RegionTV.info
Qırıcıları vurur, kamikadze-dron sürüsü buraxır, raket zərbələri endirir... - Azərbaycan DƏHŞƏTLİ SİLAH ALIR - VİDEO
Ukrayna Silahlı Qüvvələri yaxın perspektivdə Türkiyənin “Baykar Makina” şirkətinin seriya istehsalına bu ilin əvvəllərində başladığı “Akıncı” döyüş pilotsuz təyyarələri ilə silahlanacaq. Gözlənilir ki, Türkiyə ordusu ilə yanaşı “Akıncı” tezliklə Ukrayna və ola bilsin Azərbaycana çatdırılacaq.
Bu haqda “Nezavisimaya qazeta” yazır. Ukraynanın maliyyə naziri Sergey Marçenko bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və “Baykar Makina” şirkətinin rəhbərliyinə “Bayraktar” döyüş pilotsuz təyyarələrinə görə minnətdarlıq edib. Nazir bu pilotsuz sistemlərin ölkə üçün kritik dövrdə Ukrayna ordusunu gücləndirdiyini bildirib.
Marçenko deyib ki, növbəti addım “Baykar Makina” şirkəti ilə “Akıncı” döyüş pilotsuz təyyarələrinin birgə istehsalı olacaq, bu təyyarələr Ukraynanın “İvçenko-Proqress” şirkətinin istehsalı olan mühərriklərlə təchiz ediləcək. “Hazırda bu layihə çərçivəsində istehsalın Türkiyədə və Ukraynada lokallaşdırılması planı işlənib hazırlanır. Bilirəm ki, bütün məsələlər tam həllini tapmayıb, amma əminəm ki, tərəflər hamı üçün məqbul həll yolu tapacaqlar”,-maliyyə naziri bildirib.
“Baykar Makina” şirkətinin baş direktoru Lütfi Haluk Bayraktar ötən ay yanvarın sonlarında Ukraynaya səfər edib və bu ölkə ordusunun komandanları ilə görüşüb. Bildirib ki, pilotsuz uçan komplekslərin işlənib hazırlanması sferasında Ukraynaya dəstək olaraq ən yeni texnologiyalar verilir. “Ukraynalı partnyorlarımızla öz təcrübəmizi bölüşəcəyik ki, qarşıya qoyulan hədəflərə birlikdə çataq”,-o deyib.
Ukraynanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı dərinləşdirməsi, xüsusən də “Bayraktar”larla və onun ardınca “Akıncı” PUA-ları ilə silahlanması belə ehtimallar yaradıb ki, Kiyev Donbas üzərində nəzarətini bərpa etmək üçün separatçılara qarşı hərbi əməliyyatlar aparacaq. Və bu zaman Azərbaycan ordusunun Qarabağda ortaya qoyduğu effektiv döyüş təcrübəsindən istifadə edəcək.
Xüsusən də “Akıncı” pilotsuz döyüş təyyarələrinin əldə edilməsi Ukrayna ordusunun döyüç qabiliyyətini xeyli artırmış olardı. Əgər “Bayraktar TB2” “Roketsan” şirkətinin istehsalı olan 4 ədəd MAM-C və MAM-L “ağıllı” raketləri daşıya bilirsə (cəmi 150 kiloqram faydalı yük) “Akıncı”nın imkanları daha genişdir. Bu pilotsuz döyüş təyyarələri Aİ-450T turbovintli mühərrikləri ilə təchiz olunub və ümumi ağırlığı 1350 kiloqrama qədər olan silahlar daşıya bilir. Bura 8 ədəd MAM-C və MAM-L raketləri, “hava-hava” tipli “Gökdoğan” raketləri və kiçikhəcmli “Alpagu” kamikadze-dronları daxildir. Nəticədə “Akıncı” həm yerüstü hədəfləri təsbit edərək onlara dəqiq raket zərbələri endirə bilir, həm hava hədəflərini, məsələn, qırıcıları öz radarı ilə aşkarlayaraq onlarla mübarizə aparır, həm 10 “Alpagu” kamikadze-dronlarından ibarət sürünü buraxır.
“Akıncı”nın üstünlüklərindən biri də avtonom süni intellektə, radioelektron mübarizə və radiolokasiya sistemlərinə malik olmasıdır. Bu sistemlərin sayəsində PUA hədəfləri müstəqil şəkildə təsbit edə, onları məhv edib bazaya avtonom şəkildə geri dönə bilər. “Akıncı” hətta yerüstü idarəetmə sistemləri olmayan aerodroma da geri dönüb eniş həyata keçirir. “Akıncı”nın sınaqları 2019-cu ilin dekabrında başlayıb və ötən il bütün sınaqları tamamlayıb. Sınaq uçuşları zamanı PUA 12 kilometr yüksəkliyə qalxıb. “Nezavimsimaya qazeta”nın şərhçisi Vladimir Muxin qeyd edir ki, bununla da türkiyəli mütəxəssislər Ukraynanın köməyi ilə ağır döyüş pilotsuz təyyarələrini cəmi iki il ərzində yarada bilib. Müqayisə üçün qeyd olunur ki, Rusiyada bu cür pilotsuz təyyarələrin işlənib hazırlanması prosesi artıq 10 ildən çoxdur davam edir və buna baxmayaraq seriya istehsala başlamaq hələ də mümkün olmayıb.
“Hərbi ekspertlər bunu deməyi sevirlər ki, pilotsuz təyyarələri adi qırıcılar asanlıqla vura bilər. Amma buna göz yumurlar ki, qırıcıların özlərini də vurmaq olur. Budur, məsələn, Türkiyənin yeni döyüş pilotsuz təyyarələri belə imkana malikdir, onun göyərtəsində “hava-hava” raketi yerləşdirilib”,-“Russkiy oriyentalist” Telegram-kanalının müəllifi İqor Dmitriyev deyir.
“Əgər sənin babadan qalma radioelektron mübarizə qurğuların varsa və onları modernləşdirib televizorda göstərmisənsə bu istirahət üçün əsas vermir. Silah sistemləri sürətlə inkişaf edir. Dünən effektiv hesab edilən bu gün metalloma çevrilir”,-o əlavə edir.
V.Muxin vurğulayır ki, Qarabağdakı müharibənin gedişi və nəticələri bu qənaətin doğruluğunu növbəti dəfə təsdiq edib...
Xəbəri paylaş