RegionTV.info
Əsl liderin, dövlət başçısının, millət rəhbərinin əsas məziyyəti, gərəkli xüsusiyyəti nədir? Sualın onlarla, bəlkə də yüzlərlə cavabı var, təbii.
Amma o cavabların arasında ən məntiqlisi, fikrimcə, "Yox!" demək bacarığıdır.
Əsl Lider bu bacarığı siyasətə, davranış taktikasına və idarəetmə strategiyasına çevirir.
Gerçək Lider və Dövlət Başçısı ona, ölkəsinə və millətinə edilən təzyiqlərə, üzləşilən çağırışlara, təsir cəhdlərinə "Yox!" deyir, deməyi bacarır, deyə biləcəyini təxminlədir.
Sovetlər Birliyi adlı imperiya dağılıb tarixə qovuşmuş səltənətlər arasında yer alandan sonra müstəqilliyi qazanan və ya hədiyyə kimi qəbul edən keçmiş müttəfiq respublikalar müstəqil dövlətlərə çevrildilər.
De-yure, çünki o dövlətlərin idarəetmə sistemi sovet şinelindən çıxsa da, başqasının köhnəsi olan geosiyasi gödəkçəyə "second-hand" məhsulu təki əyinləndi.
Bəzisi könüllü, bəzisi məcburi: başqasının ölçüsündəki siyasi libasa dar gələnlər yerində sayır, həmin geyimlə qürrələnənlər isə kiçik ölçülü olmalarına rəğmən, böyük görünməyə çalışıb özlərindən savayı kimsəni aldada bilmirlər.
Azərbaycan tam fərqli yol tutdu.
Müstəqil, suveren, azad, rasional, soyuqqanlı, ilk əvvəl dövlətin maraqlarını və millətin mənafelərini ümdə sayan xarici siyasət, həmin siyasətin paraleli və üzvi birləşməsi olan daxili siyasət.
Ulu Öndər Heydər Əliyev - ad və soyadının hər hərfini əməlləri ilə siyasət simvollarına çevirmiş şəxs dövləti parçalanmaqdan, milləti də çeşidli faciələrə düçar olmaqdan qurtardı.
Onun oğlu İlham Əliyev atasının bəlirlədiyi yola davam etdi, amma o yolu Azərbaycanın inkişaf, qüdrət və tərəqqi magistralına çevirdi.
İstedad, özünə əminlik, bütün xalqı motivasiya etmək, intiqam hissini ən müasir üsullarla döyüş qabiliyyətinə çevirmək, karbohidrogen ixracından alınan pullardan az qala asılı vəziyyətdəki iqtisadiyyatı diversifikasiya edərək qeyri-neft sektorunu misli çətin sürətlə inkişaf etdirmək və ən başlıcası - perspektivi görməklə bahəm, reallıqda yaşanan olayları dəyərləndirərək onları Azərbaycanın nəfinə çevirmək fitrəti.
Azərbaycan Prezidenti İlham Əliyev prosesləri idarə edərək insanlara rəhbərlik edən şəxs, dövlət başçısı, miqyası və nüfuzu regiondan çox-çox kənara çıxmış liderdir.
O, ətalətə qətiyyətlə, inansızlığa iradə ilə, meşan təfəkkürə novatorluqla qalib gəlməyi bacaran və qalib gələn insandır.
O, insanlara öz ideyalarını reallaşdırmaq üçün imkanlar yaradır.
İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən, ilk saatdan bəri keçən zamanı təhlil etmək, görülən işləri sadalamaq, qələbələri sıralamaq çətin deyil.
Təbii, istioqrafiya, yaxud da statistik analiz olacaq.
Halbuki İlham Əliyev sadəcə, Azərbaycanı dəyişmədi - o, bütün bölgədə geosiyasi inqilab edərək son illərədək sarsılmaz sayılan siyasi konstruksiyaların və beynəlxalq münasibətlərdəki etiket ehkamlarının nə qədər nimdaşlaşdığını, beynəlxalq hüququn isə əksər hallarda kollektiv Qərbin və "qızıl milyard"ın maraqlarına xidmət edən, inkişaf etməkdə olan ölkələrin obstruksiyasına yönələn sistemləşmiş, aprior düşünülən məqamlar olduğunu göstərdi.
O, əsasını Heydər Əliyevin qoyduğu Üçüncü Azərbaycan Respublikası ideologemini gücləndirdi, güc və qüdrət daşıyıcısı etdi, ideologiya səviyyəsinə yüksəltdi.
42 yaşında Azərbaycanın idarəçiliyini qəbul edən İlham Əliyev 18 ildir ölkə gəmisini geosiysətin Ssila və Xaribda qayalıqları arasından məharətlə keçirir, amma mifik Atlantida axtaranlara bənzəyən bir sıra postsovet liderlərindən və dövlət başçılarından tam fərqli olaraq Azərbaycanın çəkisini, siyasi kütləsini, əhəmiyyətini və dəyərini fasiləsiz artırır.
Birqütblü dünya düzəninin darmadağın olmasından sonra Qərbin avtoritar libertarianlığı və diktatura sxemli demokratik dəyərlər sisteminin inşa edildiyi dövrdə Azərbaycan qonşuları ilə bahəm, böyük dövlətlər və kiçik ölkələrlə üfüqi münasibətləri bərqərar etdi.
