"Mən noyabrın 7-də, oktyabr inqilabının ildönümü günü sizdən məruzə gözləyirəm, bu Siyasi Büronun və partiyanın tələbidir...” – Nikita Xruşov bu sözləri telefon danışığı zamanı əmr formasında SSRİ Müdafiə Nazirliyinin Baykonurdakı 5 nömrəli elmi-tədqiqat sınaq poliqonuna ezam olunuş müdafiə nazirinin müavini, strateji raket qüvvələrinin komandanı marşal Nedelinin diqqətinə çatdırıb.
Mitrofan Nedelin baş katibi əmin edib ki, əmr vaxtında icra olunacaq. Bu "əminlik” isə dünya raket texnikaları tarixində ən böyük faciəyə səbəb olub.
Sfera.az sovet dövrü ilə bağlı növbəti yazısında 126 nəfərin ölümü ilə nəticələnmiş və 30 il məxfi saxlanılımış Baykonur faciəsindən bəhs edəcək.
1956-cı ildə Kremldə "R-16” qitələrarası ballistik raketinin yaradılması haqqında qərar qəbul ediləndə, bu qərarın icrası marşal Nedelinə həvalə edilib. Kifayət qədər bacarıqlı, peşəkar və böyük nüfuza sahib olan Nedelin bu işin icrasına dörd il vaxt sərf edib. Nəhayət, 1960-cı ilin oktyabr ayında "R-16” sınaq üçün hazır olub.
Sınaq uçuşu əvvəlcə oktybrın 23-ə planlaşdırılıb. Ancaq həmin gün mütəxəssislər marşal Nedelinə raketin idarəetmə pultunda problemin yarandığını məruzə ediblər. Nazaslığın aradan qaldırılması üçün Nedelin konstruktor və mühəndislərə bir sutka vaxt verib. Bir neçə saata problem həll olunub.
Oktybarın 24-də, səhər saatlarında Nedelin Nikita Xruşova və həmin dövrdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində olan Leonid Brejnevə "R-16”-nın sınaq uçuşuna hazır olduğunu məruzə edib və bildirib ki, sınaq saat 19-00-da həyata keçiriləcək. Kreml marşalın bu məlumatını məmnunluqla qəbul edib. Brejnev sınağın uğurlu olacağı təqdirdə Nedelinə zarafatla ikinci "Qızıl Ulduz”un (Sovet İttifaqı qəhrəmanı) veriləcəyini də deyib:
- Mitrofan İvanoviç, siz Baykonura bir "Qızıl Ulduz”la getmisiniz, geri qayıdanda onu sayı iki ola bilər. Odur ki, sizdən müsbət nəticələr gözləyirik.
Nedelin söhbəti çox uzatmadan "Sovet İttifaqına xidmət edirəm” deyib poliqona, sınaq uçuşunun keçiriləcəyi 41-ci start meydançasına yollanıb.
Günorta saatlarında Nedelinə raketdə növbəti problemin yarandığı məruzə edilib. Belə ki, yeni yanacaq növündən istifadə ediləcək raketdə azot turşusunun axıntısı aşkar edilib. Yaranmış problemi tam aradan qaldırmaq üçün uzun müddət tələb olunub. Marşal Nedelin yaranmış nasazlığı başqa yolla həll etməyi qərara alıb və bəlkə də birincilərə verdiyi sözə görə buna məcbur olub. Nedelin belə qənaətə gəlib ki, sızıntı olan yerləri qaynaq vasitəsi ilə yamamaqla nasazlığı aradan qaldırmaq mümkündür və düşündüyü kimi də mütəxəssislərə göstəriş verib. Təbii ki, bu variant çox vaxt tələb etməyib. Qısa müddət ərzində marşalın göstərişi yerinə yetirilib və belə qəbul olunub ki, raket sınağa hazırdır.
