Ermənilər başqa ölkələrdə yaşayan haxçı-dığaları gətirərək işğal etdikləri ərazilərdə məskunlaşdırıb şərait yaradır, 30 ildir Qarabağ probleminin həll edilmədiyi ölkəmizdə isə əlaqədar qurumlar məcburi köçkün düşən vətəndaşlara mənzil verməmək üçün günün gündüzündə əli çıraqlı, az qala mikroskopla mikrobəhanə axtarırlar
Bura Bakı şəhəri Yasamal rayonu ərazisindəki "Kaktus" restoranının arxasında yerləşən köhnə yataqxanalardır. Bu yataqxanalarda 20 ildən artıqdır ki (1993, 1994, 1998 və 2000-ci ildən bu yana), əksəriyyəti Cəbrayıl rayonundan olmaqla, Füzuli, Ağdam və Zəngilandan olan məcburi köçkünlər məskunlaşıb.
Qeyd edək ki, burada məskunlaşanların Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-3 yaşayış massivinə köçürülməsi nəzərdə tutulub. Onların bir qismi, təxmini desək, yarısı bu yaxınlarda artıq köçüblər də. Qalan yarısı hələ də orta əsr əyalətlərinə məxsus bu şəraitsiz, bayırda qurbağaların qurultusundan, içəridə isə uşaq-böyüyü dişləyib dərisini göyüm-göyüm göynədən ağcaqanadların vızıltısından qulaqların tutulduğu, cındırından cin ürkən" beşmərtəbəli "mağaralar"da yaşamaqda, daha doğrusu, ömür xərcləməkdə davam edirlər. Aşağıdakı fotolar da bu mənzərə haqda aydın təsəvvür yaradır. Səbəb isə çox xırda problemlərlə bağlıdır.
Məsələn, burda məskunlaşanların əksəriyyəti vaxtilə, konkret desək, hələ uşaq, yeniyetmə və erkən gənc yaşlarında müxtəlif rayonlarda valideynləri ilə birgə yaşayanlardır. Uzun illər öncə həmin ailələr mənzillə təmin ediləndə gənclər iş arxasınca Bakıya üz tutublar. Müxtəlif vaxtlarda valideynlərindən ayrılıblar. Sözügedən yataqxanalarda məskunlaşıb, qeydiyyata alınıblar. Daha sonra özləri ailə qurublar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə iddia edir ki, valideynlərinin adına mənzil verilərkən belələri onların üstündə qeydiyyatda olublar. Amma onların xeyli hissəsi valideynlərinin adına verilən mənzildə heç yaşamayıb da. Eləsi var ki, valideynlərinə ev veriləndə 3 qardaş olublar. Onların üçünün də ailə qurub eyni mənzildə yaşaması mümkünsüz oldduğuna görə valideynləri və digər qardaşları ilə birgə yaşaya bilməyiblər. Onlardan biri həmin səbəbdən Bakıya gələrək bu yataqxanada məskunlaşıb. Ona da eyni səbəbdən mənzil vermək istəmirlər.
Bəli, əksəriyyətin problemi bununla bağlıdır. Başqa bir qisminə isə məcburi köçkün vəsiqəsi olmadığına görə mənzil verməkdən imtina edirlər.
Əksəriyyəti darısqal, tam şəraitsiz olan binada oğul evləndirib, qız köçürməyin nə demək olduğunu anlamaq da çətin olmaz, yəqin. İmkansızlıqdan yaşı ötmüş subaylar da az deyil.
Qeyd edək ki, belə şəraitdə yaşayanların təxminən 90 faizi Cəbrayıldan olan məcburi köçkünlərdir. İndiyə qədər heç bir dövlət nümayəndəsi ortaya çıxan və ya qəsdən çıxarılan bu problemlə maraqlanmayıb. Telefon zənglərimizə də cavab verən yoxdur. Təsadüfən cavab verəndə də sadəcə, "maraqlanırıq", "hələ bir cavab yoxdu", "bizə heç nə demirlər" kimi sözlərlə bizi "yola verirlər". Halbuki, bu yataqxanada kommunal xidmətlərə görə pul ödəyərək yaşayanların hamısını dəfələrlə siyahıya alıblar. İnşa olunan evlər isə onların sayına görə tikilib.
Bir də maraqlıdır ki, siyahıya alınma vaxtlarında kimsədən belə problemlərinin olub olmadığını soruşmayıblar. Düşünürük ki, vaxtında bu problemlərlə hazırkı vəziyyəti yaratmaq, gələcəkdə bəhanə formalaşdırmaq üçün maraqlanmayıblar.
O da maraqlıdır ki, əgər evlər hardasa siyahıya alınan köçkünlərin sayına görə inşa olunursa və sonradan həmin köçkünlərin xeyli hissəsi üçün hansısa problemin yarandığı aşkara çıxarırlarsa, onda dövlətin sərf etdiyi vəsaitlə tikilən evlərin həmin hissəsi kimlərə xeyir gətirir? Bu problemləri ev tikmək üçün siyahıya alınanda aşkara çıxarmaq olmazdımı? Təbii ki olardı. Və nəinki olardı, hətta belə problemləri yoluna qoymaq, həll etmək mümkün və vacibdir. Ermənilər başqa ölkələrdə yaşayan haxçı-dığaları Qarabağa gətirərək işğal etdikləri bu rayonların ərazisində məskunlaşdırıb şərait yaradır, burda isə əlaqədar qurumlar həmin rayonlardan məcburi köçkün düşən vətəndaşlara mənzil verməmək üçün günün gündüzündə əli çıraqlı, az qala mikroskopla mikrobəhanə axtarırlar.
Bütün bunlar öz yerində, amma bizə ilk növbədə doğma yurdumuzun işğaldan azad edilməsi lazımdır. Uzun illərdir bunu gözləyir və tələb edirik ki, qısa zamanda torpaqlarımızın erməni tapdağından azad olunması üçün lazımi tədbirlər görülsün. Biz bu istiqamətdə hər şeyə hazırıq. Əgər kimlərsə bunu uzun sürən proses hesab edirlərsə, onda həmin vaxta qədər bizi qeyri-insani şəraitdə yaşamaqdan qurtarmağa da borcludurlar.
Çoxsaylı yataqxana sakinləri adından:
Həsənov Elçin Sabir oğlu, Səmədov Elbrus Ələddin oğlu, Behbudov Elmir Eynulla oğlu, Göyüşov Elmir İsa oğlu, Əfəndiyev Vasif Məhəmməd oğlu, Məsdəliyev Aqil Əkbər oğlu, Məmmədov Elsəvər İsrafil oğlu, Abdullayev Yalçın Vahid oğlu, Quliyev Niyazi Hətəm oğlu, Quliyev Nəsimi Hətəm oğlu, Həziyeva Vüsalə Sevindik qızı, Süleymanov İsmayıl Qarahəsən oğlu