Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağ yenidən Ermənistana “birləşdi” - Arutyunyan İrəvanda, Ayvazyan Xankəndi yolunda...






Qarabağ döyüşlərində sarsıdıcı zərbə alan Ermənistan və Qarabağdakı terrorçu qurum təmsilçiləri gərginliyi tətikləyən addımlar atır; deputat: “Baş verənlərdən nə Ermənistan, nə də qondarma rejim dərs çıxarıb”

Ermənilər 44 günlük sonuncu Qarabağ döyüşlərində məhv edilmiş hərbçilər və muzdluların meyitlərini toplayırlar. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yanvarın 3-də Hadrut istiqamətində 20, bir gün sonra isə Cəbrayıl və Hadrutdan daha 9 meyit tapılıb. Bu günə qədər Qarabağ erməniləri 1184 meyit yığıblar. Hazırda axtarış işləri Talış-Suqovuşan, Hadrut və Füzuli istiqamətində davam etdirilir. 

Bu yerdə qeyd edək ki, 1184 rəqəmi yalnız Qarabağ ermənilərinə aiddir. Çünki Ermənistana minlərlə meyit daşınsa da, hələlik çoxlu sayda erməni döyüşçülərdən xəbər-ətər yoxdur. Bu səbəbdən yanvarın 5-də itkin düşənlərin yaxınları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirərək Nikol Paşinyanla görüş tələb ediblər. İrəvan isə Qarabağda məhv edilmiş hərbçilərin və muzdluların sayını “dövlət sirri” olaraq gizlin saxlamaqdadır. Ancaq belə fəlakətli vəziyyətdə olmasına baxmayaraq, nə Ermənistan hakimiyyəti, nə də Qarabağ ermənilərinin başında dayanan terrorçu rejim baş verənlərdən düzgün nəticə çıxartmaq niyyətində olmadığını davamlı şəkildə nümayiş etdirir. Keçən həftə baş nazir Nikol Paşinyan İrəvanda Təhlükəsizlik Şurasının toplantısını keçirtdi. Öz işidir, keçirsin. Ancaq məsələ burasındadır ki, kapitulyasiya sənədinə imza atmış Paşinyan hələ Qarabağdakı meyitlərin toplanması prosesini başa çatdırmadığı halda, sədarətdə, elə öz yanındaca Araik Arutyunyanı otuzdurdu. Hansı ki, Arutunyanla bağlı Azərbaycanda cinayət işi qaldırılıb və barəsində beynəlxalq axtarış elan olunub. Razılaşma onu tələb edir ki, Paşinyan Qarabağın baş terrorçusunu həbs edib Azərbaycana təhvil verməli idi, daha “rəsmi şəxs” statusundan başda oturtmamalıydı. Düzdür, bu dəfə Arutyunyanın oturduğu istiqamətdə Qarabağdakı qondarma rejimin əski parçası qoyulmamışdı, ancaq bu, heç nəyi dəyişmir. İrəvan 10 noyabr anlaşmasını kobud şəkildə pozub, “Ermənistan və Dağlıq Qarabağda humanitar, təhlükəsizlik məsələləri”ni müzakirəyə çıxartmaqla. 

Bu yerdə qeyd edək ki, Arutyunyan cəzalandırılmadığından istifadə edib avantürist addımlarını davam etdirir. Belə ki, o, 4 yanvarda cinayət ortaqlarından biri Masis Mailyanı “Dağlıq Qarabağın xarici işlər naziri” vəzifəsindən azad etməklə bağlı “fərman” imzalayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağ terrorçularının boşboğaz nümayəndəsi David Babayan onun yerinə “təyin olunub”. O indiyədək “prezidentin məsləhətçisi” adlı qondarma vəzifəni daşıyırdı. Vaqram Baqdasaryan “maliyyə naziri” vəzifəsindən azad edilib. Qriqoriy Martirosyan “dövlət naziri-maliyyə naziri” oyuncaq postuna təyinat alıb. Görünür, bir gün əvvəl İrəvandakı toplantıda Nikol Paşinyanla yanaşı sədarətdə oturması baş terrorçu A.Arutyunyanı şirnikləndirib. 

Terrorçu Arutyunyan beynəlxalq axtarışa verildiyi halda, Azərbaycan dövlətinə qarşı fəaliyyətlə məşğuldur. O gah nümayişkəranə şəkildə rəhbərlik etdiyi “ordu”sunun səngərlərində sülənir, yeni müdafiə məntəqələrinin tikilməsinə göstərişlər verir, ya Ermənistana səfər edir, ya da “fərman” imzalayır.

