Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Gənc məmurların doğru və yanlışları - Xarici dil bilməklə iş bitmir...

Azərbaycanın bütün dövlət strukturlarında gəncləşdirmə siyasəti davam etdirilir. Artıq bir neçə ildir həyata keçirilən kadr təyinatları gənclərin özlərini təsdiqləməsi, daha yüksək postlara gətirilməsi baxımından müsbət addım kimi qiymətləndirilir. Lakin bəzi hallarda gənc məmurlar mətbuatın və ictimaiyyətin tənqid hədəfinə tuş gəlirlər.
Belə ki, son vaxtlar bəzi gənc məmurlar barədə müxtəlif tənqidi fikirlər səsləndirilir. Bildirilir ki, xaricdə yüksək təhsil almalarına baxmayaraq, bir çox kadrlar öz vəzifələrini doğru-düzgün yerinə yetirə bilmir, vətəndaşlarla ünsiyyətdən qaçırlar.
Milli Məclisin plenar iclaslarında əksər deputatlar dəfələrlə bu mövzunu gündəmə gətirərək, gənc kadrlardan narazılıqlarını ifadə ediblər. Parlamentarilər ad açıqlamasalar da, bir çox məmurların onlara qarşı sayğısız davranışından şikayətlənib, problemlərin həllinə maraq göstərmədiklərini söyləyiblər.
Yüksək vəzifəyə gətirilən gənclər etimadı doğrulda bilirlərmi? Onların ünvanına səsləndirilən tənqidlər haqlıdırmı?
 

Bu barədə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu gün müasir dünya bacarıqlı, mütərəqqi üsullura yiyələnən, reallıqlardan anlayışı olan şəxslərin seçilməsini, onların idarəetməyə gətirilməsini tələb edir:
“Bu baxımdan Azərbaycanda çox mühüm islahatlar keçirilir. Bu islahatlar bütün sahələri əhatə etdiyi kimi, idarəetməni də əhatə edir. Son illərdə bir çox yüksək vəzifələrə gənc kadrların irəli çəkilməsi təsadüfi deyil. Bu, ölkənin daha sürətlə inkişafına, insanların tələb və arzularının daha dolğun yerinə yetirilməsinə istiqamətləndirilib.
Əlbəttə ki, indi texnologiya əsridir və gənc kadrlar həm müasir texnologiyalara, həm də biliklərə yiyələnməlidirlər. Eyni zamanda insanlarla ünsiyyət qurmağı bacarmalıdırlar. Bəziləri elə fikirləşirlər ki, dil bilmək, yaxud yüksək təhsil almaqla hər şey bitir. Ancaq belə deyil. İnsanların tələbini, arzusunu öyrənmək, onların qayğısına qalmaq və bunu elmlə, biliklə əlaqələndirmək daha yaxşı nəticələr verir. Bu baxımdan, əgər biz gənc məmurların fəaliyyətinə qiymət verməyi ölkənin iqtisadi, mədəni inkişafı ilə əlaqələndirsək, müsbət fikirlər bildirə bilərik. Çünki bu gün əksər nazirliklərin rəhbərləri son illərdə seçilmiş gənc kadrlardır. Komitələrdə də gənc kadrlar yerləşdirilib. Onların əksəriyyəti öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər”.
 

