Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Turançı – islamçı Ənvər Paşanın son mücadiləsi şəhadətlə bitdi... - ARAŞDIRMA






ƏNVƏR PAŞANIN SON MÜCADİLƏSİ...

“Biz bü türk şirini öz məqsədlərimiz üçün əhliləşdirməyi bacaranmadıq” deyən hakimiyyət “Vəziyyəti xilas etmək üçün Ənvərin dərhal ləğv edilməsi lazımdır ki, bu yöndə hazırlıq gedir” tədbirini gördü.

“Bolşevizmdən” “başmaçılığa” yol alan Ənvər paşa 1920-ci ildə “İslam dünyasındakı məhkum millətlərin istiqlallarını qurtarmaq qayəsilə fəaliyyətə başlamışıq” deyirdi.
Sovet Rusiyasının mərkəzi Moskva şəhərində fəaliyyətdə olan ikinci türk heyəti M.Ə.Rəsulzadənin yazdığına görə “İttihad və Tərəqqi liderlərindən Ənvər Paşa ilə Camal paşanın bütün islam dünyasını qurtarmaq qayəsilə təşkil etdikləri “İslam İnqilab Cəmiyyəti”nin bir bürosundan ibarət idi”. Cəmiyyətin yaradılma səbəbini Ənvər Paşa Rəsulzadəyə belə izah etmişdi: “Avropa imperializminin əlində əsir olan müsəlman millətlər özlərini qurtarmaq üçün təşkilatlanmalı; fəqət bu təşkilatların aralarında sıx bir rabitə və həmrəylik olmalıdır, yoxsa bütün bu hərəkatların müştərək qayə naminə müştərək bir mərkəz ehtiyacları vardır”. “Müsəlman millətlərini təşkilatlandırmağın yolunu Sovet Rusiyası ilə əməkdaşlıq çərçivəsində görən Ənvər Paşa iki il sonra sovet diplomatiyasının başbəlasına çevrilmişdi. 1922-ci ilin yazında antisovet düşərgəyə keçmiş, Moskvadan Orta Asiyaya gedərək “baçmaçı” hərəkatının başında durmuşdu. Türküstan komissiyasının üzvü Sukerman RSFSR-in Əfqanıstandakı səlahiyyətli nümayəndəsi Raskolnikova yazırdı: “Ənvər çox böyük çətinliklər təhlükəsi olaraq, bizə Orta Asiyadan əl çəkib, öz işlərini həll etməyi türküstanlıların və buxaralıların öz öhdəsinə buraxmağı tövsiyə edir”. “Biz bü türk şirini öz məqsədlərimiz üçün əhliləşdirməyi bacaranmadıq” qənaətini etiraf kimi qeyd edən Sukermanın təxmini mülahizələrindən xəbərdar olan Raskolnikov öz növbəsində 1922-ci il martın 19-da Kabildən Qaraxana məlumat göndərmişdi: “Dostlarımızın məlumatlarına görə Şərqi Buxaradan gələn Ənvər Qafqazdan Xəzərədək… Şərqdə ümumi üsyan hazırlamaq planını fəal surətdə həyata keçirir. Şərqi Buxara, Fərqanə və Səmərqənd onun fəaliyyətində əsas yer tutur. Bir sıra emissarları Xivəyə və Türküstanın bütün vilayətlərinə göndərmişdir. Onun agentlərinə Sovet hakimiyyətinin qızğın tərəfdarları rolunu oynamaq, eyni vaxtda bizim əleyhimizə gizli iş aparmaq təlimatı verilmişdir”. Bu məlumatın həqiqətə uyğunluğunu Rəsulzadənin xatirələrindən də müqayisə etmək olur: “Müsavat” firqəsi Sovet hökuməti əleyhindəki müxalifətindən hələlik vaz keçməli, bu hökumətə qarşı hər cür qiyam niyyətlərindən uzaq olmalıdır. Çünki Qızıl Orduya qarşı heç nə edə bilməz; ən kiçik bir hərəkat nəticəsində məhvi-pərişan olar, bundan da bütün Azərbaycan zərər görər, türklər və müsəlmanlar qılıncdan