayların tənzimlənməsi, yad mənşəli növlərin gətirilməsi, brakonyerlikdir.
Xəzər ekosisteminə mənfi təsirlə bağlı kilkə ovu 10 dəfə azalaraq, 271 min tondan 27 min tona düşüb. Balıq ehtiyatlarının azalması bütün Xəzər dənizi üçün səciyyəvi olan ümumi tendensiyadır.
Hazırda Xəzər dənizində nərəkimilərin ehtiyatı azalaraq, vətəgə əhəmiyyətini itirmək həddinə çatıb. 2011-ci ildən bütün Xəzəryanı ölkələrin ümumi razılığına əsasən Xəzər dənizində nərə cinsli balıqların kommersiya ovlanmasına texniki moratorium tətbiq edilir və nərə balıqlarının əmtəə ovu aparılmır, yalnız balıqartırma və elmi-tədqiqat məqsədlər üçün cüzi həcmdə ovlanır.
Çaylarda balıq ehtiyatının azalması isə son illər su səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilir. Xüsusən Kür çayının suyunun azalması və suyun duzlaşması balıqlar üçün əlverişli deyil.