Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda kök uşaqların sayı artır - təhlükə

Valideynlər üçün SOS! Artıq çəki övladınızın vaxtından əvvəl bir sıra qorxulu xəstəliklərə tutulma riski deməkdir...

Piylənmə dərəcələrinə görə, Azərbaycan dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.

Artıq çəkinin ən çox qeyri-sağlam qidalanma ilə əlaqədar yarandığı məlum olsa da, piylənmə qeyri-sağlam həyat tərzinin kompleks şəkildə yaratdığı nəticədir. Piylənmə ilə mübarizədə ilk növbədə, düzgün və rasional qidalanmaya riayət edilməli, yağlı, duzlu və şəkər əlavə olunmuş qidaların istehlakı mümkün qədər azaldılmalı, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stressdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır.

Son illər piylənmədən əziyyət çəkən azyaşlıların sayında bir artım olduğu görünür. Bəzən valideynlər uşaqların kök olmasını ailəsinin ona yaxşı baxmasının sübutu, ya da ailənin firavan həyatı ilə əlaqələndirir. Əslində isə uşaqlarda piylənmə uşağın faktiki bədən kütləsinin yaş normativini 15% və daha çox aşmasıdır. Uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. İrsi meyl haqqında danışarkən, bədəndəki metabolik proseslərin xüsusiyyətlərinin genetik olaraq ötürülməsi nəzərdə tutulur. Çox vaxt köklük deyil, çox yemək vərdişi və ümumiyyətlə, həyat tərzi ötürülür. Genetik meyl xarici amillərin təsiri altında reallaşır. Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Bundan əlavə, piylənmə ciddi patoloji vəziyyətlər və genetik xəstəliklər nəticəsində də inkişaf edə bilər.

Uşaqlarda piylənmənin 90%-i alimentar piylənmədir, yəni həddindən artıq və ya çox kalorili qida qəbulu və aşağı fiziki aktivliyin nəticəsidir. Bu səbəbdən uşaq doğulandan onun qidalanmasına düzgün şəkildə yanaşmaq lazımdır. Əz azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər.

Uşaqlarda fiziki aktivlik də kifayət qədər deyil. Belə ki, uşaqlar günün çox hissəsini məktəbdə və ev tapşırıqlarını yerinə yetirərkən masa arxasında oturmaqla, kompüter oyunları oynamaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər, yəni kifayət qədər sıx zehni yükə sahib olduqları halda, çox az hərəkət edirlər. Bu da uşaqlarda artıq çəkiyə səbəb olur.

Uşaq məktəbdə, ailədə xroniki stress vəziyyətində və ya sosial təcriddə ola bilər. Bu zaman o,  müsbət emosiyalar qazanmaq, özünü stressdən qorumaq üçün yollar axtarır. Yemək uşaq üçün sevinc və zövq mənbəyinə çevrilə bilər ki, bu da piylənməyə səbəb olan amilə çevrilir.

Uşaqlarda piylənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər: mədə-bağırsaq sistemi xəstəlikləri (qəbizlik, ishal, xolesistit, pankreatit və s.), ürək-damar sistemi xəstəlikləri (arterial hipertoniya, ürəyin işinin çətinləşməsi), ateroskleroz,  endokrin və metabolik patologiyalar (insulinə müqavimət, 2-ci tip şəkərli diabet, cinsi inkişaf pozuntular), sümük-əzələ sistemi və oynaq patologiyaları (artroz, skolioz, yastıpəncəlik) və s. Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən  əskikliyi, komplekslər meydana çıxa bilər.

Bədən kütləsi yaş normasının maksimum həddinə yaxınlaşmağa başlayan kimi həkimə müraciət olunmalı və tədbir görülməlidir. Piylənmənin müalicəsi zamanı əsas tədbirlər bədən kütləsinin aşağı salınmasına, yanaşı xəstəliklərin müalicəsinə, alınan nəticələrin saxlanmasına yönəldilməlidir. Bədən kütləsini azaltmaq üçün uşağın həyat tərzini dəyişdirmək lazımdır, yəni yaşa uyğun qidalanma rasionu və fiziki aktivlik (gimnastika, üzgüçülük və s.) təmin olunmalıdır. Həkimlə birlikdə uşağın gündəlik kalori miqdarı hesablanmalı və valideynlər buna əməl etməlidir. Əvvəlcə uşağın pəhrizində tərkibində heyvani yağlar və asan həzm olunan karbohidratlar olan qidaları məhdudlaşdırmaq tövsiyə olunur. Şirələrdə çox miqdarda şəkər olduğu üçün pəhrizdə tərəvəzlərə üstünlük verilməlidir. Tərkibində piy və duzun miqdarı çox olduğundan, kolbasa verilməməlidir. Uşaq şirniyyat istəyərsə, əvəzinə quru meyvə vermək daha yaxşıdır. Körpələrə əlavə qida kimi sıyıqlar deyil, tərəvəz püreləri verilməlidir.