Uçuşa bir saat qalmış 41-ci start meydançasında 100-dən artıq adam olub. Konstruktorlar, mühəndislər, raket qoşunlarının zabitləri və s. O cümlədən Nedelin də onların arasında sınağın icrasına nəzarət edib. Saat 18-25-də marşala uçuşun tam hazır olması ilə bağlı məruzə edilib. Bu məruzədən 4 dəqiqə sonra isə raketin mühərrik hissəsində partlayış baş verib və bu da güclü yanğına səbəb olub.
41-ci start meydançasında olanların hamısı həlak olub. Onların meyitləri tanınmaz hala düşüb. Marşal Nedelinin meyitini Sovet İttifaqı Qəhrəmanı ulduzuna, marşal rütbəsinə və qol saatına görə tanıyıblar. Baş konstruktor Konoplyov isə boyuna görə tanınıb. O, sınaq meydançasında olan ən hündürboylu adam olub. Əsas konstruktorlardan biri olan Yangelin isə bəxti gətirib. Sınaq uçuşuna yarım saat qaldığını nəzərə alan konstruktor siqaret çəkmək üçün ərazidən uzaqlaşıb. Elə hadisə ilə bağlı Kremli ilk məlumatlandıran da o olub.
Yangel məxfi rabitə vasitəsi ilə Nikita Xruşova telefonoqramma göndərib:
"Saat 18.30-da sınağın həyata keçirilməsinə 30 dəqiqə qalmış partlayış olub və güclü yanğın baş verib. Baş vermiş hadisə zamanı yüzdən artıq ölən və çox sayda yaralananlar var. O, cümlədən marşal Mitrofan Nedelin də onların arasındadır. Hazırda onun axtarışı aparılır. Xahiş edirik, təcili olaraq xüsusi tibbi personalın və xilasedicilərin hadisə yerinə gəlməsini təmin edəsiniz...”
Elə həmin gün Baykonura xüsusi tibb, yanğınsöndürmə və xilasedici briqadaları göndərilib.
Baş vermiş qəza ilə bağlı xüsusi hökumət komissiyası yaradılıb. Komissiyaya Leonid Brejnev başçılıq edib. Oktyabrın 25-də komissiya üzvləri hadisə yerində olub və gecədən xeyli keçmiş komissiyanın ilk iclası keçirilib. Həmin iclasda Brejnev bildirib ki, qəzanın baş verməsinin əsas səbəbi təhlükəsizlik qaydalarının ciddi pozulmasıdır və onları pozanların da çoxusu həlak olub, qalanları ciddi xəsarət alıblar. Bu vəziyyətdə onları cinayət məsuliyyətinə cəlb etmək, cəzalandırmaq humanist addım sayılmaz. Odur ki, biz heç kimi cəzalandırmayacağıq. Onlar özləri-özlərini cəzalandırıblar.
Qəza ilə bağlı ictimaiyyətə məlumat verilməyib. Həlak olanların ailələrinə ölüm səbəbi kimi aviaqəzanın olduğu bildirilib və DTK əməkdaşları tərəfindən onalara əlavə sorğu-sual yaratmamaq tapşırığı verilib.
O cümlədən, mərkəzi qəzetlərdə marşal Nedelinlə bağlı imzalanmış nekroloqda da onun aviaqəza nəticəsində həlak olduğu qeyd edilib.
Yalnız 30 ildən sonra, 1989-cu ilin sonunda Baykonur faciəsi haqqında "Oqanyok” jurnalı geniş məqalə təqdim edib. Qəza zamanı həlak olanların adları açıqlanıb, həmçinin qəzanın digər fəsadları haqqında da məlumat verilib.
Göründüyü kimi, SSRİ-də ən böyük hadisələri belə böyük "peşəkarlıqla” qapamaq, gizli saxlamaq mümkün olub. Və bu kimi hadisələrin içində neçə-neçə insanların faciəli həyatı gizlənib...
İlham Cəmiloğlu
Xəbəri paylaş