“Təəssüflər olsun ki, çoxlarının bundan xəbəri yoxdur və ya xəbəri olsa da, bunu ciddiyə almırlar. Altı aylıq statistikaya nəzər saldıq və məlum oldu ki, velosipedçilərin iştirakı ilə 21 yol-nəqliyyat hadisəsi baş verib, səkkiz nəfər velosipedçi və onların sərnişinləri ölüb, 21 nəfər isə yaralanıb”
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. Ekspert velosipedçilərin təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyini vurğulayıb:
“Son vaxtlar yol polisi bütün respublika üzrə velosiped sürücüləri ilə bağlı təbliğat xarakterli tədbirlər həyata keçirir. Düzdür, burda cərimə olunanlar da var. Çünki velosiped sıradan bir nəqliyyat vasitəsi deyil, velosipedçinin və velosipedin idarə edilməsi, hüquq və vəzifələri barədə də yol hərəkəti haqqında qayalar sadalanır. Çox təəssüflər olsun ki, bəziləri velosipedi dəmir parçasına bənzədir. Amma yol hərəkəti haqqında qanunun 38-ci maddəsində və eyni zamanda, inzibati xətalar məcəlləsinin 238-ci bəndində velosipedçinin və moped sürənlərin vəzifələri barədə danışılır. Eyni zamanda, velosipedçi dəbilqədən istifadə etməlidir, velosiped saz vəziyyətdə olmalıdır, yol hərəkəti qaydalarını pozmamalıdır. Təəssüflər olsun ki, çoxlarının bundan xəbəri yoxdur və ya xəbəri olsa da, bunu ciddiyə almırlar. Altı aylıq statistikaya nəzər saldıq və məlum oldu ki, velosipedçilərin iştirakı ilə 21 yol-nəqliyyat hadisəsi baş verib, səkkiz nəfər velosipedçi və onların sərnişinləri ölüb, 21 nəfər isə yaralanıb. Məlum olur ki, velosipedlə sərnişin daşıyan velosipedçilər də var.
Bu il ötən illə müqayisədə məlum olur ki, bu il velosipedçilərin iştirakı ilə baş verən qəzaların sayı artıb. Görülən tədbirlər də bundan irəli gəlir. Ən zəif yol hərəkəti iştirakçılar piyadalar və sonra moped və velosiped sürücüləri hesab olunur. Çünki bunların heç bir təhlükəsizlik mexanizmi yoxdur. Velosiped saz, qaranlıq vaxtda işıqqaytarıcı ilə təmin olunmalıdır. Eyni zamanda, dəbilqə deyilən baş geyimi var və bu başı qoruyur. Velosipedlə qəzaya düşənlərin əsas ölüm səbəbi başlarının asfalta dəyməsidir. Ona görə də yol polisinin tələbi ondan ibarətdir ki, yollarda velosiped sürərkən dəbilqədən istifadə etmək lazımdır
Ekspert indiki şəraitdə Bakıda nə avtobus, nə də velosiped üçün ayrıca zolaqların çəkilməsinin mümkün olmadığını bildirib:
“O ki, qaldı velosiped yollarının olmasına, inanın ki, bu dəqiqə daha çox avtobus yollarının olması vacibdir. Bunun üçün isə şərait yoxdur. Bakının və bölgələrimizin yol şəbəkəsi elə qurulub, məmurlar yolların qıraqlarını elə satıblar ki, belə infrastruktur qurmaq mümkün deyil. Gəlin Neftçilər prospektinə nəzər salaq, bir tərəfdə yaşayış binaları, digər tərəfdə isə dənizkənarı bulvardır. Bunun harasında zolaq yaratmaq olar? Azadlıq və Qara Qarayev prospektinə nəzər salaq. Xətai və Nizami rayon icra hakimiyyəti oranı metr-metr dönər satanlara, aptek işlədənlərə satıb. Təsəvvür edin ki, bu adam avtobus dayanacağında aptek tikdirib. Yəni bu qədər özbaşınalığın içində biz hansı zolaqdan danışa bilərik? Ola bilər hardasa 500 metr zolaq yarada bilərik, amma o velosipedçi 500 metrdən sonra hansısa küçəyə dönməlidir bəs ondan sonra necə olacaq? Eyni proses avtobus dayanacaqlarına da aiddir. BNA deyir ki, avtobus zolağına girən sürücüləri cərimələyək, zolaq boş qalsın və avtobuslar getsin. Avtobus Afiyəddin Cəlilov küçəsi ilə Babək prospektinin başın qədər getdi və bəs sonra hansı zolaqla hərəkət edəcək? Sonra yenə həmin proses baş verir. Bizim nə avtobusu, nə də velosipedçini A nöqtəsindən B nöqtəsinə aparacaq zolağımız yoxdur. Yolun kənarlarını Hacıbala Abudalıbovdan tutmuş Rafael Allahverdiyevə kimi hamı satıb və indi də bu proses davam edir. Kimin hardan xoşu gəlir gedib o yeri alıb bina tikir. Məmurların torpaq satmaq həvəsi bu şəkildə davam etsə, baxacaqsınız ki, 15 ildən sonra Bakıda avtomobillə hərəkət etmək mümkün deyil. Hamı məcbur olub velosiped sürəcək, çünki başqa variant qalmır. Yəni bir tərəfdən cənab prezident tapşırır ki, yol infrastrukturu qurulsun, amma bunlar yol qıraqlarını satırlar. Vaxt var idi yol hərəkəti haqqında qanunda göstərilirdi ki, yol kənarından 12 metr yarım, yaşayış məntəqələrində isə bu 6 metr nəzərdə tutulurdu ki, bu məsafədən sonra tikinti apara bilərsən. Amma bu məmurlar yol qıraqlarını qarış-qarış satdılar və sonra başladılar qanuna müdaxilə etməyə. Belə harınlamış məmurlar isə qanunları ayaq altına salır. Bu gün səkilər zəbt olunub, orda alver edirlər və piyada isə yolun ortasıyla gedir. Yəni bizim yol şəbəkəmiz, nəqliyyat sektorumuz bərbad vəziyyətdədir. Yalandan elə üzdə müəyyən kosmetik işlər gedir. Bizim nəqliyyat sektorumuzun 30 faizi var, 70 faizi yoxdur, amma var kimi görünür”.