RegionTV.info Politoloq Ramiyə Məmmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Moskvada keçirilən üçtərəfli görüşdən sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistandan keçəcək dəhlizin açılması məsələsi dəqiqləşməyə başlayıb. Sizcə, bu planın perspektivdə reallaşması nə qədər mümkündür, eləcə də Azərbaycan və Türkiyəyə nə vəd edir?
- Hesab edirəm ki, bu, perspektivdə nəticələri olacaq bir anlaşmadır. 44 günlük müharibənin ən pozitiv nəticələrindən biri də budur ki, Naxçıvan blokadadan çıxmağa başlayacaq. Növbəti mərhələlərdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Mehri dəhlizi açılacaq və sovet dövründə olduğu kimi qatar və avtomobillə gediş-gəliş mümkün olacaq. Eyni zamanda, Türkiyə və Azərbaycanın əsas hissəsi arasında birbaşa əlaqələr təmin olunacaq. Rahat şəkildə Bakıdan Türkiyəyə avtomobillə gedə biləcəyik. Əlbəttə, bu, böyük nailiyyətdir.
Şübhəsiz ki, bölgədə açılacaq yeni beynəlxalq nəqliyyat xətləri bölgənin iqtisadi inkişafına təkan verəcək və ticarət əlaqələrini şaxələndirəcək. Bu, Türkiyənin bölgədə daha da güclənməsinə şərait yaradacaq. Bu gün türk ordusu Azərbaycandadır. Bu, təkcə Türkiyənin yox, NATO qüvvələrinin bölgədə olması deməkdir və Rusiyadan buna heç bir təpki yoxdur. Bu da böyük bir nailiyyətdir. Rusiya sonda anladı ki, Ermənistanı dəstəkləməklə, Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanı itirə bilər.
Dəhliz məsələsinə gəldikdə, bu, Rusiya, Türkiyə və Azərbaycan arasında əldə olunan sövdələşmənin nəticəsidir. Təbii ki, dəhlizin açılmasından sonra Avropa bazarlarına çıxış imkanlarını genişləndirmək Rusiya üçün də böyük nailiyyətdir. Bu layihədən təkcə Rusiya, Türkiyə və Azərbaycan yox, bölgədəki digər dövlətlər – Gürcüstan, İran və Ermənistan da qazanacaq. Əlbəttə, burada əsas qazanclı tərəflər Azərbaycan və Türkiyə olacaq. Bu, bölgədə Türkiyə-Azərbaycan tandemini daha da gücləndirəcək.
- Görüşdə “Dağlıq Qarabağın statusu” məsələsi müzakirə olunmadı və qəbul edilən bəyanatda da bu, əksini tapmadı. Hətta ilk dəfə Rusiyanın əsas media qurumlarında Azərbaycan xəritəsi tanınmış sərhədlər daxilində göstərildi, yəni Dağlıq Qarabağ münaqişə zonası kimi təqdim edilmədi. Bunu necə izah etmək olar?
- Ümumiyyətlə, bizim anlayışımızda heç vaxt “Dağlıq Qarabağın statusu” məsələsi olmayıb. Status məsələsi vaxtilə olub, bu da müharibədən sonrakı dövrə təsadüf edir. ATƏT-in Minsk Qrupunun qurulması səbəblərindən biri də, oradakı ermənilərə statusun verilməsi ilə bağlı idi. Amma illər keçdikcə status məsələsi öz yerini itirməyə başladı. 44 günlük müharibədən sonra isə bu, tamamilə gündəmdən çıxarıldı. Ümumiyyətlə, Dağlıq Qarabağa niyə status verilməlidir? Vaxtilə bu məsələ müzakirə edilirdi ki, 7 rayon qaytarılsın, bölgədəki ermənilərə status verilsin. Amma buna ehtiyac qalmadı, status məsələsi ləğv edildi. Belə də olmalı idi. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Vaxtilə muxtar statusu olan Dağlıq Qarabağ tarixin bütün dövrlərində, eləcə də sovet dönəmində Azərbaycan ərazisi kimi tanınıb, qəbul edilib. Bundan sonra da belə qalacaq.