Xatırladaq ki, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən 4 yüksək rütbəli erməni məmuru beynəlxalq axtarışa verilib. Bunu Baş prokuror Kamran Əliyev deyib.  K.Əliyev qeyd edib ki, Azərbaycanın istintaq orqanları tərəfindən Ermənistan nümayəndəsi, özünü qondarma “DQR”in “prezidenti” elan edən Araik Arutyunyan, köməkçisi David Babayan, qondarma rejimin “müdafiə naziri” (keçmiş) adlandırılan Cəlal Arutyunyan və deputat Armen Babacanyan barədə cinayət işi başlanıb: 

“Onlar müharibə cinayətləri törətməkdə təqsirləndirilərək istintaqa cəlb edilmələri barədə qərar qəbul edilib. Həmçinin, həmin şəxslərin həbs edilməsi barədə Azərbaycan məhkəməsi qərar qəbul edib, onların tutularaq istintaqa cəlb edilməsi barədə İnterpola məlumat verilib”. Ancaq Arutyunyan və digər erməni canilər hələ də sərbəst gəzir.

Rəsmi Bakı niyə bu cür təmkinli davranır? İndiki durumda hansı addımlar atılmalıdır? Laçın dəhlizindən İrəvana rahat şəkildə kedib-qayıdan Araik kimin himayəsindədir ki, “toxunulmaz” şəxs kimi davranır? Sual olunur, sülhməramlılar onu tutub Azərbaycana təhvil versə, nə olar? Ya da bizim xüsusi xidmət orqanları ərazidə əməliyyat keçirdib, onu və digər terrorçu erməni başçılarını həbs edə bilməzmi?

Deputat Ceyhun Məmmədovun Musavat.com-a  bildirdiyinə görə, ümumi proseslərin təhlili göstərir ki, baş verənlərdən nə Ermənistan, nə də qondarma rejim dərs çıxartmayıb: “Əlbəttə ki, bu gün Qarabağdakı qondarma rejimlə Ermənistan hakimiyyəti arasında sıx əlaqələr, təmaslar mövcuddur. Əslində bu baş verənlərdən sonra Ermənistan tərəfi və Dağlıq Qarabağdakı xunta rejiminin qondarma rəhbəri nəticə çıxartmalı idi. Amma bu gün biz görürük ki, həm Ermənistanda, həm də Qarabağda revanşist çağırışlar var. Müəyyən bəyanatlar verilir, Azərbaycana qarşı yenidən müharibə elan olunması ilə bağlı, bu, bir daha göstərir ki, erməni xalqı, Ermənistan hakimiyyəti baş verənlərdən doğru nəticə çıxartmayıb. Cənab prezidentin də qeyd etdiyi kimi, Ermənistan yenidən müharibəyə cəhd etsə, təxribatlarını davam etdirsə, Azərbaycan bunun qarşısını daha qətiyyətlə alacaq”. Millət vəkili bildirdi ki, Ermənistan rəhbərliyi, siyasi hakimiyyəti bu xəbərdarlıqdan ciddi nəticə çıxartmalıdır: “Bir məsələni nəzərə almaq lazımdır ki, proseslər 10 noyabrda imzalanan razılaşmaya əsasən tənzimlənir. Azərbaycan hökuməti də buna uyğun olaraq müvafiq addımlar atır və aidiyyəti qurumlar qarşısında zaman-zaman zəruri məsələləri qaldırır. Azərbaycan maraqlıdır ki, münaqişə tez bir zamanda həll olunsun. Bunun üçün də gərəkən bütün addımlar atılacaq və atılır da”. C.Məmmədov bildirdi ki, qeyd olunan məsələlər Azərbaycan tərəfindən çox ciddi şəkildə izlənilir: “Razılaşmanın bəndlərində qeyd olunan məsələlər mərhələli şəkildə öz həllini tapır və tapacaq. Həm sülhməramlılarla bağlı məsələlər, prosesin müşahidəsi üçün monitorinq mərkəzinin tikilməsi, digər məsələlər hamısı mərhələli şəkildə dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır və həllini tapacaq. Biz yam əmin olmalıyıq ki, zamanla bütün məsələlər həllini tapacaq və tənzimlənəcək”. Deputatın fikrincə, mövcud problemlərin həlli üçün müəyyən bir zamana ehtiyac var: “Hazırda sərhədlərin delimitasiyası ilə bağlı müəyyən məsələlər var. Qubadlı və Zəngilan istiqamətində vaxtaşırı müəyyən məsələlər ortaya çıxır, amma zamanla həllini tapır. Digər bütün məsələlər də öz həllini tapacaq. Qondarma rejimin silahlı dəstələrindən silahların yığılması, eləcə də digər məsələlər zamanla həll olunacaq. Hamımız bilirik ki, hazırda bu prosesdə yalnız Azərbaycan tərəfi deyil, Rusiya tərəfi də aktiv şəkildə iştirak edir. Rusiya və Türkiyənin müəyyən razılaşmaları, həmçinin tərəflərin müəyyən öhdəlikləri var. Bu məsələlərin həlli üçün dövlət bütün zəruri addımları atır və atacaq, buna heç kimin şübhəsi olmasın. Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsi zamanı cinayət törədən şəxslərlə bağlı hazırda ciddi araşdırmalar aparır. Beynəlxalq qurumların qarşısında məsələlər qaldırılıb. Gələcəkdə də bu məsələləri mütəmadı şəkildə nəzarətdə saxlayacaq.  Bütün cinayət törətmiş, qətllər törətmiş şəxslər öz layiqli cəzalarını alacaqlar. Zamana ehtiyac  var, mərhələli şəkildə bütün bu məsələlər həllini tapacaq”. 

