İmmunitetin yaranması üçün peyvənd nə qədər önəmlidirsə, qidalanmanın da yetərli və balanslı olması bir o qədər önəmlidir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında yayılan mövsümi xəstəliklərlə bağlı danışarkən bildirib.
Həkim deyib ki, yetərsiz və balanslaşdırılmamış qidalanma infeksion xəstəliklərə yoluxma riskini artırır və xəstəliyin gedişatını ağırlaşdırır:
“Nəzərə almalıyıq ki, xəstəlik dövründə uşaqlarda iştahsızlıq olur. Valideynlərə tövsiyə edirik ki, bu barədə bir qədər səbrli olsunlar. Əsas məqsəd maye və mineral balansı təmin etməkdir. Xüsusilə də rotavirus, adenovirus zamanı daha böyük uşaqların qida rasionlarından ətli, yağlı, qızarmış və çətin mənimsənən qidalar çıxarılmalıdır. Buğda unundan hazırlanmış çörək, yağsız ət, qatıq, meyvə və tərəvəz kimi əlavə şəkər qatqısı olmayan yumuşaq qidalar rasiona daxil edilməlidir.
Meyvə və tərəvəzdə olan A vitamini hüceyrələrin yenilənməsini təmin edir. C vitamini isə xəstəliklərə qarşı müqavimət formalaşdırır. Bu səbəblə A və C vitamini ilə zəngin kök, brokoli, kabak, kələm kimi tərəvəzlər, meyvələrdən isə portağal, mandarin, alma, qreyfurt seçilməlidir. E vitamini də güclü antioksidant olduğu üçün immun sistemə müsbət təsir göstərir. Yaşıl tərəvəzlər, brokoli, ispanaq, fındıq, fıstıq, badam və s. kimi qidalarda E vitaminin dəyəri olduqca yüksəkdir. Bədən temperaturunun sabit saxlanılması və infeksion toksinlərin orqanizmdən xaric olunması üçün 1.5-2 litr maye qəbulu olmalıdır. Temperaturun qalxdığı dövrlərdə maye qəbulu artırılmalı və bədən yetərli enerji ilə təmin olunmalıdır. Enerji qaynağı kimi bəsit karbohidratlar olan rafinə edilmiş şəkər və şəkərli qidalar yerinə taxıl məhsullarına daha çox üstünlük verilməlidir.
Yetərli və balanslı qidalanma dedikdə 4 qida qrupunun birliktə qəbul olunması önəmlidir: süd və süd məhsulları; qırmızı ət, toyuq, balıq; makaron, düyü, bulğur, qarğıdalı və s; meyvə və tərəvəz”.
Nazirlik rəsmisi payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlindiyini diqqətə çatdırıb:
“Hər bir halda bu dövrlərdə insanların sıx olduğu məkanlarda olmamağa çalışmaq, xəstə ilə kontakt zamanı maskadan istifadə etmək, ümumi gigiyena qaydalarına riayət etmək, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi vacibdir. Bundan əlavə, uşaqların olduğu otağın havası tez-tez dəyişdirilməli, gün ərzində ən azı 45-60 dəqiqə təmiz havada olmaq lazımdır. Lakin yoluxma saylarının azaltmaq üçün ən effektiv qorunma üsulu peyvəndlənmədir. Peyvəndlənmə sayəsində xəstəliyin ağır keçməsi və baş verə biləcək ağırlaşmalarının qarşısını almaq mümkündür. Peyvəndin qoruyuculuğu 70%-90%-dir. İnfluenza virusu antigenləri hər il dəyişkən olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömürlük immunitet yaratmır. Ona görə də hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edirik. Əsasən oktyabr ayında təqvim immunlaşdırma tədbirləri aparılır. Hər hansı bir səbəbdən peyvəndlənməsi gecikən uşaqlara növbəti aylarda immunlaşdırma aparıla bilər. Peyvəndin qoruyuculuğu 6-8 ay davam edir. 6 aydan sonra bütün uşaqları peyvənd etmək olar.
Aşağıdakı qrupa aid olan uşaqlara isə peyvənd xüsusi olaraq tövsiyə olunur: bronx hiperreaktivliyi olan və bronxial astma olan uşaqlar; ürək-ağciyər xəstəliyi olan uşaqlar; xroniki davam edən xəstəliyi olan uşaqlar; immun sistemi zəif olan və tez-tez xəstələnən uşaqlar. Bununla belə, 6 aydan kiçik körpələrə və yumurta allergiyası olan uşaqlara, həmçinin əvvəlki peyvəndlənmə zamanı allergik reaksiyası və yaxud peyvəndin tərkibindəki hər hansı komponentə qarşı həssaslığı olan uşaqlara qripə qarşı peyvənd edilməməlidir”.