Artıq status heç kimə lazım deyil. Paşinyan üçtərəfli görüşdə bu məsələni qaldırsa da, buna kimsə əhəmiyyət vermir. Rusiya da bu yöndə ermənilərə dəstək vermir və verməyəcək. Bu gün Rusiya sülhməramlılarının Dağlıq Qarabağa qaytardıqları ermənilərin hamısı de-yure Azərbaycan vətəndaşları sayılırlar. Ermənilər bunu qəbul etməyə bilərlər, amma onların arxalandıqları Rusiya da Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirir. Qeyd etdiyiniz kimi, Rusiyanın hakimiyyətə yaxın media qurumları da, artıq bölgəni münaqişə zonası olmaqdan çıxarıb və regionun Moskvada Azərbaycan sərhədləri daxilində qəbul olunduğunu nümayiş etdirir. Məsələyə artıq nöqtə qoyulub.
Ermənilər də ya Azərbaycan vətəndaşlığını qəbul edib Dağlıq Qarabağda, ya da bundan imtina edib Ermənistan ərazilərində yaşayacaqlar. Əgər onlar Ermənistanda yaşamağı seçəcəklərsə, bundan sonra onları Azərbaycanla heç nə bağlamayacaq. Amma Azərbaycan pasportlarını qəbul edib orada normal yaşamağa davam edəcəklərsə, Azərbaycan vətəndaşları kimi onlara hər cür şərait yaradılacaq. Əks təqdirdə, ağıllarının başlarına gəlməsi üçün zəruri olan bütün addımlar atılacaq. Başqa cür mümkün deyil. Erməni lobbisinin güclü olduğu Fransa və bir sıra digər dövlətlər bu reallığı qəbul etməsələr də, regionun ən böyük dövləti Rusiya onlara göstərir ki, bu münaqişəyə Azərbaycanla birlikdə nöqtə qoyub, məcburi də olsa, Türkiyənin regiondakı mövcudluğunu qəbul edib. Eyni zamanda, həmin ərazilərin Azərbaycan torpaqları olduğunu prezident səviyyəsində bildirib.
Əlbəttə, Rusiyada dairələr var ki, status məsələsini qabardırlar və Moskvanın Ermənistanı satdığını iddia edirlər. Amma Rusiyanın bu gün bölgədə yürütdüyü siyasət bundan əvvəlkindən çox fərqlidir. Rusiya başa düşür ki, bu gün onun Avropaya çıxışı yalnız Türkiyə üzərindən ola bilər. Azərbaycan və Türkiyə ilə münasibətlərin qorunması Rusiyaya iqtisadi rifahı baxımından önəmlidir. Putin və digər dövlət adamları da bunu çox gözəl başa düşürlər. Rusiya öz gələcəyini təhlükə altına atmaqdansa, Ermənistanı qurban verməyə razıdır. Yəni Rusiya istəyərək etməsə də, öz iqtisadi maraqları naminə münaqişənin obyektiv həllinə razı oldu.
- Sizcə, Türkiyə davam edən danışıqların hansısa mərhələsində masada ola bilər?
- Hələlik danışıqlar üçtərəfli formatda gedir. Əlbəttə, bölgənin ən böyük dövləti Rusiyadır. Eyni zamanda, Rusiya münaqişəni yaradan və sonda münaqişəyə nöqtə qoyan dövlətdir. Onu da yaxşı bilirik ki, müharibədən əvvəl və sonra, eləcə də savaş vaxtı Rusiya və Türkiyə arasında danışıqlar getdi, sövdələşmələr əldə olundu. 44 gün ərzində Çavuşoğlu və Lavrov arasında çox sayda telefon danışıqları baş tutmuşdu. Yəni bölgənin iki gücü olaraq, Türkiyə və Rusiya müharibəni nəzarətdə saxladılar. Türkiyə amili savaş vaxtı Rusiya faktorunu neytrallaşdıra bildi. Sonda Rusiya təktərəfli formada öz sülhməramlılarını Dağlıq Qarabağa göndərsə də, tarixi təcrübələrdən bilirik ki, Rusiyaya güvən yoxdur. Rusiya həmişə Ermənistanın tərəfində olub. Sülhməramlıların Dağlıq Qarabağda çıxdığı hoqqaları görəndə bir daha əmin oluruq ki, Rusiyaya güvənmək mümkün deyil. Amma biz Rusiyanın bölgədəki mövcudluğu amilini öz xeyrimizə çevirməliyik.
