Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vətənə sevgi qandan, evinə, torpağına sahib çıxmaq əxlaqdan gəlir






İllər ərzində həmyaşıd olduğum Qarabağ dərdimizdən çox danışmamışam. Bəzən böyüklərimizin “Siz bilməzsiniz Qarabağı, dağı, havası başqa bir aləm” deməsi bizdə çox suallar yaradıb. Bizsə nə qədər Qarabağı soruşmuşuq... Qarabağa ən yaxın rayonlara olan səfərlərdə də “Ay ata, bura oraya oxşayırmı” dedik. Hər dəfə “Yox ora biraz başqa cürdür” dedilər. Oxşatmalar, xəyallar ata yurdundan heç bir təəssüratı bizim zehnimizdə tam təcəssüm etdirmədi.

1996-cı ildə ata yurdum - Zəngilanın işğal olunmasından üç il keçirdi. Bakıda incik payız günlərindən biri idi. Anamla Bakı Dövlət Universitetinin qarşısından keçirdik. O zaman hasarı yox idi. Tələbələri qapılardan çıxan görüb, “Ana bura haradır ?” dedim. “Bura universitetdir, böyüyəndə kaş sən də burada oxuyasan” deyə anam, ürəyi dağa dönmüş şəkildə cavab verdi. Arzusu məramım oldu. İllər keçdi, qəbul olduğum il yalnız “universitet”li olmaq üçün ixtisas yazdım. Həmin illərdən qalan ilk arzu həqiqətə çevrilmişdi.

İllər öz sözünü dedi, incik payız sevincli bir payızla əvəzləndi. Bugün öz arzu məbədimin divarları arasından Qarabağa həsrətimizin sona çatması barədə yazıram.

Nə zaman ölkəmizin himni ifa olunubsa, istər hərbi xidmətdə, istərsə də mülki həyatda özümdə bir xəcalət hissi yaşamışam. Minlərlə canın bizim yaşamaq, azadlığa çıxmağımız üçün can verməsi bizi keçən nəsillərin ruhu qarşısında mütərəddid etməyibmi. Bunu hamımız hiss etmişik. Yaxşı yadımdadı, hərbi xidmətdəykən bir gün briqada komandirlərimizdən biri, elə bir nitq demişdi ki, yüzlərlə farağatda dayanan yoldaşlarım və mən nəfəs almaqda çətinlik çəkmişdik. Həyatda aldığımız ən böyük dərs idi. Əsir düşən analarımız, bacılarımızın düşmən tərəfindən nə cür zülmə məruz qalması barəsində dediyi sözlər, həmin an silaha sarılıb düşməni məhv etmək üçün kifayət idi.

Bütün keçəri hadisələr öz mənəvi və emosional kamilliyini 2019-cu ildə tamamladı. Universitetə yeni təyin olunmuş, rektor Elçin Babayev aprel zəfəri nəticəsində bizə qaytarılan Cocuq Mərcanlıya səfər edəcək heyətə xəbərim olmadan məni də daxil etmişdi. Bu mənim üçün çox böyük hadisə oldu. Mən inanıram ki, o heyətdə olan bütün həmkarlarım o səfərimizi böyük mütəssirliklə yad edirlər. Cəbrayıldan Zəngilana nə qədər yol var ki. Vaxtilə eyni qəza tərkibində olmuş, torpağı torpağından, suyu suyundan olan eyni dağlar və yamaclar. Mən o səfərdə ilk dəfə ata yurdunu hiss etdim, Cocuq Mərcanlıdan olan uşaqların şeirləri ürəyimi dağladı. Dağlara baxdım, heç bir zaman hiss etmədiyim bir doğmalıq var idi. Uzun müddət təəssüratlarının məni tərk etmədiyi bu səfər torpağa olan bağlılığımı tam şəkildə əks etdirmişdi. Sanki torpaq və mən arasında olan böyük məsafə bir anda bağlanmış, mənəvi boşluqumu doldurmuşdu.

Bütün sadaladığım hadisələr və bugün qəhrəman Azərbaycan ordusunun həmin torpaqlarda, nəsillərimizin qanı qurumayan düzənliklərdəki zəfər xəbəri bizə təkrarolunmaz hisslər bəxş edir. Uzun illərdir ki, Xocalını dağ kimi ürəyində yaşadan xalq, bu dağın üzərində su kimi səpiləcək bu günləri gözləyirdi. Cənab Prezidentin rəşadəti, qəhrəman ordumuzun qüdrəti bu yolda müvəffəq olacağımızdan xəbər verir.

Gün bayrağımızın Şuşadan asılacağı, Qarabağdan azan səsinin ucalacağı gündür. Yaradan bizi bu yolda müzəffər eyləsin.

Şahin Yusifli,
BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavini

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də