Düz 30 günü tamam oldu oldu bu gün...
30 il gözlədiyimiz Vətən müharibəsinin...
Sentyabrın 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və... tam bir ayın tamamında nəticələr: 4 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı; 3 qəsəbə - Hadrut, Mincivan, Ağbənd və düz 166 kənd azad olunub. Xudafərin körpüsü, Murov zirvəsi, yüksəkliklər, dağlar, dərələr, çaylar, göllər, meşələr bizdədir...
30 il ağrısını çəkdiyimiz bir münaqişənin, işğalın yekununa doğru addımlayırıq. Möcüzə kimi bir şeylər baş verir həyatımızda. Qələbənin dadını-tamını duyur, həsrət qaldığımız torpaqlarımıza doğru qanadlanırıq.
Nədir bu prosesin adı, nə baş verir bu ölkədə, həyatımızda? Sirri-sehri nədədir bu olayların?..
Fərd olaraq, şəxs olaraq, ayrı-ayrılıqda biz kimik, nəyik, nə boydayıq? Bu nəhəng kainatda, onun maddi və mənəvi aləmlərində, hər iki dünyasında mikroskopik zərrə, zərrədən də kiçik deyilikmi?
Toplananda, bir araya gələndə, yumruq kimi birləşəndə nə boyda oluruq?!.
Mən az qala hər yazımda bu sözü təkrarlayıram, amma durumumuzu ifadə etmək üçün bundan daha mükəmməli yoxdur: Möcüzə...
Kimin, nəyin Möcüzəsidir bu?..
Kimin, kimlərin çiyinlərindədir bu Nəhənglik?..
Dünyada nə qədər etnos var? Neçə dövlət var?
3000-dən artıq xalqın, etnik qrupun cəmi-cümlətanı 200-nün dövləti, bayrağı, gerbi var...
O 200 ölkədən birinin məhz bizim Vətənimiz – Azərbaycan olması necə böyük, çox böyük, misilsiz böyük xoşbəxtlikdir...
Qürurun və Fəxarətin ölkəsi olmaq necə bir coşğudur, vəcddir, şövqdür...
Bəs dünyada nə qədər konflikt, ərazi iddiaları, işğallar, sonu gəlməyən, bitməyən müharibələr var?! Nə qədər axıdılan qan var, qada var, əzab var, insan əzabı, iztirabı var - barmaqla sayıla bilməyən, tərəzi ilə çəkilə bilməyən...
Bütövlükdə çəkilməsi zülm, işgəncə olan necə Vətən ağrıları, yaralı talelər var...
Bu gün – Vətən savaşımızın 30-cu günündə bunu yazmaq, ifadə və təsvir etmək həddən ziyadə qürurvericidir: bu qədər mürəkkəb aləmdə, ziddiyyətlərin, toqquşmaların arasında biz torpaqlarımızı işğaldan azad edirik, ey insanlar, ey Vətənimin Adamları, ey azərbaycanlılar, 30 gün öncəyədək bizə əlçatmaz görünən Şuşanın, Xankəndinin lap yaxınlığındayıq. Laçın, Kəlbəcər sevinir. Xocalı başını yerdən qaldırıb dəniz gözləriylə bizi arayır...
Qarabağ ölmədən, şəhid olmadan yetişirik, çatırıq dadına...
İllər öncə mərhum Heydər Əliyev demişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”...
Bu gün həmin o Günəşli gündür: Azərbaycan ömrümüzə və dünyaya Günəş kimi doğur...
Böyük Heydər Əliyevin arzuları reallaşır...
Bu, sadəcə, siyasi, diplomatik, hərbi missiya deyil. Bu, sadəcə, bir siyasətçinin, dövlət başçısının uğuru, nailiyyəti deyil...
Bu, bir lütfdür həm də, Tanrının lütfüdür.
Bu, bir şansdır.
