RegionTv.info
Qulu Məhərrəmli: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın..."
Azərbaycanın qalibiyyəti ilə başa çatmış 44 günlük müharibə, hələlik Dağlıq Qarabağ münaqişəsinin tam həllinə gətirib çıxarmayıb. Rusiya prosesə müdaxilə etdi, üçtərəfli atəşkəs razılaşmasına nail oldu və dərhal sonra ordusunu sülhməramlı qüvvələr adı altında bölgəyə göndərdi.
Noyabrın 10-dan sonra sülhməramlıların nəzarətində olan Xankəndində və başqa ərazilərdə cərəyan edən hadisələrə Bakıdan səbrli reaksiya olsa da, narahatlıq mənbəyi getdikcə böyüyür. Çünki atəşkəs razılaşmasına bütövlükdə əməl olunmayıb, erməni hərbi birləşmələri ərazidə qalmaqda davam edir, müharibə dövründə bölgəni tərk etmiş erməni əhalisi sülhməramlıların dəstəyi ilə geri qaytarılır, məskunlaşdırılır və s.
Erməni ordusunun qalıqları isə bir neçə dəfə Azərbaycan ordusunun mövqelərinə hücum cəhdləri edib, nəticədə xeyli sayda diversant zərərsizləşdirilib və ya həbs edilib.
Ümidlər var ki, gələn həftə Rusiyada gözlənilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə mövcud problemlər masaya yatırılacaq və onların həlli ilə bağlı qərarlar veriləcək. Amma 10 noyabr bəyanatının tam icra edilməməsi növbəti razılaşmaların icra mexanizmlərinin olub-olmayacağı suallarını gündəmdə saxlayır.
"Əsas təhlükə Rusiya sülhməramlılarının fəaliyyətidir"
Siyasi icmalçı, professor Qulu Məhərrəmli ilə söhbətimizdə bu və digər məsələlər ətrafında söhbət etmişik. Professor əvvəlcə Dağlıq Qarabağda bizim üçün təhlükəli proseslər barədə fikirlərini bölüşüb.
O, hesab edir ki, hərbi əməliyyatlardan sonra bölgədəki vəziyyəti qeyri müəyyənlik, müəyyən mənada isə hərbi-siyasi böhran kimi də qiymətləndirmək olar.
"Çünki üçtərəfli bəyanatdan sonra tərəflər üçün müəyyənləşdirilmiş addımların bir qismi atılsa da, bir hissəsi icra edilmir. Məsələn, atılan addımlar sırasında Ağdamın, Kəlbəcərin, Laçının boşaldılması ilə bağlı müəyyən problemlər ortaya çıxdı. İndi tədricən mənzərə aydınlaşır.
Əlbəttə, ən ciddi məsələ bəyanatın birinci bəndinə əməl olunmamasıdır. Həmin bənddə göstərilir ki, sülhməramlı qüvvələrin bölgəyə yeridilməsi ilə paralel olaraq oradakı erməni hərbi qüvvələri əzariləri tərk edir. Burada söhbət Ermənistan ordusundan və yerli hərbçilərdən gedir. Əslində bunlar vahid koordinasiya olunan Ermənistan ordusudur. Bununla bərabər sülhməramlılarla separatçılar arasında isinişmə, birgə tədbirlər davam edir, humanitar yardım adı altında nələrin baş verdiyini isə heç kim dəqiq müəyyən edə bilmir. Rusiya Müdafiə Nazirliyinin saytında xəritə oyunu gedir, bəzən biz ona müqavimət göstəririk, bəzən də o qədər sürətli dəyişikliklər olur ki, reaksiya verə bilmirik", - siyasi şərhçi qeyd edib.
Q.Məhərrəmli bütün bunların hamısını “kiçik və böyük təxribatlar” adlandırır: "Məqsəd ondan ibarətdir ki, Azərbaycanla sülhməramlılar arasında toqquşma və ya kəskin situasiya yaradılsın. İndi tədricən duman çəkilir, Prezidentin Yeni il müraciətində müəyyən mesajlar verildi, ilin yekunlarına həsr olunmuş müşavirədə isə siyasətin bəzi konturları açıqlandı.
Rəsmi Bakının mövqeyi ondan ibarətdir ki, bölgə tam Azərbaycanının yurisdiksiyası altındadır, Dağlıq Qarabağa Avropadan, Rusiyadan və ya Ermənistandan kimlər gəlirsə, bu, ancaq Azərbaycanın razılığı ilə mümkündür. Bu tələbdə qeyri-adi heç nə yoxdur, istənilən özünə hörmət edən dövlət məsələyə bu cür yanaşmalıdır".
Xəbəri paylaş