keçirirlər. Belə taktikanı rəhbər tutmağa çağıran Ənvər paşa Sovet rəhbərlərinin məlumatına görə “Əfqan tərəfinin dəstəyi ilə” 1922-ci ilin fevralında Düşənbəni ələ keçirmiş, Buxaraya yürüş üçün qüvvələrini cəmləşdirmişdir. Ənvər paşaya Əfqanıstan tərəfdən dəstək verilməsinə dair konkret faktlara malik olmasalar da, buna şübhə etmədiyini bildirən L.M.Qaraxan 1922-ci ilin aprelində İ.V.Stalinin sorğusuna cavab olaraq yazırdı ki, Əfqanıstanla siyasi müharibə müsəlman ölkələrində bizim bütünlüklə nüfuzdan düşməyimizlə nəticələnəcəkdir. Bolşevik rəhbərliyinin ciddi-cəhdlə məşğul olduğu “Ənvər avantürası”nın aradan qaldırılması yönündə hərbi-siyasi hazırlıq işi aparılırdı. Bu istiqamətdə konkret təkliflərlə çıxış edən Q.K.Orconikidze həmin ilin mayında Stalinə teleqram göndərmişdi. Şərqi Buxarada üsyanın Ənvərin başçılığı altında mütəşəkkil xarakter aldığını yazırdı: “Vəziyyəti xilas etmək üçün Ənvərin dərhal ləğv edilməsi lazımdır ki, bu yöndə hazırlıq gedir”. Serqo Ənvərin həlledici döyüşdən yayınıb, qaçacağına əmin idi. Ənvər paşa əleyhinə əməliyyat hazırlanırdı. İki gündən sonra Serqoya cavab teleqramında İ.V.Stalin Mərkəzi Komitədən öncə öz şəxsi fikrini bildirmişdi. Türküstanlıların ukraynalılardan və digər “müstəqil” respublikalardan daha çox hüquq tələb etmələrini dözülməz hesab edən Stalin Türküstan kommunistlərinin nazıyla oynamağa lüzum olmadığını yazırdı. Həmin vaxt, 1922-ci ilin mayında Türküstan cəbhəsinin qoşunları basmaçılara qarşı irimiqyaslı hərbi əməliyyatlara başlamışdı. Stalinin qənaətinə görə, “əgər müharibə başlamışsa, işğalçılıq qaçılmazdır, nə qədər tez olarsa, o qədər yaxşıdır, işğalçılığın yalnız bu və ya digər formaları haqqında söhbət gedə bilər. Buxara rəhbərləri vəziyyəti bir qədər fərqli səciyyələndirirdilər. Sərhəd zolağında əhalinin xüsusi şöbələrin hərəkətlərindən olduqda narazı olduğunu yazırdılar. Sovet agentlərinin məlumatına görə “quldur dəstələrində” 16000-ə yaxın adam varmış, onlardan ən böyüyünə Ənvər Paşa rəhbərlik edirmiş ki, dəstəsində 4000-ə yaxın adamın olduğu qeyd edilir. Ənvərin başmaçı qoşunların baş komandanı elan edildiyi və onun Əfqanıstana nümayəndə heyəti göndərdiyi haqqında məlumatlar verilirdi. Basmaçıları silahla Əfqanıstanın təchiz etdiyi göstərilirdi. Basmaçıların əhalidən ayrı düşmüş və təqib olunan quldur dəstəsi olduğu haqda fikrin yanlışlığını bildirən Orconikidze RK(b)P MK-nin təftiş tapşırığı ilə Daşkəndə gəlmişdi. Mayın 13-də Stalinə göndərdiyi şəxsi məktubunda, Türküstanda yeridilən siyasəti kökündən nəzərdən keçirməyin, hər hansı bir kommunist eksperimentindən qəti şəkildə imtina etməyin zəruriliyini yazırdı. Bundan 5 gün sonra, mayın 18-də göndərdiyi növbəti teleqramında fikiirlərini Stalinlə paylaşırdı. Türküstanı yalnız qırmızı süngü gücünə saxlamağın böyük fəsadlar törədəcəyi barədə xəbərdarlıq