Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının müraciəti
Möhtərəm cənab Prezident!
Azərbaycan torpaqlarının böyük bir hissəsinin 30 il ərzində davam edən işğalına son qoyulması, dünyanın hansı səmtində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı üçün doğma və əziz olan Qarabağın düşmən tapdağından azad edilməsi dövlətimizin tarixinə ən şərəfli səhifə kimi yazılacaq və bu tarixi gün əsrlər boyunca xalqımızın fəxarət və qürur mənbəyi kimi gələcək nəsilləırin də qəlbində özünə yer alacaq!
İki yüz il bundan öncə Rusiya İmperiyası ilə Qacarlar dövləti arasında bağlanmış Gülüstan və Türkmənçay sülh müqavilələri ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Bundan sonra qədim tarixə və mədəniyyətə malik olan Azərbaycan xalqı tarixin sonrakı mərhələlərində ayrı-ayrı inkişaf yolları ilə irəliləmək məcburiyyətində qoyuldu. Eyni zamanda da bu müqavilələrin imzalanması ilə Rusiya Cənubi Qafqazda öz forpostunu yaratmaq məqsədilə Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına başladı. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülh müqaviləsinin nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan daha 90000 erməni Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirildi. Bununla müsəlman əhalisinin öz tarixi torpaqlarından sıxışdırıb çıxarılmasına başlanıldı. Hətta avropa və amerika tarixçiləri tərəfindən də təsdiq olunmuşdur ki, Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması nəticəsində təkcə 1828-1920-ci illər ərzində artıq iki milyondan çox müsəlman əhalisi məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayda insan qətlə yetirilmişdir.
Çar Rusiyasının yerində Sovetlər İttifaqı yaradıldıqdan sonra da ərazilərimizin ermənilər tərəfindən tədricən zəbt olunması prosesi davam etdirildi. Həmin dönəmdə “proletar beynəlmiləlçiliyi” şüarları ilə maskalanan Sovet Rusiyası Ermənistanın Azərbaycan ərazilərinin hesabına genişlənməsinə əlverişli şərait yaratdı. Sovetləşmənin ilk dövrlərində cəmi 10 min kvadratkilometr ərazisi olan Ermənistan Dərələyəz, Zəngibasar, Zəngəzur və Göyçə mahallarının hesabına ərazilərini 26 min kvadratkilometrə çatdıra bildi. Azərbaycanın isə Naxçıvanla olan quru əlaqələri tamamilə kəsildi. Qarabağ mahalının dağ və aran hissələrinə bölünməsi, onun digər hissəsi Zəngəzurun Ermənistana verilməsi bir vaxtlar ərazisi 14 min kv.m-dən çox olmuş tarixi Qarabağ mahalının yox edilməsinə gətirib çıxardı. 1920-1986-cı illər ərzində Göyçə və Dilican dərəsi, Naxçıvanın 9 kəndi, Mehri rayonu, Sədərək və Kərki ərazilərinin bir hissəsi, Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl ərazisinin bir hissəsi, Qazax rayonunun İncədərə yaylağı və əlavə 2500 hektarlıq torpaq sahələri, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi müxtəlif bəhanələrlə zəbt edildi. 1923-cü ildə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradıldı və bununla erməni şovinistlərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açıldı, Cənubi Qafqazda ötən əsrin sonlarında və bu əsrin əvvəllərində yaşanan faciələrin əsası qoyuldu.
1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayətin Xalq Deputatları Soveti səlahiyyəti olmaya-olmaya o zamankı Azərbaycan Konstitusiyasını pozaraq vilayətin Ermənistan SSR-ə birləşməsi haqqında qərar qəbul etdi. Moskvanın dəstəkçi siyasəti nəticəsində sonradan açıq hərbi əməliyyatlara çevrilən erməni təcavüzü torpaqlarımızın 20 faizinin işğalına, 1 milyondan artıq insanın öz doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb oldu. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan Respublikası ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 20 mindən çox azərbaycanlı qətlə yetirildi, on minlərcə soydaşımız yaralandı və əlil oldu. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq öz dədə-baba yurdlarından didərgin salındı. İşğalçılıq müharibəsi zamanı erməni şovinistləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırım cinayətləri törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verdi. Soyqırım aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qaldı. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürütdüyü etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə qarşı müqavimət cəbhəsi yaradıldı. Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi sahəsində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinə ağır zərbələr endirməyə və işğal altında olan bəzi əraziləri, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verdi. Azərbaycanla silah dili ilə danışmağın daha mümkün olmadığını görən Ermənistan Respublikası 1994-cü ilin mayında atəşkəs imzalamaq məcburiyyətində qaldı. Bununla da Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olmaq üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yaradıldı. Həmin təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilib. Lakin münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Bu dövlətin rəhbərliyi cəzasız qalmasından, bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrin dəstəyindən istifadə edərək, aparılan danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarının işğalını əbədiləşdirmək üçün müntəzəm cəhdlər göstərib.
O cümlədən 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Azərbaycana qarşı təxribatlar daha geniş vüsət alıb. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə sübut ediblər ki, bu dövlət nəinki işğal altında olan əraziləri qaytarmağa hazırlaşmır, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. Bu məqsədlə Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olub. Düşmənin hücumunun cavabında Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinə uyğun özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapıb. Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Ordu ilə xalqının vəhdətinin təmin edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbəsi ilə hazırki dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi. İnanırıq ki, müzəffər Ordumuzun döyüş əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və tətbiq ediləcəkdir.
Cənab Ali Baş Komandan!
Sizin rəhbərliyiniz altında cəmi 44 gün davam edən müharibədə Azərbaycan beş ilə işğal olunmuş və 30 il ərzində möhkəmləndirilmiş torpaqlarımızı düşməndən geri aldı. Bir il əvvəl bəyan etdiyiniz “Qarabağ Azərbaycandır!” ifadəsi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliyimizi və həmrəyliyimizi formalaşdırdı. Cəmiyyətimizin bu günlərdə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın Sizin ətrafınızda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi. Xalqın və Ordunun Prezident və Ali Baş Komandan kimi Sizə dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatması il bütün dünyaya bir daha aydın şəkildə bəyan oldu!
Sizin adınız gələcək nəsillərin qəlbində Azərbaycan xalqının qürur mənbəyi olaraq əbədi yaşayacaqdır!
Qarabağ Azərbaycandır! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!