Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qarabağın “Son zəng”i - Deputatlar o günləri belə XATIRLAYIR

Bu gün Azərbaycan məktəblərində "Son zəng" çalındı. İşğaldan azad edilmiş rayon və şəhərlərimiz istisna olmaqla, bütün bölgələrdə "Son zəng" tədbirləri keçirildi. Beləliklə, məzunlar sevimli müəllimlərinə və sinif otaqlarına əlvida deyərək, müstəqil həyata ilk qədəmlərini qoydular...
 
Bəs işğaldan əvvəlki illərdə doğma Qarabağımızda "Son zəng" mərasimləri necə keçirilirdi? Həmin çağlar indi necə xatırlanır?
 
Milli Məclisdə Qarabağı təmsil edən deputatlar "Son zəng" xatirələrini  bölüşüblər.
 

 
Unudulmayan məktəb illəri...
 
Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, məktəb illəri indiyədək onun yadındadır:
 
"Bizim "Son zəng"imiz 1967-ci ildə Xankəndi şəhərində keçirilib. O dövrdə ətrafdakı azərbaycanlıların yaşadığı kəndlərdə ermənilər orta məktəb açılmasına icazə vermirdi. 8-ci sinfi bitirən uşaqlar seçim yolu ilə, kim yaxşı oxuyurdusa, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli beynəlmiləl məktəbinə daxil olurdu. Uşaqlar bu məktəbdə Azərbaycan və rus dili bölmələrində təhsil alırdılar.
 
Azərbaycan bölməsində oxuyan uşaqların "Son zəngi" orada keçirilirdi. O dövrdə vəziyyət bir qədər fərqli idi. Bizim məktəbdə rus dilində oxuyanlar və ermənilər üstünlük təşkil edirdi. Biz kənarda qalmışdıq.
 
Arzu edirəm ki, övladlarımız "Son zəng" tədbirlərini həmişə xoş xatirələrlə yada salsınlar. Bütün məzunlara uğurlar, cansağlığı və xoş günlər arzulayıram. Eyni zamanda vətənə, millətə layiqli vətəndaşlar olsunlar".
 
Qarabağın "Son zəngi" daha maraqlı idi...
 

 
Cəbrayılın deputatı Ceyhun Məmmədov o dövrlərdə "Son zəng" mərasimlərinin daha maraqlı olduğunu söyləyib:
 
"Cəbrayılda, Qarabağda tədbirlərimizi keçirirdik. Hesab edirəm ki, o dövrdə "Son zəng" daha canlı, daha səmimi və maraqlı keçirdi. İndikindən fərqli olaraq daha çox həyacan var idi. İnsanlar tədbirlərə hazırlaşırdılar. İndi də hazırlıq görülür, ancaq o vaxt tamamilə fərqli idi.
 
Bu gün Cəbrayılın Mehdi Mehdizadə adına məktəbində "Son zəng" tədbirində iştirak etdim. Cəbrayılın ən böyük məktəblərindən biri bu gün Müşfiqabad qəsəbəsində yerləşir. Mən bir anlıq həmin günləri xatırladım. Çox gözəl "Son zəng" keçirildi. Məktəbin qarşısında uşaqlar toplaşıb, bir-birilərini təbrik edib, müəllimləri ilə vidalaşırdılar. Bizim üçün "Son zəng" artıq bir xatirədir. Düzdür, bədnam qonşularımız bizim bütün məktəblərimizi darmadağın edib. Ancaq biz əminik ki, cənab Prezidentin rəhbərliyi ilə tez bir zamanda məktəblərimiz də bərpa ediləcək. Məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaqlar".
 
Həmin gün yadıma düşəndə pis oluram...
 

 
Ağdamlı deputat Aqil Abbasov "Son zəng"in məzunlar üçün ən sevincli gün olduğunu vurğulayıb:
 
"Şagirdlərin ən sevincli anları "Son zəng"də olur. Təəssüf ki, "Son zəng" sevincini yaşaya bilmədim. Həmin gün məktəb direktoru İsmayıl Bəşirov vəfat etmişdi. Hamımız onun yasına getdik. Ancaq dünyada "Son zəng"dən gözəl heç nə yoxdur. Hər dəfə "Son zəng" olanda mənim yadıma həmin hadisə düşür və pis oluram.
 
Ancaq Qarabağ bölgəsində "Son zəng" çox gözəl keçirilirdi. Biz indikilər kimi küçəyə çıxıb hoppanıb-düşməmişik. Məktəbdə "Son zəng" çalınıb, daha sonra şagirdlər Ağdam şəhərini gəzintiyə çıxırdı. Hamı şagirdləri salamlayırdı".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də