edirdi. Türküstanın Şərqdə Azərbaycan qədər əhəmiyyət kəsb etdiyini, Hindistan və Türküstan Çini baxımından isə daha əhəmiyyətli olduğunu göstərirdi. Baçmaçıların Ənvərlə əlaqəsindən də bəhs edirdi. Orconikidzenin təkliflərinin cavabında səhərisi gün, mayın 19-da Stalin teleqrafla bildirmişdi: “Xalq şuraları sisteminə yalnız basmaçılara qarşı ciddi hərbi uğurlardan sonra keçmək olardı, bundan əvvəl isə əsla, əks təqdirdə xalq şuralarına Ənvərin agentləri düşəcəklər”. Beləliklə, həlledici amil “ciddi hərbi uğurlar” olmalı idi. Stalin bu şərti əsas bilərək “Pravda” qəzetindəki məqaləsində “Paşa ilə bərabər Türküstan millətçilərini imperializmin bir uşağı olaraq tənqid edirdi” (M.-Ə.Rəsulzadə) Stalinin təbirincə “cəsur olduğu qədər səbirsiz və ötkəm bir adam” olan Ənvər Paşa 1921-ci ildən başmaçılar hərəkatının başında durmuş, 1922-ci ilin əvvəllərində Düşənbəni ələ keçirmiş, Buxara üzərinə yürüş təşkil etmişdi. Döyüşdə həlak olan 41 yaşlı Ənvər paşanın aqibəti onun idealizmindən qaynaqlanırdı. “Türküstanda Ənvər paşanın sonu 1922-ci il avqustun 4-də intihara bənzəyən bir igidlik içində yalın qılınc pulemyot atəşinə hücum edərək şəhid düşdü”. (M.-Ə.Rəsulzadə).
Hər fürsətdə içində daşıdığı, düzgün bildiyi, həqiqi sandığı, gerçəkləşəcəyinə inandığı əqidəsi yolunda fərqli, təzadlı seçimlər etdi: məkanını, müttəfiqlərini dəyişdi. Son mücadiləsi ona bələd olanları belə heyrətləndirdi: “Paşanın Türküstana keçdiyi, orada “basmaçı” deyilən bolşevik əleyhdarı milli Türküstan partizanlarının başına keçib, Qızıl Ordu hissələrini müəyyən ərazidən qovduğunu və onunla müzakirəyə girişmək istəyən Moskva nümayəndələrinə Türküstandan çıxmaları xüsusunda ultimatum verdiyi xəbəri Moskvada bomba kimi partladı. Bu xəbər hər kəs üçün bir sürprizdi. Hələ mənim üçün bu… çaşdıracaq bi şeydi”. (M.-Ə.Rəsulzadə). Ənvər paşanı 1918-ci ildən tanıyan, dəfələrlə ünsiyyətdə olmuş M.-Ə.Rəsulzadə “onun idealist bir inqilabçı olduğunu bilir, islami bir romantizm ruhu daşıdığına vaqifdim” qənaətinin müqabilində bolşeviklərlə iş birliyinə girməsinə, “qırmızı Moskvada” fəaliyyətinə birmənalı yanaşmamış, bir müddət sonra isə “bu qədər qısa bir zamanda bolşeviklərin iş birliyi yaradılacaq dost deyil, onlara qarşı silah çəkiləcək düşmən bir qüvvə olduqları qənaət və qərarına gəldi, deyə heyrət içində qaldım” deyə təəssüratını xatırlamışdı.
Turançı – islamçı Ənvər paşanın son mücadiləsi şəhadətlə bitdi. Sovet hökumətinə, Qızıl orduya qarşı hər cür qiyam, “ən kiçik bir hərəkat nəticəsində məhvi-pərişan” olacağını bildiyi halda bu yolu seçdi. Yanlışlığını həyatı bahasına etiraf etmiş oldu. Siyasətçilərin, hərbçilərin, dövlət rəhbərlərinin adi yanlışlığı belə minlərin, milyonların müqəddəratında məşum rol oynayır.

Firdovsiyyə Əhmədova, araşdırmaçı professor,
Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də