Biz Türkiyə ilə birgə addımlamaq niyyətindəyik. Azərbaycan öz iradəsini ortaya qoyaraq, Türkiyənin bölgədə iştirakını təmin edə bildi. Artıq NATO-nun ikinci ən güclü ordusuna sahib olan Türkiyə bölgədədir. Eyni zamanda, Türkiyənin masada olub-olmayacağı bizə bağlı olan məsələdir. Hər şey bu məsələnin üstünə nə qədər düşüb-düşməyəcəyimizə bağlıdır. Əlbəttə, biz Türkiyənin masada olmasını istəyirik. Çünki Rusiyanın Ermənistan tərəfində olduğunu nəzərə alsaq, Türkiyənin də masada bizim tərəfimizdə oturmasını doğru sayırıq. Amma bu həlli uzanan bir məsələdir. Bununla belə, Türkiyə masada olmasa belə, Moskva və Ankara arasında danışıqlar gedir. Bir növ masada Türkiyəni Azərbaycan təmsil edir. Çünki Türkiyə ilə məsləhətləşmələr aparılır. Yəni Azərbaycan masada Türkiyənin fikirləri və mövqeyini çatdırır.
- Son günlərdə qeyri-rəsmi mənbələrdə Türkiyədən Azərbaycana tez-tez hərbi yük təyyarələrinin uçduğu haqda məlumatlar yayılır. Bu nə ilə bağlı ola bilər?
- Məlumdur ki, Türkiyə və Azərbaycan arasında imzalanmış hərbi sazişlər var. Necə ki, Rusiya İran üzərindən təyyarələrlə Ermənistana silah-sursat daşıyır, bu sazişlər də, Türkiyəyə qardaş Azərbaycana istənilən dəstəyi verməsinə imkan yaradır. Yəni Türkiyədən Azərbaycana hərbi yük daşına bilər və buna kiminsə etiraz etməsinə ixtiyarı yoxdur. Digər yandan, bu gün müharibə getmir. Halbuki müharibə vaxtı Rusiyanın İran üzərindən Ermənistana hərbi yük daşımasına dəfələrlə etiraz etmişdik. Bu etirazlar təsadüfi deyildi, çünki bu addımlar Azərbaycana qarşı atılırdı. Bu gün isə müharibə yoxdur və Azərbaycan istənilən ölkədən hərbi yük qəbul edə bilər. Eyni zamanda, Türkiyə və Azərbaycan arasındakı hərbi əlaqə və əməkdaşlığın hüququ bazası var.
Bəzən o fikirlər səsləndirilir ki, Azərbaycan yenidən müharibəyə hazırlaşır. Belə iddiaların ciddi əsaslarının olmadığını düşünürəm. Azərbycanın belə bir niyyəti yoxdur. Çünki hərbi proses Azərbaycanın xeyrinə yekunlaşıb və belə bir addıma ehtiyac yoxdur. Qalan məsələlər artıq müharibə meydanında yox, diplomatik masada həll olunur. Bunlar siyasi-iqtisadi məsələləri özündə ehtiva edir. Artıq müharibənin davam etdirilməsi yox, bölgədə quruculuq işlərinin aparılması və iqtisadi layihələrin həyata keçirilməsi müzakirə mövzusudur. Buna görə də, kimsə Türkiyədən Azərbaycana hərbi yüklərin daşınmasını əlində bayraq edə bilməz. Azərbaycan müharibədən əvvəl də, Türkiyədən silah-sursat alırdı, bundan sonra da alacaq. Bu ixtiyar Azərbaycanın öz əlindədir.