“Araik Arutyunyanın Ermənistanın Təhlükəszilik Şurasının iclasında iştirakı onun de-fakto və de-yure Ermənistan Respublikasının təmsilçisi olduğu faktını bir daha təsdiqləyir və hazırda Rusiya sülhməramlılarının müşahidə zonasına daxil olan Azərbaycan ərazilərindəki qanunsuz idarəçilik subyektlərinin İrəvan tərəfindən idarə edildiyini sübuta yetirir”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi şərhçinin sözlərinə görə, burada məsələyə müxtəlif kontekstlərdən yanaşmaq olar: “Təbii ki, bir sıra suallara cavab tapılmasına da ehtiyac var. Əgər Ermənistanın Azərbaycan ərazilərindəki işğalçı statusuna son qoyulubsa, o zaman rəsmi İrəvan bu prosesdə hansı statusda iştirak edir? Postmüharibə dövründə tənzimləyici mexanizmlər nədən ibarət olacaq və bu prosesdə Ermənistan hansı missiyanı daşıyacaq? Araik Arutyunyan və digərlərinin “rəhbərlik etdiyi” qanunsuz idarəçilik subyektlərinin fəaliyyət ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyannamədə heç nə yoxdur. Bu baxımdan hazırda etnik ermənilərin yaşadığı ərazilərdə hüquqi tənzimləmələrin müzakirə olunması və həyata keçirilməsi zərurəti yaranıb. BMT-nin sülhməramlı missiyalar haqqında müvafiq normativ aktlarına uyğun olaraq, Xankəndi və etnik erməni azlığının yaşadığı digər ərzilər də Azərbaycanın beynəlxalq səviyyədə tanınməş suveren əraziləri hesab edildiyi üçün Rusiya sülhməramlıları həmin ərazilərdə Azərbaycan qanunlarının işləməsini təmin etməlidirlər. Bu imperativ beynəlxalq hüquqi prosedurdur. Əgər bu prosedurlara istinad hansısa ziddiyyətlər yaradırsa, o zaman Azərbaycan öz ərazilərindəki sülhməramlı missiyalar haqqında ayrıca qanun qəbul edə və müvafiq hüquqi sərhədləri müəyyənləşdirə bilər”. Bununla yanaşı, E.Mirzəbəyli hesab edir ki, indiki şəraitdə reallıqların diktə etdiyi şərtlərin hüquqi prosedurların həyata keçirilməsinə müəyyən problemlər yaratması təbii qəbul olinmalıdır: “Üçtərəfli bəyənnamənin imzalanmasından bir o qədər də müddət keçməyib. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi gedir. Bu, həyati əhəmiyyət kəsb edən bir prosesdir. Bu baxımdan, müvafiq ardıcıllıqla bizi narahat edən bütün məsələlərin öz həllini tapacağı qənaətindəyəm”.

Sonda qeyd edək ki, Ermənistan rəhbərliyi 5 yanvarda gərginliyi tətikləyən daha bir addım atıb. Belə ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın qanunsuz olaraq Azərbaycan ərazisinə, Qarabağa gələcəyi barədə rəsmi məlumat yayılıb. Bildirilir ki, Ayvazyanın səfəri çərçivəsində “Qarabağın rəhbərliyi” ilə görüş keçiriləcək. Təbii ki, Ermənistan rəhbərliyi və Qarabağdakı terrorçu qurum Rusiya sülhməramlılarının bölgədəki mövcudluğundan sui-istifadə edirlər, amma bunun da bir gün sonu olmalıdır. Əgər Xankəndi daxil, keçmiş Dağlıq Qarabağın hüdudları daxilindəki yaşayış məntəqələri Azərbaycanın ayrılmaz hissəsidirsə, o halda Ayvazyanın bu bölgədə nə ölümü var? Ermənistan XİN rəhbərliyi bununla gəerginliyi tətikləmək məqsədini açıq nümayiş etdirir. Əslində Ayvazyanın Moskva səfəri zaman hərzə-mərzə danışması onun mahiyyətindən xəbər verirdi, ancaq son addımına görə cavabını almalıdır. Təkcə Ayvazyan yox, bütün yolunu azan yanlar...

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də