Tanrı şansı seçilmişlərə verər, lütfü seçilmişlərə edər. Milyonların içindən bir nəfəri seçər və onun yoluna işıq salar ki, o da millətinin yolunda İşıq olsun, Günəş olsun, Sərkərdə olsun...
1999-cu ildə Prezident Heydər Əliyev Türkiyədə Ermənistanın o vaxtkı prezidenti Robert Köçəryanla Qarabağ danışıqları aparırdı. Köçəryan tez çıxıb görüşdən, kefi kök halda jurnalistlərə əl edərək gedib...
Bir az sonra içəridən Heydər Əliyev çıxıb. Görüşü çəkən jurnalistlər danışır ki, heç vaxt Prezident Heydər Əliyevi o dərəcədə məyus görməmişdik. Dayanmadı, danışmadı. Kədərli gözlərlə bizə baxıb getdi...
Anladıq ki, Qarabağla bağlı durum ürəkaçan deyil...
Böyük Heydər Əliyevin Qarabağ münaqişəsi ilə bağlı bütün çıxışlarında, müsahibələrində təkrar-təkrar dediyi bir cümlə də vardı: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur, ola bilməz”...
Ən ümidsiz, ən məyus zamanlarda da deyərdi. İnanaraq deyərdi...
Eyni fikri İlham Əliyev də deyir: “Şuşasız olmaz”...
Mərhum Vəfa Quluzadə danışırdı ki, ATƏT-in Minsk Qrupunun rusiyalı eks-həmsədri Kazimirovla görüşdə Prezident Heydər Əliyev əlini masaya çırparaq deyib: “Elə bilirsiz Azərbaycan həmişə belə gücsüz olacaq?..”
Bu gün baş verənlərlə o günlərin məyusluğu, sarsıntıları ilə yanaşı, Azərbaycanın mütləq güclənəcəyinə, öz problemlərini özünün həll edə biləcəyinə olan dərin İnam arasındakı bağlılığı görmək lazım. Mərhum Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq, möhkəmləndirmək üçün nə mümkündürsə edirdi. Yox, əksinə, mümkünsüzü edirdi. Amma o zaman ərazi bütövlüyümüzü təmin etmək, torpaqlarımızı işğaldan azad etmək üçün imkanlarımız və hərbi gücümüz, həmçinin, siyasi şərait adekvat deyildi.
Azərbaycanın öz ərazilərini özünün azad etməsi üçün güclənmək, çox güclü olmaq lazım idi...
O qədər güclənməliydik ki, bizimlə hesablaşsınlar. Bizimlə strateji tərəfdaş olsunlar, dost və müttəfiq olsunlar...
Tanrı Prezident İlham Əliyevə məhz o Görəvi verdi...
Mən əminəm ki, Prezident İlham Əliyev atasının – böyük Heydər Əliyevin müdriklik və fitrətdən qaynaqlanan uzaqgörənliyini bizim hər birimizdən daha artıq görüb, hiss edib, bilib və bu illər ərzində atasından aldığı Odu ötürmək üçün son dərəcə fədakarlıqla, qəhrəmanlıqla və inamla bu Qələbə üçün hazırlaşıb, çalışıb, gecəsini gündüzə qatıb. Ölkəni inkişaf etdirmək, dünyanın və regionun qabaqcıllarından biri etmək, ordu quruculuğunu uğurla başa çatdırmaq üçün bütün gücünü və imkanlarını səfərbər edib.
Biz bəzən gözümüzün önündə baş verənlərin mahiyyətini anlamağa, analiz etməyə, düzgün nəticə çıxarmağa çətinlik çəkmişik. Məsələn, son günlərədək bizə aydın olmayıb ki, kosmosa peyk göndərmək dövlət olaraq bizim nəyimizə lazımdır. Beynəlxalq tədbirlərə ev sahibliyi etmək, koronavirusla mübarizədə dünyanın 30-dan artıq ölkəsinə yardım göndərmək, Qoşulmama Hərəkatında iştirak, fərqli qitələrin fərqli dövlətləriylə əlaqələr, dostluqlar nə üçündür?!