Qeyd edək ki, COVİD-19 pandemiyası uşaqlar arasında piylənmənin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Tədqiqatçılar Böyük Britaniyada ibtidai məktəb uşaqları arasında aparılan araşdırmadan sonra bu qənaətə gəliblər. Tədqiqata Souzempton Universitetindən İvan Oçoa-Moreno rəhbərlik edib. Qrup 2019 və 2021-ci tədris illərində təhsil almış dörd və beşyaşlı uşaqlar arasında piylənmə nisbətində 45% artım müşahidə edib.

Qrupun məlumatına əsasən, çəki artımı böyüklərə nisbətən azyaşlılara daha çox təsir edib. Məktəblilərin əksəriyyətinin evdən təhsil aldığı dövrdə sağlam qidalanma vərdişlərinin pisləşməsi, mütəşəkkil idman və fiziki fəaliyyətin azalması və uşaqların yuxu qrafikinin dəyişməsi piylənmənin baş verməsinə şərait yaradıb.

Tədqiqatçılar bir milyondan çox uşağın bədən kütləsi indeksi məlumatlarını təhlil ediblər. Onlar ibtidai məktəbin ilk və son illərində olan uşaqlara diqqət yetirərək, pandemiyadan əvvəl, pandemiya zamanı və ondan sonrakı dövrdəki məlumatları müqayisə ediblər.

“Araşdırmaya əsasən yaş qrupları arasında əhəmiyyətli fərqlər qeydə alınıb. Belə ki, kiçikyaşlı uşaqlar çəki artımından geri dönə bilsələr də, yuxarı yaşda olan uşaqlarda piylənmənin qarşısını almaq daha çətin olur”, - deyə tədqiqat müəllifləri yazıblar.

Uşağın kök olması çox böyük bir metobolik və endokrin xəstəliklərə səbəb olur. Bunlardan ən öndə gələn boy qısalığı, cinsi zəiflik, cinsiyyət orqanının yaşa görə kiçik olması, vaxtından əvvəl şəkər xəstəliyinin, təzyiq xəstəliyinin erkən yaşda ortaya çıxmasıdır. Belə uşaqlarda müxtəlif metobolik xəstəliklər, istər dəri rənginin qaralması, istər bədəndə insulin miqdarının artması, bunlar çox böyük problemlərə səbəb olur ki, bu zaman “qısır döngü” olur. Uşaq yemək yeyir, insulinin miqdarı artır və nəticədə daha çox yemək istəyir. Yəni bir sözlə, uşağın özündən asılı olmadan aşırı yemək istəyi yaranır və doyumsuzluq hissi olur.

Bir fakt isə uşağın ailəsində, məsələn, ana və atasının çəkisi çoxdursa, uşaqların 80%-nin çəkisi çox olur və bu da uşaqların ömür boyu çəkisinin yüksək davam etməsinə və piylənmə xəstəliyindən əziyyət çəkməsinə gətirib çıxarır. Digər faktor isə nəzarətsizlikdir. Ailədə həm ata, həm də ananın çalışması, uşağın evdə nəzarətsiz qoyub gedilməsi onun nizamsız-qaydasız qidalanmasına səbəb olur. Bu nəzarətsizlik nəticəsində piylənmə xəstəliyi, yəni artıq çəki xəstəliyi ortaya çıxır.

Başqa bir faktor isə “fast food” yeyilməsidir. Bu, “fast food” məhsulları dediyimiz bağırsaqlardan sürətli sovrulan qızartma məhsullarıdır. Bağırsaqdan sürətli sovrulduğuna görə insulini bədəndə çox yüksəldir. Bu da artıq çəkiyə səbəb olur. Qazlı içkilərin içilməsi də artıq piylənməyə gətirib çıxarır. Qazlı içkilər mədə şirəsini artırdığına görə aclıq hissinə səbəb olur. Eyni zamanda sümüklərin əriməsinə, sümük problemlərinə, çoxlu miqdarda şəkər qəbul etməyimizə səbəb olur. Bu qazlı içkilərin həyatımızdan çıxarılması lazımdır. Ondan başqa digər bir faktor isə üçüncü bir şəxsin ailədə uşağın yeməyinə qarışması, məsələn, daha çox nənə faktoru deyək. Çünki misal üçün, deyək, ana, ata ciddi pəhriz elədi. Uşaq yemək yemədi, ona şokolad, və ya digər şəkərli şeylər verilmədi və ya meyvə suyu içilmədi. Amma uşaq çox rahatlıqla nənəsindən bunları istəyə bilir. Halbuki bunlar çox yanlış davranışlardır və gələcəkdə artıq çəkiyə səbəb olur.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də