Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Kəlbəcərə qayıdan kimi həmin o alma ağacının dibində qardaşımın məzarını axtaracam...”






Kəlbəcərin Günəşli kənd sakini Validə Quliyeva doğulduğu rayonunun işğaldan azad edilməsinə sevindiyini bildirib. Bir il altı ay səkkiz nəfər ailə üzvüylə əsirlik həyatı yaşayan V.Quliyeva olanları belə nəql edib:

“1993-cü il martın 31-də biz Kəlbəcərdən çıxarkən ermənilərin pusqusuna düşdük. Maşında olan qardaşlarım Bəxtiyar, İslam, Fərman, atam Məmməd, bacılarım Şahnaz, İlhamə, Cəmilə və mən əsir düşdük.  Maşınımızı atəşə tutuqları üçün 21 yaşlı qardaşım İslam və 13 yaşlı bacım Şahnaz şəhid oldu. Bizi əsir götürüb Xankəndinə apardılar. Orda 1 il 6 ay əsirlikdə qaldım. Qardaşım İslamı orda bir alma ağacının yanında dəfn etdik və dedilər ki, nə vaxtsa bura gələndə gəlib meyitinizi apararsınız. Bacım Şahnaz isə itkin düşdü. Daha sonra Qırmızı Xaç Komitəsinə də müraciət etdik amma, tapılmadı. Anam Sənəmlə, bir qardaşım Elman isə evimizdə qalmışdılar ki, atam geri qayıdıb mal-heyvanlarımızı çıxaracaqdı. Amma onlar da Murov yoluyla zülümlə gəlib çıxmışdılar. Bir il altı ay əsirlikdə isə çox əziyyət çəkdik. Düzdü, yaralı olduğumuz üçün qadınlara işgəncə vermirdilər, onsuz da halımız yox idi, Xankəndində xəstəxanada yerləşdirilmişdik. Orda mənim yaralarım tikildi və bir barmağım amputasiya olundu. Erməni həkim barmağımı zəhərli bıçaqla kəsdi, istəyirdi ki, zəhər qanıma keçsin və ölüm. Kişi əsirləri isə ayrı saxlayırdılar və onlar hər dəfə maşınlara yığıb harasa işləməyə aparıb-gətirirdilər. 

Əsirlik həyatından sonra biz xilas edildik və hazırda Qax rayonunda yaşayıram. Atam elə Kəlbəcər deyə-deyə dünyasını dəyişdi. Anam isə çoxdan rəhmətə gedib. İndi Kəlbəcərin işğaldan azad edilməsinə inana bilmirəm. Gedən kimi həmin o alma ağacının yanına gedib qardaşımın məzarını axtaracam. (Ağlayır)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də