Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Media islahatları: yeni hədəflərə doğru



 

2020-ci ilin sonlarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilmişdir. İşğal altındakı torpaqlarmız azad edildikdən sonra dövlətimizin inkişafı, iqtisadiyyatımızın gücləndirilməsi, milli təhlükəsizlik, xalqın rifah səviyyəsinin yüksəldilməsi istiqamətində işlər daha böyük sürətlə həyata keçirilməyə başladı, azad edilmiş torpaqlarımızda infrastrukturun və ekoloji tarazlığın bərpası prioritet vəzifələrdən biri kimi müəyyən edildi.

Formalaşmış yeni reallıqlar çərçivəsində Azərbaycanda informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün müvafiq şəraitin yaradılması, media sahəsinin inkişaf etdirilməsi məsələsi də daha böyük əhəmiyyət kəsb etməyə başlamışdır. Bununla əlaqədar 2021-ci il yanvarın 12-də Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamış və bununla da media sahəsinin inkişafı məsələlərinin dövlətin diqqətində olduğunu bir daha təsdiq etmişdir.
Azerforum.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun “Media islahatları: yeni hədəflərə doğru” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik.
Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi, demək olar ki, bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Sirr deyil ki, daha böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını öz maraq dairələrinə daxil olan mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar. Bu mənada, 44 günlük Vətən müharibəsindən sonra və son dövrlərdə regionumuzda baş verən digər hadisələr fonunda dünya siyasətinin gündəminə daha çox gələn Azərbaycan özünün geostrateji mövqeyi, regiondakı nüfuzu və beynəlxalq təşkilatlardakı çəkisi sayəsində qeyd olunan xarici aktorların maraq dairəsinə daha intensiv şəkildə düşməkdədir. Qeyd edilən Fərman həm də belə bir vəziyyətdə ölkədə daxili informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, milli media məhsulu istehsalının stimullaşdırılması, yerli medianın inkişafının təşviq edilməsi və rəqabətədavamlı medianın formalaşdırılması, informasiya mühitində münasibətlərin hüquqi nizamlanması, habelə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırılması məqsədilə yeni konseptual yanaşmanın, yol xəritəsi rolunu oynayacaq sənədin hazırlanması ilə bağlı yaranmış ciddi zərurətlə əlaqədar imzalanmışdır.
Həmin Fərmana əsasən yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan mediasının qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnə bilməsi, media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə təsis edilmişdir. Fəaliyyətini şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri üzərində quran Agentlik Nizamnaməsinə uyğun olaraq media subyektlərinin, redaksiyaların, jurnalistlərin reyestrinin aparılması, o cümlədən onlayn mediaya dair məsələləri, reklam, reytinq, mediada biznes modellərinin təşviq edilməsi kimi əhəmiyyətli fəaliyyət istiqamətlərinin inkişafı ilə əlaqədar funksiya və səlahiyyətləri də özündə birləşdirir.
Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və s. dair məsələlərin daha təkmil formada həll edilməsinə yönəlmiş tədbirləri ehtiva edir. Bura normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması, həmçinin media sahəsində institusional islahatların həyata keçirilməsi aid edilə bilər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də