“Uşaq yaşlarında həmişə Xocalı faciəsindən danışırdı, orada öldürülən uşaqların, böyüklərin halına yanırdı. Çox vətənpərvər övlad idi. Qarabağ uğrunda döyüşlər başlayanda Şəhriyar könüllü olaraq ordu sıralarına yazıldı, mən də ona mane olmadım. Bir söz deyəndə də deyirdi ki, sən vuruşma, mən vuruşmayım, bəs kim vuruşsun?”
Bunu Moderator.az-a açıqlamasında şəhidimiz Şəhriyar Qasımovun atası Vəzir Qasımov deyib. Şəhriyar Qasımov 1995-ci il noyabr ayının 7-də Bərdə rayonu, Hüseynbəyli kəndində anadan olub. Orta məktəbi uğurla bitirən Şəhriyar hərbi xidmətə yollanır. Xidmət dövründə kəşfiyyatçı-snayperçi daha sonra kiçik çavuş rütbəsinə yüksəlir. Şəhidimiz Tovuz döyüşlərində də iştirak edib. Şəhriyarın atası şəhid ailələrinə bu cür təskinlik verib:
“Şəhid olmaq dində də, xalqın içində də şərəfdir. Bir gün tez, bir gün gec hamı bu dünyadan köçəcək. Şəhid ailələrinə onu deyə bilərəm ki, övladların şəhidlik zirvəsinə yüksəlmələri ilə barışsınlar, dünyadan köçməyə tələsməsinlər. Allahın verdiyi ömrü yaşasınlar, özlərinə yaxşı baxsınlar” - deyə şəhid atası bildirib.
Şəhidimizin anası İlhamə Qasımova isə oğlu ilə bağlı bu sözləri danışıb:
“Dedim ki, oğul getmə, atan xəstədir. Dedi ki, mən ölməyə yox, öldürməyə gedirəm. Qələbə ilə geri qayıdacam. Ürəyində arzuları çox idi, hər şeyini bizimlə paylaşan deyildi. Amma ən böyük arzusu şəhid olmaq idi. Mən xəstəxanada idim, yoldaşım zəng etdi ki, gəl evə. Bildim ki, balama nəsə olub. Məni aldadıb dedi ki, ayağını kəsiblər, dedim ki, eybi yoxdur, mən öz ayağımı ona verərəm. Sən demə artıq balam şəhid olmuşdu. Balam mənə verdiyi sözü tutmadı, geri qayıtmadı. Hələ də onun yolunu gözləyirəm. Nə cəbhəyə yollananda qoydu onu yola salım, nə də danışa bildim onunla. Təkcə bir dəfə danışdım, o da maaşını alanda. Kaş yanımda olaydı, sarılardım ona. Heç olmasa bir dəfə (ağlayır) ”...
Qeyd edək ki, Şəhriyar Qasımov Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonu uğrundakı döyüşlərində fəal iştirak edərək, oktyabr ayının 26-da şəhidlik zirvəsinə ucalıb.