Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda BU ŞƏXSLƏRİN təqaüd və müavinətləri ARTIB

RegionTV.info
Dünyada çox nadir ölkələrə rastlamaq mümkündür ki, müharibə şəraitində yaşayıb, işğala məruz qalıb, müstəqilliyini tamamilə çox ağır siyasi vəziyyətdə əldə edib, lakin qısa tarixi zaman kəsiyində hüquqi dövlətin və vətəndaş cəmiyyətinin bərqərar olmasının əsaslarının hakimiyyət ilə harmoniyasını formalaşdırıb.

Bu, dayanıqlı sosial strukturun, çevik idarəçilik formasının, dövlətin malik olduğu siyasi-hüquqi potensiala söykənməsindən qaynaqlanırsa, o biri tərəfdən cəmiyyətdə siyasi-ideoloji və mədəni münasibətlərin möhkəm əsaslarının davamlılığı üçün yeni yanaşmaların olmasını tələb edir. Azərbaycan dövlətinin bu sahədə özünün müəyyənləşdirdiyi və uğurla keçdiyi yol var.

Xüsusilə son 3 ilə nəzər salsaq, görərik ki, dünya üçün bu zaman kəsiyi olduqca çətin bir dönəm kimi tarixin yaddaşına köçdü. Pandemiya, müharibələr, inflyasiyalar, enerji təhlükəsizliyi məsələsindəki ciddi narahatlıqlar hətta nəhəng dövlətləri belə qarşısında aciz duruma saldı. Lakin Azərbaycanda fərqli mənzərənin şahidi olduq. Bu müddət ərzində Azərbaycanın sərgilədiyi iradə, səbr və təmkinlə idarə olunan strateji yol xəritəsi rəsmi Bakının bütün bu çətinliklərin öhdəsindən uğurla gəlməsi üçün əsas açar oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, ölkəmizdə genişmiqyaslı sosial dəstək tədbirləri hələ də davam etdirilir. Bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər üçün nəzərdə tutulan müavinətlər, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində evlərlə təmin olunmaları, avtomobil bağışlanması, cari ilin ilk rübündə "Müharibə veteranı" adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyinatının başlanılması prosesinin artıq yekunlaşdırılması postmüharibə dövründə görülən sosial dəstək xarakterli tədbirlərin sadəcə bir hissəsidir.

Bu gün postmüharibə dövründə göstərilən sosial dəstək tədbirləri ilə bağlı verilən hesabata da nəzər yetirdikdə deyilənlərə daha aydın şəkildə əmin ola bilərik. Bu hesabat bir daha deməyə əsas verir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı və onun rifahı dayanıb.

Vətəndaşların, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər hər zaman həyata keçirilib və bundan sonra da Azərbaycan dövləti üçün prioritet məsələ kimi diqqət mərkəzində olacaq.

Son illərdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının daha da genişləndirilməsi, eləcə də pensiya və müavinətlərdə ciddi artım, əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi, aztəminatlı ailələrə dövlət tərəfindən edilən yardımlar, sosial xidmətlərin şəffaf və operativ mexanizmlərinin yaradılması ölkədə bu sahədə ardıcıl və sistemli islahatların aparıldığını göstərir.

Bu müddət ərzində təqribən 100 min şəxsə 190 min xidmət göstərilib. 93 min nəfərə 104 min xidmət göstərilib. Postmüharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib.

Həmin dövrdə mənzil və avtomobil təminatı ilə bağlı 11,7 min nəfərə 3 714 xidmət göstərilib, 3500 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Bundan əlavə 214 avtomobil müharibə əlillərinə verilib.

Məşğulluq tədbirləri ilə bağlı 12,1 min nəfərə 12,1 min xidmət göstərilib, 7,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Məşğulluq marafonu çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub.

Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Postmüharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə Reabilitasiya Müəssisələrində 2 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s.

Şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzlərində 41 min nəfər xidmətlə təmin olunub göstərilib. Həmin Mərkəz Azərbaycan Respublikası Prezidentinin 25.06.21 Fərmanı ilə yaradılıb. Mərkəzə 6 qurum və 33 YİH orqanı üzrə 26 xidmət daxildir.

Sosial ödənişlərdə artım, yeni sosial ödənişlərlə bağlı məlumatda bildirilib ki, 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, 01.01.2022-ci ildən müavinətlər orta hesabla 60% artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub.

Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70%, yaşa görə orta aylıq pensiya 75% artıb.

Bütün bu rəqəmlərə nəzər yetirdikdə bir daha ayın olur ki, Prezident İlham Əliyevin siyasətində sosial məsələlər prioritet təşkil edir. Əbəs deyil ki, ölkə başçımız Azərbaycana rəhbərlik etdiyi son 15 ildə verdiyi vədləri əməli işləri ilə yerinə yetirib. Ümumiyyətlə, dövlət başçısının apardığı siyasətin tərkib hissəsi olaraq, sosial məsələlər öncüllük təşkil edir və bu mənada, qaçqın və məcburi köçkünlər üçün yaradılan yüksək şərait bu reallığı özündə kifayət qədər ehtiva etməkdədir.

Onu da qeyd etmək yerinə düşər ki, bu gün istər regionda, istərsə də qlobal sferada əsas təşəbbüskar və ideyaverici olaraq çıxış edən Azərbaycan dövləti bu nöqteyi nəzərdən dünyanın ən fəal dövlətindən biri kimi diqqət mərkəzindədir. İri layihələrdə ən başda adı çəkilən Azərbaycanın artıq nəinki region, qitə, dünya üçün də əhəmiyyəti günü-gündən artmaqdadır.

Azərbaycan qarşısına qoyduğu hər bir hədəfinə çatmaq yolunda çox önəmli mərhələdən keçir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan postmüharibə dövründə keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olmaqdadır. Təbii ki, bu yeni mərhələ dayanıqlı inkişafı təmin etmək üçün dövlətin uzunmüddətli yüksəliş konsepsiyasının hazırlanmasını labüd edir.

Bütün dövrlərdə düşünülmüş, ölçülüb-biçilmiş qərarları ilə Azərbaycanın qlobal böhranlardan az itki ilə çıxması üçün konkret proqramlar, sosial-iqtisadi layihələr hazırlayan Prezident İlham Əliyev məhz bu dövr üçün də yol xəritəsini müəyyənləşdirib. Qlobal iqtisadi reallıqları, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədləri özündə ehtiva edən bu yol xəritəsi əsasında Azərbaycan postmüharibə və ondan sonrakı dövrdə dayanıqlı inkişafını təmin edə biləcək. Bu isə Azərbaycanın sosial dəstək xarakterli heç bir layihəsinin kağız üzərində qalmasına imkan verməyəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də