Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan bankları təhlükə altındadır? - Ekspertlər həyəcan təbili çalır

Azərbaycan bankları təhlükə altındadır? - Ekspertlər həyəcan təbili çalır


Bu gün Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Muğan Bank"ın lisenziyası ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. Mərkəzi Bank bildirir ki, “Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4%, kredit portfelində 2%, sektorun öhdəliklərində isə 1,3% təşkil edib.

 Azərbaycanda hazırda 23 bank fəaliyyət göstərir. "Muğan Bank" son 5 ayda Azərbaycanda fəaliyyətini dayandıran ikinci bankdır. Belə ki, bu ilin may ayında Mərkəzi Bank “Günay Bank”ın da lisenziyasını ləğv edib. Bundan sonra Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında başqa bankların da bağlana biləcəyi barədə iddiaları təkzib etmiş və demişdi ki, Azərbaycanda hər hansı bankın bağlanacağını deyən ekspertlər fakt göstərməli, iddialarını əsaslandırmalıdır. O, həmin vaxt ölkədə ciddi problemi olan bankın olmadığını bildirib.

 Bankların bağlanması Azərbaycan maliyyə sabitliyinə necə təsir edir? Bankarın bağlanması iqtisadiyyatı təhdid edirmi? Bundan sonrakı dövrdə də hansısa bankların bağlanması gözlənilirmi?

 Məsələ ilə bağlı  danışan iqtisadçı ekspert Eldəniz Əmirov vurğulayıb ki, bir bankın bağlanmasının ən böyük mənfi təsiri insanların bank sektoruna inamının aşağı düşməsidir:

 “Hansısa bankın lisenziyasının ləğv olunmasının bank sektoruna heç bir mənfi təsiri yoxdur” ifadəsini işlətmək doğru deyil. Əgər kapitalı, dövriyyəsi, depozit portfeli, kredit portfeli şərti olaraq, x manat olan bir bankın bağlanması sektora heç bir mənfi təsir etmirsə, onda demək yeni bankın  yaranması da bank sektoruna təsir etmir. Ancaq bu, belə deyil. Çünki istənilən subyektin bazara öz təsiri var. Bu təsir az və ya çox ola bilər.  Bir bankın bağlanmasının ən böyük mənfi təsiri bank sektoruna insanların psixoloji olaraq inamının sarsılmasıdır. Çünki söhbət əmanətlərin batıb-batmamasından getmir. İnsanlar bir qayda olaraq, bank sektorunda olan bu proseslərdən qorxuya düşür”.

Ekspert vurğulayıb ki, bu gün əmlak bazarında olan aktivliyin, xüsusilə də Bakı şəhərində bu sahədə qiymət artımlarının səbəblərindən biri də bank sistemindəki sözügedən proseslərdir:

 

“Həm depozit faizlərinə verginin tətbiq olunması, həm də bir müddətdən bir bankların bağlanması bank sisteminə ciddi təsir göstərir. İqtisadi faktorlarla yanaşı, psixoloji faktorların da bank sektorunun uğurlu olması üçün çox böyük əhəmiyyəti var. Yəni inam indeksi aşağı olduqda ciddi problemlər yaranır. Təsəvvür edin ki, insanlar narahat olduqları üçün öz depozitlərini geri çəkir. Belə olan halda nə baş verər? Biz bunu Türkiyədə, ABŞ-da müşahidə etdik. Ona görə də mənfi təsir yoxdur demək olmaz. Mənfi təsir var, sadəcə azdır. Bankın bağlanmasının ümumi iqtidsadiyyata ciddi təsirləri olacağını düşünmürəm. İqtisadiyyat burada sadəcə bazar subyektlərindən birini itirir. Eyni zamanda bu bankla əməkdaşlıq edən təsərrüfat subyektlərinin fəaliyyətlərində bir dövrlük durğunluq yarada bilər”.

 

Digər bir iqtisadçı ekspert Natiq Cəfərli də söyləyib ki, zaman-zaman belə olayların yaşanması bank sektoruna inamı azaldır:

 

“Azərabycanda zaman-zaman problemli bankların sıradan çıxması müşahidə olunur. Bu proseslər normal bazar qaydalarına uyğun baş verirsə, əndişə yaradacaq məsələ yoxdur. Bu prosesin idarə olunması, əhalidən banklarla bağlı gözləntilərinin belə idarə olunması, Azərbaycanda normal baş vermir. Nəticə etibarilə, zaman-zaman bəzi bankların bağlanması əhalinin sektora olan güvənini zədələyir.Banklarda olan depozitlərə bu təsir edir. Ümumi bank sisteminə təsir göstərir”.

Ekspert sektorda inhisarçılıq meyillərinin yarandığını deyib:

 

“Bağlanan banklar kiçik, bazar payı az olan banklardır. Amma tendensiyanın özü yaxşı deyil. İldə bir neçə dəfə belə xəbərlərin çıxması Azərbaycan bank sistemində təmərküzləşmənin getdiyini göstərir. Sistemi 3-4 bank öz əlinə alır. Bu isə inhisarçılıqdır. İnhisarçılıq isə heç vaxt normal inkişafa gətirib çıxara bilməz”.

 

İqtisadçı ekspert Pərviz Heydərov isə “Muğan Bank”ın Azərbaycanda ən zəif banklardan biri olduğunu qeyd edib:

 

“Muğan Bank”ın mövcud bank sektoru üçün demək olar ki, əhəmiyyəti yox idi. Belə bankların bağlanma təhlükəsi hər zaman var. “Muğan Bank”ın fəaliyyəti dar çərçivədə olduğundan onun bağlanması nə bank sektoru, nə də ölkə iqtisadiyyatı üçün mənfi təsir və təzyiqlər yarada bilər”.

Ekspert belə bankların az olmadığını vurğulayıb:

 

“Belə bankların sağlamlaşdırılması və fəaliyyət istiqamətinin genişləndirilməsi məqsədilə müvafiq yardımların edilməsinə ehtiyac var.Ancaq bunun da hansı effekti verəcəyini əvvəlcədən hesablamaq çətindir. Ona görə də, bu cür bankların lisenziyasının alınması ən asan və yeganə çıxış yolu hesab olunur. Buna baxmayaraq, belə bankların ucdantutma bağlanması düzgün hesab edilə bilməz. Mümkün çərçivədə müvafiq təhlillərin, monitorinqlərin aparılması ilə belə bankların vəziyyəti ətraflı təhlil olnmalıdır. Əgər mümkündürsə, onlara sağlamlaşdırma və fəaliyyətlərini genişləndirmək üçün müəyyən dəstək göstərilməlidir. Təəssüflər olsun ki, “Muğan Bank” kimi banklar az deyil. Amma bu həmin bankların hamısının ucdantutma bağlanmalı olduğu anlamına gəlmir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də