İkinci Qarabağ Savaşında iştirak edən qəhrəman hərbçilərimizdən biri də MAXE Abbasov Tərlan Təvəkkül oğludur.
Moderator.az döyüşçümüzlə müsahibəni təqdim edir:
- Tərlan, neçə ildir ki, orduda xidmət edirsən?
- Artıq dörd ildir ki, hərbidə MAXE kimi xidmət edirəm. Özüm 1988-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşam. Ailəliyəm, iki övladım var.
- Bəs İkinci Qarabağ Savaşına necə qatıldınız?
- Mən sürücü-müxanikəm. Ağcabədidə xidmət edirdim. Biz artıq iyul hadisələrində Tovuzda generalımız və digər hərbçilərimiz şəhid olandan sonra Füzuli istiqamətində döyüşə hazır vəziyyətdə gözləyirdik. Sentyabrın 27-də döyüş başladı və biz Füzuliyə girdik. Laçına qədər getdik və oktyabrın 9-da orda yaralandım.
- Necə oldu ki, yaralandınız?
- Laçının giriş-çıxışına Xüsusi Təyinatlılarımızla bir yerdə biz nəzarət edirdik. Əsas yolu tanklarımızla bağlamışdıq. Tanklarımızdan birində nazaslıq olduğu üçün geri çəkdik ki, o nasazlığı aradan qaldırsınlar. Aradan beş dəqiqə keçəndən sonra yolda dayanan mənim tankımı ermənilər tank əleyhinə raketlə vurdular. Tank vurulan kimi biz üç nəfər hərbçilər tankdan çıxdıq. Tankın içi yansa da, özü yanmadı.
- Şəhid olan olmadı ki, orda?
- Xeyr. Hər üçümüz yaralandıq, şəhid olanımız olmadı. Əllərim, başım, üzüm, gözlərim yanmışdı. Gözlərimdə qəlpələr o qədərdir ki, saymaqla qurtaran deyil. Həkimlər gözlərimi əməliyyat edib həmin qəlpələrin çoxunu çıxardılar. Təzə yaralananda nə görürdüm, nə də eşidirdim. Hadisədən sonra mənə Hadrutda ilkin tibbi yardım göstərildi. Daha sonra Ağcabədiyə və ordan da Bakıya gətirdilər. Təxminən Bakıda hospitalda bir həftə gözlərim görmədi.
- Yenidən xidmətə qayıdacaqsanmı?
- Əlbəttə, xidmətimə davam etmək istəyirəm. Sağ gözüm tam görür, amma sol gözümdə zəiflik var. Bir qulağım isə eşitmir. Başımda ağrılar olur, əsəbiyəm, yaddaşım çox zəifdir. Həkimlərin dediyinə görə vaxt keçdikcə, bunlar da düzələcək.
- Yaralandığın günə qədər döyüşlər necə davam edirdi?
- Füzuliyə ilk girən biz olmuşuq və cəbhəni tanklarla yarmışıq. Çünki minalanmış sahələr var idi və keçmək mümkün deyildi. Ermənilər bir kənddə beş gün döyüşürdülər və görəndə ki, bacara bilmirlər, 5-10 kəndi qoyub qaçırdılar. Yaralılarını, meyitlərini ərazidə qoyub geri çəkilirdilər.
- Son olaraq demək istədiyin hansısa sözün varmı?
- Sözüm odur ki, qələbə çaldığımız üçün qürurluyuq. Torpaqlarımızı şükür Allaha ki, işğaldan azad etdik. Allah Ali Baş Komandanımızı, ordumuzu, xalqımızı qorusun.