Və indi o suallara cavablar cavab şəklində yox, hadisə, müharibə, dəstək, kömək, qələbə, uğur şəklində qarşımıza çıxır.
Və biz onları həm də Cavab sayırıq.
Ermənistanın meydanda təkləməkdir bir Cavab. Fövqəl-dövlətlərin miqyassız dəstəyi, yaşı əsrlərlə ölçülən diaspor, lobbi təşkilatlar, təşkilatlanmalar... hər şey, Ermənistanı yenilməz göstərən hər şey darmadağın olur Azərbaycan Prezidentinin qarşısında. Çünki İlham Əliyev hər bir addımıyla göstərir ki, hər şeyi bütün incəliyinədək hesablayır. Hansı auditoriya ilə necə, hansı tərzdə, hansı dildə danışmağı bilir. Orduya qalib Ali Baş Komandan olmağı bilir. Düşmənin dostlarını zərərsizləşdirməyi, tərəfimizə çəkməyi bilir. Və düşməni kişi kimi, mərdi-mərdanə döyüş meydanında əzir, uduzdurur, məğlubiyyətə düçar edir...
Əxlaqlı mübarizə aparmaqdır digər cavab. Mülki əhalini hədəfə alan Ermənistanın və onun havadarlarının vandalizminə əxlaq və ləyaqətlə sinə gərir. Bütün dünyaya sözün əsl mənasında, master-klass göstərir...
Bu 30 gün ərzində hər gün xarici media orqanlarına danışıb. Hamını və hər kəsi intellektual hazırlığı, mədəni səviyyəsi, zəka gücü, təmkini, dünya siyasətini bütün detallarınadək bilməsiylə heyrətləndirib. Diplomatik və təbliğati müstəvidə tək vuruşub. Təkbaşına bir ordunun görəcəyi İşi görüb...
Xalqla danışıb. 30 gündə 6 dəfə xalqa müraciət edib. Hər şeyi bizimlə bölüşüb, izah edib, anladıb. Necə ağır döyüşlərin getdiyini, əsgərlərimizin cəngavər kimi döyüşməyini, qələbəni yalnız silahlarla deyil, ilk növbədə hərbçilərimin şücaəti ilə əldə etdiyimizi bəyan edib.
Qələbənin asanlıqla qazanılmadığını ondan öyrənmişik. Nə ön cəbhədə, nə də diplomatik müstəvidə...
Özü deməyib, amma beynəlxalq aləmdə necə təzyiqlərlə üzləşdiyindən də xəbərimiz var. Cəngavər kimi durur hamının qarşısında...
Bizim qarşımızda da; bütün impulsiv reaksiyalarıyla, emosiyalarıyla, xitabıyla, ifadə formasıyla, yanaşmalarıyla nə qədər millidir İlham Əliyev. Nə qədər vətənpərvərdir. Nə qədər azərbaycanlı, nə qədər azərbaycançıdır...
Əmin olduğum bir şey də var: o bizim qəlbimizi görür. O, bizi hiss edir. O, bizim Murov zirvəsi kimi yüksək ruhumuzu görür. Bu 30 ildə yalnız Qarabağ üçün yaşamağa, ayaqda qalmağa, qüvvətlənməyə çalışdığımızı bilir. Nəfəsi də Qarabağ üçün aldığımızı da...
Ona görə Qarabağ onun üçün yalnız ərazilərimizi bütövləşdirmək aktı deyil...
Həm də bizi – Milləti böyütmək, yüksəltmək, Azərbaycan boyda etmək istəyidir...
O, bunu genetik kodlarla, kosmik energetika ilə, intuisiya və entuziazmla, sevgiylə edir...
Onun bir adı da Azərbaycandır...