Komitə sədrinin sözlərinə görə, uğurlu işlərlə yanaşı, müəyyən problemlər ola bilər: Bu da təcrübəsizlikdən irəli gələ bilər:
“Ancaq qeyd etmək lazımdır ki, cənab Prezident dəfələrlə gənc kadrları vəzifələrə çəkməklə yanaşı, həm də yaşlı nəslin təcrübəsinə, keçmiş ənənələrə əsaslanmalı olduğumuzu xatırladıb. Çünki həyat təcrübəsi bütün sahələrdə çox vacibdir. İstər idarəetmədə, istər iqtisadiyyatda, istər təsərrüfatda həyat təcrübəsi qazanmış insanların işləməsi və onların öz təcrübələrini gənc nəslə, yeni təyin olunmuş  kadrlara öyrətməsi günün tələbidir. Ona görə də, mən bir vətəndaş kimi gənc kadrların irəli çəkilməsinin tərəfdarıyam, daim bu prinsipi dəstəkləmişəm. Ancaq həm də bir məsələnin tərəfdarıyam ki, gənc kadrlar mütləq yaşlıların qabaqcıl təcrübəsini öyrənməlidirlər. Onlar yaşlıların qabaqcıl iş üsulundan bəhrələnməlidir. Yoxsa “mən bunu bilirəm, belə olmalıdır”, “mütləq mən deyən kimi olmalıdır” yanaşması düzgün deyil. Müdrik adamlar həmişə öz bilikləri ilə yanaşı, həm də yaxşıların, qabaqcılların təcrübələrinə yiyələniblər. Bunları iş prinsipi kimi qəbul ediblər. Bu, əlbəttə ki, öz nəticələrini verib”.
T.Rzayevin fikrincə, bu gün ölkədə gedən quruculuq işləri onu deməyə əsas verir ki, bizim gənc kadrlar öz işlərini yerinə yetirə bilirlər:
“Qazandığımız qələbə də bunu sübut etdi. Çünki hərbi quruculuqda bizim bir çox gənc zabitlərimiz, əsgərlərimiz öz döyüş qabiliyyətlərini göstərdilər. Qəhrəmanlıqlarını nümayiş etdirdilər. Eləcə də bu gün Azərbaycan iqtisadiyyatında, Azərbaycan mədəniyyətində, sosial həyatında gənc kadrların fəaliyyətini müsbət şəkildə yerinə yetirdiklərini demək olar. Onların fəaliyyətlərini həyata keçirmək üçün ölkədə hər cür şərait yaradılıb”.
 

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini, YAP idarə heyətinin üzvü Şahin İsmayılov hesab edir ki, son illər həyata keçirilən islahatlar prosesində gəncləşdirmə siyasəti xüsusilə nəzərə çarpır. Ölkə Prezidentinin kadr siyasətinin əsas tərkib hissəsi məhz bundan ibarətdir:
“Təbii ki, kadr seçimində ən önəmli amillərdən biri və birincisi peşəkarlıqdır. Son bir neçə il ərzində baş tutan təyinatlar göstərdi ki, gənc kadrlar onlara göstərilən etimadı doğrultmağı bacarıb”.
Deputatın sözlərinə görə, gənclər sahəsi xüsusi diqqət və qayğı ilə əhatə olunub:
“Gənclərin xarici ölkələrin müxtəlif nüfuzlu təhsil müəssisələrində təhsil alması, ölkəmizdə bütün sahələr üzrə təcrübə toplaması, özünü inkişaf etdirməsi üçün müxtəlif proqramlara cəlb olunması istiqamətində çoxsaylı əməli işlər görülüb. Dəfələrlə gənclərlə bağlı dövlət proqramları icra olunub. Təbii ki, bu proqramlar gənclər üçün böyük fürsətlər yaradıb. Yalnız dövlət qurumlarında deyil, özəl sahədə də gənclərin rolu aydın şəkildə görünür. Beynəlxalq təmsilçilik gənclər arasında savadlı kadrların yetişdirilməsinə təkan verib. Biz sayılıb-seçilən istənilən bir gəncin bioqrafiyasına nəzər salsaq görərik ki, onun karyerasında təhsil, sosial fəaliyyət, beynəlxalq təmsilçilik, dövlət proqramlarından faydalanması kimi nüanslar mövcuddur”.
 

Ş.İsmayılov vurğulayıb ki, Azərbaycan gəncliyinin uğurlu fəaliyyəti müxtəlif sahələrdə hiss olunur:
“Hərb sahəsi, idman, mədəniyyət, təhsil, dövlət idarəçiliyi də daxil olmaqla bütün istiqamətlər üzrə gənclərimizin uğurlarını görmək mümkündür. Burada ideoloji işin görülməsi müstəsna rol oynayır. Ölkəmizdə yetişən vətənpərvər gənclik dövlətimizin inkişafı üçün səfərbər olmaqla öz üzərinə müqəddəs missiyanı götürüb.
Gənc kadrların müxtəlif yüksək vəzifələrə təyinat almasını tez-tez görürük. Əslində, bu, onun göstəricisidir ki, gənclər onlara olan ümidləri doğruldur. Azərbaycan dövlətinin gənc nəsilə qoyduğu sərmayə öz bəhrəsini verməkdədir. Burada təhsillə yanaşı yeni çağırışlar, çevilkik və yüksək enerji də mühüm rol oynayır”.
Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin