Azərbaycana bir sıra ölkələrdən ət idxal olunur.
Bu ölkələr arasında dörd ildir Rusiya işğalına qarşı mübarizə aparan Ukrayna da var.
Azərbaycana hələ Sovet dövründən Ukraynadan mal və toyuq əti, ət məhsulları idxal olunurdu. Bu proses ölkələr müstəqillik qazanandan sonra da davam edib. 2022-ci ildə Rusiya Ukraynada işğalçı müharibəni başlatdıqdan sonra idxal 1 il müddətində dayansa da, 2023-cü ildən yenidən bərpa olunub.
Açıqlanan statistik rəqəmlərə əsasən, 2025-ci ilin yanvar-noyabrında Ukraynadan Azərbaycana 5 min 865,38 təzə və ya dondurulmuş mal əti, 11 min 626,38 ton dondurulmuş toyuq əti, toyuq əti əlavələri idxal olunub. Bu ölkənin iqtisadiyyatına, kənd təsərrüfatına və ümumilikdə gündəlik həyatına ciddi zərbə vurub. Döyüşlərin getdiyi, ərazilərin dağıldığı, logistikanın çətinləşdiyi bir şəraitdə belə Ukrayna ət və kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını davam etdirir.
Avropa Komissiyasının məlumatına görə, qlobal mal əti bazarında məhdud təklif mövcuddur, bazara çıxarılan mal əti həcmləri getdikcə artan tələbatı daha az qarşılayır. Hazırda Braziliya dünyada ən böyük mal əti ixracatçısı olaraq qalır, ardınca Avstraliya, Çin və ABŞ gəlir.
Britaniya Ət Emalı Assosiasiyasının məlumatına görə, qlobal mal əti tədarükünün hazırkı azalması struktur xarakter daşıyır. Rabobank qeyd edir ki, qırmızı ət istehsalı əsas ixracatçı ölkələrdə, xüsusən də ABŞ və Yeni Zelandiyada azalmağa davam edəcək, Avstraliya isə bu azalmanı qismən kompensasiya edəcək.
Assosasiyanın məlumatına görə, mal ətinə qlobal tələbat, xüsusən də Çin, Asiya, Yaxın Şərq və Afrikadan artacaq. Bu, artıq qlobal mal-qara qiymətlərinin artmasına səbəb olub və onların yaxın illərdə yüksək qalması ehtimalı var.
2025-ci ildə Ukrayna qlobal qırmızı ət çatışmazlığı və ixrac bazarlarında qiymətlərin artması fonunda mal-qara və mal əti ixracını artırıb. Ukrayna Heyvandarlıq Assosiasiyasının məlumatına əsasən 2025-ci ilin yanvar-dekabr aylarında Ukrayna 18.820 ton diri mal-qara ixrac edib ki, bu da 2024-cü illə müqayisədə 4 faiz artım deməkdir. Nağd gəlir 43,48 milyon dollar (+23 faiz) təşkil edib. Soyudulmuş mal əti ixracı 2024-cü illə müqayisədə 1310 tona (+48 faiz), dəyəri isə 9,87 milyon dollara (+77 faiz) çatıb. Dondurulmuş mal əti ixracı 18 410 ton (-1 faiz), dəyəri isə 78,76 milyon dollar (+7 faiz) təşkil edib.
Ümumilikdə, 2025-ci ildə mal əti və mal-qara ixracından əldə edilən gəlir təxminən 132 milyon dollar təşkil edib. Müharibənin ilk ilində müşahidə olunan hərc-mərclik 2023-cü ilədək aradan qaldırılıb, Ukraynada heyvandarlıq və quşçuluq inkişaf tempini tam bərpa edib. İstehsal həm iri müəssisələrdə, həm də fərdi təsərrüfatlarda artır. Məsələn, 2025-ci ilin iyul ayında Ukraynada 14 800 ton mal-qara kəsilib ki, bu da iyun ayı ilə müqayisədə 63 faiz artım deməkdir. 2025-ci ilin ilk yeddi ayında mal-qaranın kəsim həcmi 98 500 ton təşkil edib. İyul ayında kənd təsərrüfatı müəssisələrində mal-qaranın kəsim həcmi 7 400 ton təşkil edib ki, bu da 2025-ci ilin iyun ayı ilə müqayisədə 1000 ton (+16 faiz), 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 300 ton (+4 faiz) çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında kənd təsərrüfatı müəssisələrində mal-qaranın kəsim həcmi 46000 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1300 ton (+3 faiz) çoxdur.

Şəxsi təsərrüfatlarda iyul ayında mal-qaranın kəsim həcmi 7 400 ton təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 5000 ton (+174 faiz), 2024-cü ilin iyul ayı ilə müqayisədə isə 700 ton (+10 faiz) çoxdur. 2025-ci ilin yanvar-iyul aylarında fərdi təsərrüfatlarda mal-qaranın kəsim həcmi 52,5 min ton təşkil edib.
Beləliklə, dünyanın ən amansız işğalçısına qarşı ölüm-dirim mübarizəsi aparan ölkədə heyvandarlıq nəinki inkişafdan qalmır, əksinə, getdikcə daha sürətli artıma nail olunur. 2020-ci ildəki Vətən Müharibəsində yüz min hektarlarla otlaq-örüş sahələri işğaldan azad olunan Azərbaycanda isə əksinə proses gedir. Rəsmi statistikaya əsasən bu ilin 1 yanvarına ölkədə inək və camışların sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 min baş azalmaqla 1 milyon 207,1 min başa, qoyun və keçilərin sayı isə 138,7 min baş azalmaqla 6 milyon 757,8 min başa düşüb.
Bildirilir ki, ötən il Azərbaycanda 7 milyard 441,0 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub. Bu, 2024-cü illə müqayisədə cəmi 0,3 faiz artım deməkdir. Yəni əslində heyvandarlıq istehsalında artım olmayıb da demək olar. 2025-ci ildə ölkədə quş əti də daxil olmaqla diri çəkidə 659,2 min ton ət, 2305,9 min ton süd, 2342,9 milyon ədəd yumurta istehsal olunduğu bildirilir. Bu isə ondan xəbər verir ki, 2024-cü illə müqayisədə yumurta istehsalı 1,8 faiz, süd istehsalı 0,3 faiz artıb, ət istehsalı eyni səviyyədə qalıb. Bu məlumatlar göstərir xaricdən diri heyvan hesabına daxili ət istehsalında artım tempini saxlamaq imkanları artıq tükənib. Ən qısa müddətdə heyvandarlığa real, hamıya yönəlik dəstək mexanizmləri tətbiq olunmasa, ət və diri heyvan idxalından asılılıq sürətlə artacaq, ölkədə ət qiymətləri əhalinin daha böyük hissəsi üçün əlçatmaz olacaq.