Ərazilərimizin 20 faizinin Ermənistanın işğalında olduğu dönəmdə İlham Əliyev ordunu yenidən qurmağa başladı, əlində silah olan vətəndaşlar toplusunu Silahlı Qüvvələrə döndərmək üçün sözün gerçək mənasında, titanik zəhmət çəkdi.
Azərbaycanda sifarişli, ssenariləri uzaqlarda yazılan müxtəlif "rəngli inqilablar"ı gerçəkləşdirməyə çalışan qüvvələr anlamırdılar və anlamaq istəmirdilər ki, siyasət nəhəngi olmuş Heydər Əliyev özündən sonra uğurla fəaliyyət göstərən güclü dövlət qoydu.
Heydər Əliyevin parlaq varisi İlham Əliyev daxildə özlərini "demokratik müxalifət" adlandıran radikallar yığnağının, xaricdə isə dövlətimizlə millətimizə qənim kəsilən güclərin taktiki planlarını əvvəlcədən təxminləyərək zərərsizləşdirdi.
Əsgər Akayev, Leonid Kuçma, Eduard Şevardnadze və başqalarını hakimiyyət zirvəsindən endirib siyasət məcrasından çıxaraq səmum Azərbaycana tərəfə əssə də, heç nə edə bilmədi: kənarlarda formalaşdırılan tornadolar fəlakət səviyyəsin itirərək ölkə üzərindən əsən adi yel oldu.
İlham Əliyev həm də ən sərt və güzəştsiz rəqiblərini, siyasi və ideoloji opponentlərini öz mövqelərinə cəlb etməyi bacaran, hətta daxildəki ən radikal müxalifətçilər arasında yer alan bir neçə şəxsin qısamüddətli mənəvi katarsisindən sonra baxışlarını dəyişməsinə nail olan azsaylı siyasətçilərdən biridir.
Təbii, Azərbaycanın daxilində və xaricində İlham Əliyevlə barışmayan, onu tənqid edənlər var. Mövcuddur bunlar: lakin həmin şəxslər və qüvvələr də artıq dekorasiya rolunu oynadıqlarını anladıqlarından fəaliyyətlərinin qeyri-effektiv olduğunu dərk edirlər.
18 il - günəgün, anbaan Azərbaycan Zəfərə doğru irəliləyirdi.
İlham Əliyev Azərbaycanın və azərbaycanlıların ən böyük milli problemini həll etdi, 28 illik işğala son qoydu, 44 günlük Vətən Müharibəsində gerçək komandan və əsl lider olduğunu bir daha nümayiş etdirməklə bahəm, bölgədə geosiyasi strategiyanı müəyyənləşdirən, geoiqtisadiyyatın regional amillərini bəlirləyən dövlət başçısı olduğunu göstərdi.
Triumfa nail olmuş İlham Əliyev fenomeninin sirri nədir?
Əslində sirr yoxdur, çünki İlham Əliyevin siyasəti açıqdır, şəffafdır və o, bütün qərarları barədə xalqa müfəssəl hesabat verir.
Qələbələrin mexanikası aşkardır: ölkədə yeni ictimai fikrin formalaşdırılmasının yetkinləşməsi, sosial və siyasi mədəniyyətin bərqərar olması, əhalinin fərdlər toplusu səviyyəsindən vətəndaşlar cəmiyyətinə çevrilməsi, millətin bir ideya - işğala son qoyulması və inkişaf ətrafında birləşməsidir.
Hər azərbaycanlı anladı və şahidi oldu ki, Azərbaycanın rifahı ilə yanaşı, Qarabağ dövlətin başçısı üçün ləyaqət, şərəf və milli heysiyyat məqamı, dövlətçiliyin alfa və omeqası oldu.
Dəmir iradə, sarsılmaz qətiyyət, intellektual təhlil, hadisələrin və proseslərin uzunmüddətli perspektivə hesablanmış proqnozlaşdırılması, "vətəndaş dövlət üçün yox, dövlət vətəndaş üçündür" fikrinin absolyuta çatdırılması, böyük güclərlə bərabərhüquqlu, kiçik dövlətlərlə rəvan münasibətlərin qurulması - İlham Əliyev siyasətinin baza prinsipləridir.
İran, Rusiya və ABŞ kimi diametral əks mövqelərdə durmuş dövlətlərin üçü ilə də sıx, intensiv, qarşılıqlı sayğıya və maraqların nəzərə alınmasını ehtiva edən münasibətlərin qurulması məhz İlham Əliyev xarici siyasətinin əsas ünsürləri arasında yer alır.
Ən başlıcası isə Azərbaycandır: Qarabağlı Azərbaycan.
Son 18 ildə İlham Əliyevin siyasətinin, fəaliyyətinin məhvərini Qarabağın düşmən işğalından azad edilməsi təşkil etmişdi - dünya dövlətləri ilə münasibətlərdə maraqlar tarazlığının və mənafelər rəvanlığının qorunmasından tutmuş, enerji daşıyıcılarının dünya bazarlarına ixrac marşrutlarının layihələrdirmədən tutmuş, istifadəyə verilməsinədək keçən proseslər; neft-qaz strategiyası və beynəlxalq təşkilatlarla münasibətlər...
2006-cı ildə İlham Əliyev 15 il öncəyə baxaraq Şuşanın azad ediləcəyini, Qarabağın düşmən tapdağından qurtulacağını demişdi.
Bizim üçün gələcək olan zamanı o, artıq yaşayırdı.
Gerçək Lider zamanı qabaqlayaraq, təxminlənənləri tədricən gerçək edir - budur səbəb.
Xəbəri paylaş