Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda taksi fəaliyyəti: Sürücülər nə qədər qazanır və lisenziya tətbiq etmək lazımdırmı?

RegionTV.info

Son bir neçə ildə mobil taksi proqramları, xüsusilə də “Bolt” və “Uber” Azərbaycanda böyük populyarlıq qazanıb. Bu cür tətbiqlərin sərnişinlər üçün üstünlükləri çoxdur - istifadə rahatlığı, münasib qiymətlər, bank kartı ilə ödəniş. Bəs oxşar onlayn taksi xidmətləri ilə əməkdaşlıq edən sürücülərin işləri nə yerdədir? Bununla bağlı bazardakı vəziyyəti öyrəndik və ekspertlərlə danışdıq.

Bu gün taksilər Bakıda tələbat olan nəqliyyat növüdür. Bunu bu yaxınlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşlarının “Nəqliyyat və logistika kompleksinin inkişafı” konfransında açıqladığı rəsmi statistika aydın şəkildə sübut edir. Təqdim olunan məlumatlara görə, Bakıda İstanbuldan daha çox taksi sürücüsü var - 17 minə qarşı 28 min.

“Bolt”, “Uber” və buna bənzər məşğulluq platforması xidmətləri Azərbaycanda işsizliyə qarşı mübarizədə fəal rol oynayır: onlarla əməkdaşlıq edən sürücülər deyirlər ki, proqram onlara küçədə dayanıb sərnişinləri gözləməklə eyni vaxtda yaxşı pul qazanmaq üçün əlverişli fürsət yaradır. Sifarişlər onlara zəncirvari qaydada gəlir, buna görə də yeni sərnişin axtarıb vaxt itirməyə ehtiyac olmur. Bundan əlavə, beynəlxalq onlayn xidmətlərdə sürücülərin daha çox qazanmasına kömək edən bonuslar mövcuddur. Şərtləri bəyənməsələr istədikləri vaxt bir xidmətdən digərinə keçə və ya hər iki xidmətdən eyni anda istifadə edə bilərlər.

Sürücülər onlayn xidmətlərlə əməkdaşlıq etməklə nə qədər qazana bilərlər? Bu yaxınlarda Azərbaycan mətbuatında taksi sürücüsü işləyən və “Bolt” proqramında günə 100 manat qazanan 70 yaşlı təqaüdçünün müsahibəsi dərc olundu. Razılaşın ki, bu, təqaüdə olduqca böyük əlavədir.

BAKU.WS xəbər verir ki, oxu.az “Uber” sürücüsü ilə də əlaqə saxlayıb. O, deyir ki, orta hesabla ayda təxminən 2500 manat qazanır. Sürücü onu da bildirib ki, 3 ildən artıqdır ki, proqram vasitəsilə sifariş qəbul edir. Onun işində daha çox bəyəndikləri isə çevik iş qrafiki və yaxşı qazanc, eləcə də sərnişinlərlə ünsiyyət qurmaq imkanı və onların şəhərdə rahat hərəkət etmələrinə kömək etməkdir.

Bununla belə, çoxlu müsbət məqamlara baxmayaraq, sosial şəbəkələrdə ölkədə onlayn xidmətlərə mümkün məhdudiyyətlərlə bağlı söz-söhbətlər gedir. Şayiələrdə tariflərə dövlət tənzimləməsinin tətbiqi ehtimalı, lisenziyaların tətbiq olunması, eləcə də bu sahədə sürücülərin sayının azaldılması yer alıb. Taksi xidməti ətrafında yayılan şayiələr sürücülərin narazılığına və hiddətinə səbəb olur. 

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı açıqlamasında bazarda baş verənlərlə bağlı düşüncələrini bölüşüb:

“Uber”, “Bolt” və digər əcnəbi şirkətlər iqtisadiyyatın inkişafında və Azərbaycanda məşğulluğun artırılması, işsizliyin aradan qaldırılmasında önəmli rol oynayırlar. Bu şirkətlər taksi sürücülərinin işini asanlaşdırıblar. Müntəzəm olaraq taksi sürücüləri ilə ünsiyyətdə oluram və onların əksəriyyəti qazanclarından razılıq edirlər.

“Uber” və bəzi taksi şirkətləri işlərini müəyyən qədər yoluna qoyublar, onlar taksi sürücülərinin şikayət və təklifləri əsasında qiymət siyasətinə dəyişiklik ediblər. Bu da taksi sürücüləri tərəfindən bəyənilir. Bu, müsbətə doğru atılan addımlardır. Hesab edirəm ki, bu şirkətlərin Azərbaycandakı dövlət qurumları ilə əməkdaşlığı onların qadağaları ilə müqayisədə bölüşə biləcəkləri beynəlxalq təcrübələri daha faydalı ola bilər.

Sözsüz ki, dövlət tərəfindən bu sahənin tənzimlənmsinə ehtiyac var. Lakin sənayenin bütün iştirakçılarını dinləmək və sürücülərin maraqlarını nəzərə almaq vacibdir. Dünya təcrübəsində bir sıra ölkələr çevik həll yolu tapmağı bacarıblar. Məsələn, sürücülərin qeydiyyatı üçün sürücülük vəsiqələrinin, icazələrin və keçidlərin yoxlanılması üçün rahat elektron reyestr yaratmaq olar”.

E.Muradlı, həmçinin əlavə edib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı fikirlər son nəticədə neqativ nəticələrə gətirib çıxara bilər:

“Rəqabətin olmaması sahibkarlığa ciddi əngəl ola bilər. Vahid taksi şirkəti ideyası böyük ehtimalla baş tutmayacaq. Rəqabət xidmətin keyfiyyətinin artmasına müsbət təsir edir. Şirkətlər rəqabət apararaq həm sürücülər, həm də sərnişinlər üçün daha yaxşı şərait yaradırlar. Dövlət qurumları sadəcə taksi şirkətlərinin qanun çərçivəsində fəaliyyət göstərməsini, sürücülərin hüquq və maraqlarının qorunmasını təmin etməlidir. Rəqabət isə bundan sonrakı inkişafa kömək etməlidir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də