Əsrlər boyu itaətlə xidmət etdiyi Rusiyadan kənarlaşmaqda meylli olan Ermənistan Qərbə doğru sürətlə getdiyini deyir. Amma erməniləri ciddi problem gözləyir: Moskva ilə əlaqələr sərinləşəndən sonra Ermənistan yalnız özünə güvənə bilər: Qərb həmişə olduğu kimi, yalnız "güzəştli kredit"lər, siyasi bəyanatlar və dəstək mesajları ilə kömək edəcək.
Ermənistanla əlaqələrin minimallaşdırılmasına, əslində, Rusiya da hazır deyil.
Rəsmi Moskvanın, habelə rusiyalı siyasətçilərin, təbliğatçıların, siyasi şərhçilərin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış qəzəbli açıqlamalarına rəğmən, Rusiya hazırda Ermənistanla mövcud olan siyasi, iqtisadi, hərbi-texniki əlaqələri zəiflətməkdə, Cənubi Qafqazdakı geosiyasi təsir rıçaqları arasında ən önəmlisini itirmək fikrində deyil.
Rusiya bilir ki, Ermənistana iqtisadi və maliyyə təzyiqləri göstərməyə başlayaraq pressinqə keçərsə, İrəvandakı hakimiyyətə son təsir imkanlarından könüllü əl çəkmiş olacaq.
Nikol Paşinyanın Ermənistan parlamentində çıxış edərkən MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətlərini de-fakto "dondurduqlarını, amma zərurət yaranarsa, fəaliyyəti de-yure dayandıra biləcəklərini" söyləmişdi.
Daha sonra o, İrəvandakı "Zvartnots" hava limanında sərhəd-buraxılış nəzarəti funksiyalarını həyata keçirən rusiyalı sərhədçilərin aeroportdan çıxarılacaqlarına işarə vurdu. Halbuki "Zvarotnots"da Ermənistana gələn və ölkədən gedənləri erməni sərhədçilərlə polislər yoxlayırlar.
Bununla belə, N.Paşinyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və ya Ermənistan-Türkiyə sərhədini qoruyan rusiyalı sərhədçilər barədə bir kəlmə də deməyib.
Baş verənləri şərh edənlərin bəziləri rəsmi İrəvanın Moskvanın əsəbləri ilə oynadığını, bəziləri Rusiya ilə münasibətlərdə yarana biləcək riskləri əvvəlcədən müəyyənləşdirməyə çalışdığını, bəziləri isə Paşinyanın Fransadan aldığı təlimatları yerinə yetirdiyini söyləyirlər.
Ehtimalların heç biri doğru deyil.
Ermənistan dövlət müstəqilliyi qazandığı ilk gündən Rusiyanın satelliti, Cənubi Qafqazdakı forpostu hesab olunub. Halbuki reallıq tam fərqlidir: Cənubi Qafqazda Rusiya üçün əlahiddə və xüsusi önəm kəsb edən ölkə Azərbaycandır.
Əslində Ermənistanın özündə də həmişə anlaıblar ki, Azərbaycanla hərbi əməliyyatlar olacağı təqdirdə Bakı ilə xüsusi münasibətlərə malik Moskva həmin təmasları riskə ataraq İrəvana açıq yardım etməyəcək.
Nikol Paşinyanın administrasiyası 2018-ci ildən sonra əvvəlcə özünü, sonra da erməniləri bunun əksinə inandırmaqla məşğuldu. İrəvan əmin idi ki, hərbi əməliyyatlar olarsa Rusiy mütləq şəkildə KTMT çərçivəsində və 1997-ci ildə Ermənistanla imzalanmış müttəfiqlik anlaşmasına uyğun olaraq ermənilərə yardım edəcək, Azərbaycana qarşı döyüşə rusiyalı hərbçiləri yollayacaq.
2018-2020-ci illərdə Ermənistanın Azərğaycana qarşı ifrat aqressiv münasibəti, provokasion bəyanatları, sonda da Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi və "Qarabağ Ermənistandır və nöqtə" deməsi məhz bəhs etdiyimiz vəsilələrlə bağlı olan hadisələr idi.
Nikol Paşinyanın ən böyük, strateji səhvi də budur.
KTMT-nin nizamnaməsində NATO anlaşmasının 5-ci maddəsinin analoqu yoxdur. Bundan başqa, elə həmin 1997-ci ildə Rusiya Azərbaycanla analoji müqavilə imzalamışdı. Maraqlıdır ki, Moskva və Bakı arasında imzalanmış müqavilənin 5-ci maddəsində deyilir: "Sənədi imzalayan tərəflər separatizmi onun istənilən halında pisləyir və separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürürlər". Yəni hətta formal olaraq, de-yure qaydada Ermənistanla Rusiya arasında hansısa əlahiddə, eksklüzim müttəfiqlik münasibətləri barədə danışmağa belə, dəyməz.
Di gəl, Ermənistan hakimiyyətində, siyasətində və cəmiyyətində belə mif davranışlarla şüurun əsasını təşkil etməyə başladı. Ermənilər hələ də inamla və qətiyyətlə iddia edirlər ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərdə qırmızı cizgiləri keçə bilməz.
Onillər ərzində Ermənistanda bu mifə sidq-ürəklə inanırdılar.
Niyə də yox?
Rusiya Ermənistana silah, sursat və hərbi teznika verirdi, Qarabağ məsələsində İrəvna sərt təzyiqlər göstərmirdi.
İş o yerə çatmışdı ki, Ermənistan cəmiyyəti, siyasi elitaları və siyasəti ölkənin Cənubi Qafqazda Rusiyanın forpostu olması ilə qürrələnirdilər.
Halbuki sahibi forpostu inkişaf etdirmirlər, gül-çiçəkli, gözəl məkana çevirmir.
Forpost tikanlı məftillərlə əhatə olunur - siyasətin və həyatın qanunu belədir.