Bakıdan avtobuslarla turlar da təşkil olunur, cəmi 10 manat ödəməklə 28 il həsrətində olduğumuz doğma Şuşanı görə bilərik. Azərbaycanın incisini, mədəniyyət paytaxtını görmək, gəzmək, hər kəsin arzusudur…
Yaz fəslinin başlayandan, qarlar əriyəndən bu balaca şəhərin qonaqları lap çoxalıb.
Dövlət tədbirləri bir-brini əvəz edir. Ötən həftə Dünya Azərbaycanlılarının Şuşadakı qurultayı səs-küylü oldu, bu günlərdə beyni mərkəzləri toplantılarını orada keçiriblər.
Bu il “Şuşa ili”dir axı. Əksər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının proqramlarında bir dəfə də olsa Şuşaya baş çəkmək yer alıb…
İşğaldan azad olunmuş ərazilərin bərpası, məskunlaşdırılması dövlətin vacib prioritetidir. Hökumət əsas gücünü ora istiqamətlənib, əsas maliyyə vəsaitləri, infrastruktur layihələri Qarabağ bölgəsinə yönəldib, orada həyata keçirilir.
Təkcə qurub-yaratmaq deyil, həm də rayonların təhlükəsizliyini təmin etmək, minalardan təmizləmək, xarici investorları dəvət etmək, beynəlxalq ictimaiyyətin nümayəndələrinin səfərlərini təşkil etmək çox vacibdir. Bu sahələrdə də işlər görülür.
Bütün bunlar çox yaxşıdır, servindiricidir, amma bir şərtlə: gərək Azərbaycanın başqa bölgələri unudulmasın Məsələn, ölkənin ikinci böyük şəhəri, Cümhuriyyətimizin paytaxtı Gəncəni.
Gəncə tarximizin, mədəniyyətimizin beşiyidir, dövlətimizin təşəkkül tapmasında, formalaşmasında, inkişafında misilsiz tarixi rola malikdir.
Bu gün bu qədim, gözəl şəhər sanki diqqətdən kənarda qalıb.
Düzdür, Elmar Vəliyevdən sonra gəncəlilər rahat nəfəs alır. Yeni rəhbərlik sahibkarlardan haqq toplamaq ənənənəsinə son qoyub.
İcra başçısı Niyazi Bayramovun qapısı hər sakinin üzünə açıqdır.
Şəhid ailələri, qazilərin bitib-tükənməyən qayğıları, bəzən haqlı, bəzən haqsız tələblərini də yerinə yetirmək yerli rəhbərliyin üzərindədir.
Bu günə qədər nə şəhid ailələrindən, nə də qazilərdən yerli rəhbərlikdən narazı qaldıqları məqam olmayıb.
Amma 10 ildir ki, yolları “Azərsu” tərəfindən dağıdılan Gəncənin durumu bərbaddır.
İllər əvvəl dağılmış yollar bərpa edilməyib, hələ indilərdə şəhərə içməli su çəkirlər, bir çox məhəllərdə sakinlər hələ də su satan maşınların arxasınca qaçır.
Gəncədə əhali kasbdır, iş yerləri azdır, işsizlərin sayı hədsiz çoxdur. Son illərdə dövlət və iri holdiqnlər burada iri layihələr həyata keçirmirlər, yeni tikilən binaların sayı da azdır. Əksinə, ətraf rayonlardan Gəncəyə köçüb gələnlər şəhər ətrafında on minlərlə insanın yaşadığı qəsəbələr salıblar.
Bu yaşayış maassivlərində yollar bərbaddır, işıq, qaz, su xətləri də pis vəziyyətdədir. Daşkəsəndən, Samuxdan, Şəmkirdən, Gədəbəydən, Goranboydan köçüb yerləşən Gəncənin yeni sakinləri qazanclı iş, rahat şəhər həyatının arxasınca gəliblər. Amma əksəriyyəti məyusdur, təsəvvür etdikləri təminatlı həyat bu şəhərdə də yoxdur…
May ayında Gəncə xüsusən gözəl olur, şəhər küçələrində boy göstərən çinarlar yaşıllaşır, parklar, xiyabanlar göz oxşayır.
Yazın ikinci ayı ümumiyyətlə Azərbaycanın hər yerində təbiət birrəng olur, insanların əhvalını həm təbiətin gözəllikləri, həm də bayram əhval – ruhiyyəsi yüksəldir.
Axı 28 mayda Azərbaycan Cümhuriyyəti qurulub, 104 il əvvəl qurucu babalar min bir əzab-zəiyyətlə bu möhtəşəm tarixi naliyyətə imza atıblar, Bakı azad edilənə qədər Gəncəni Cümhuriyyətimizə paytaxt seçiblər.
Hər ilin mayın ayında dövlət rəhbərliyinin Gəncəyə səfər etməsi, parlamentin iclaslarından birnin bu şəhərdə keçirilməsi yaxşı olardı. Bir ara bəzi nazirliklərin, aliməktəblərin ikinci şəhərə köçrülməsi planları vardı, amma sonralar xəbər çıxmadı. Gəncə regional mərkəzdir, onun çox böyük potensialı var, turizm, elm, mədəniyyət, iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirmək olar.
Gəncənin diqqətə-qayğıya ciddi ehtiyacı var. Onun yoxsul, məyus görkəmini dəyişmək, ona yeni ruh vermək lazımdır. Buna Azərbaycan dövlətinin hər cür imkanı var. Yetər ki, istək olsun…