Məşhur televiziya aparıcısı, diktor, əməkdar artist Nailə İslamzadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Nailə xanım, İTV-də aparıcılıq etdiyiniz "Ötən günlər" verilişinə hazırlıqlar başlayıb. Efir həyəcanı varmı? Verilişiniz yeni mövsümdə nə zaman efirdə olacaq?
- İctimai Televiziyada yeni mövsüm gələn həftədən başlayır. "Ötən günlər" verilişi sentyabrın 26-sı saat 20:00-da yayımlanacaq, əvvəl 19:25-də başlayırdı. Üstəlik verilişin vaxtına yarım saat əlavə edilib. Həmişə həyəcan olur, veriliş necə alınacaq, iştirakçılarla söhbət tutacaqmı, onları tamaşaçılara çatdıra biləcəyikmi və s.
Qonağımızı tamaşaçıya doğru tanıtdırmaq lazımdır, ötən günlərə qayıtmaq üçün hazırlaşmalısan. Qeyd etdiyim kimi məndə hər zaman efir öncəsi həyacan olur. Bu isə işə olan məsuliyyətdən irəli gəlir.
- Son günlər təqdim etdiyiniz yeni fotosessiyanız diqqət çəkdi. Ümumiyyətlə, gözəl və dəyişməz qalmağın sirri nədir?
- Təqdim edilən fotosessiya geniş tamaşaçı kütləsi üçün deyildi. Sadəcə olaraq uşaqlar müraciət edib fotosessiya təklif etdilər. Sadəcə fotoları sosial şəbəkədə öz səhifəmdə paylaşdım, yazdım ki, xahiş edirəm fotoları saytlar verməsinlər. Amma mənim fikrimi başlığa çıxarmışdılar. Böyük bir dəyişiklik görürsünüz? Həyatda necə varsa, elə idim. Təbii ki, fotolarda işıq effekti, baxış, gülüş və s. kimi detallar var. Fotoqrafın da işi odur ki, o anları dəyərləndirsin.
Bu, fotoşop deyil, təbii gözəlliyin efektidir. Hər bir qadın baxımlı və fədakar olmalıdır. Fədakarlıq odur ki, həm ev işi ilə məşğul ola, həm peşənə uyğun işə gedə, eyni zamanda özünə baxa biləsən və ən çətin sitiuasiyada özünü itirməyəsən. Depressiyaya düşəndə belə özünü unutmayasan. Mən də belə etmişəm. Bununla yanaşı çox gənc yaşlarından dərimə qulluq, təmizliyinə diqqət etmişəm. Qadınlarımız dərilərinə gənc yaşlarından qulluq etsinlər. İdman da edirəm. Sizinlə də dənizkənarı parkda görüşmüşük və bura mənim doğma məkanımdır. Buraya yaxın ərazidə yaşayıram. Yürüşə çıxıram, 7-8 km hərəkət edirəm. Qəbul etdiyim kaloriləri yandırmaq lazımdır.
- Nə zamansa qara saçlı Nailə İslamzadəyə qayıdış ola bilər?
- Hazırda saçımın rəngi qəhvəyi tondadır. Anadan olandan saçlarım tünd qara idi. Hətta institutda oxuyanda deyirdilər ki, saçına qara rəng qoymusan, yəni o dərəcədə qara idi. Sonra saçlar az-az ağarmağa başlayanda öz saçımın rənginə uyğun boyadım. Uzun müddət də elə oldu. Həyatdır...Həyatda hər şey dəyişir. Son beş ildir ki, saçım qara rəngdən bir az açıq olub. Təbii ki, zamanla insan dəyişir. Saçlarım əvvəl daha qısa idi, indi uzundur. Televiziyada xəbərlər oxuyanda "çolka" üzə düşməməli idi. O zaman daha konservativ idim, indi isə işdən kənar vaxtlarda idman üslubuna üstünlük verirəm. "Qara saçlı Nailə İslamzadəyə dönmək istəyirsiniz?!" sözündən xoşum gəldi.
- "TRT Avaz" kanalında "İşte kadın" verilişinin aparıcısı olmusunuz. Yaxın zamanlarda sözügedən kanaldan iş təklifi gəldi. Bu təklifi dəyərləndirməməyinizə səbəb nə oldu?
- O vaxt "TRT Avaz" kanalında bir il "İşte kadın" verilişini apardım. Amma veriliş aparmaq o qədər asan deyil. Türkcə danışmalı idim və o dildə öyrəndim. Çünki efirdə çox savadlı qonaqlar, universitet rektorları, elm adamları iştirak edirdilər və onlarla türk dilində danışmaq lazım idi. Ona görə çox çalışırdım, bəzi sözləri hətta əzbərləyirdim. Bildiyiniz kimi türk ədəbi dilində danışmaq danışıq dilindən fərqlidir. Çox çətin idi, amma bunu bacardım. Bir ildən sonra müqaviləni uzatmadıq. Mən o zaman Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyirdim. Ayda bir dəfə Türkiyəyə gedib, dörd verilişi hazırlayıb, gəlirdim.
Burada işim, düzənim var idi. Xarici ölkədə bir ayda dörd veriliş təqdim etmək çətin və çox məsuliyyətli idi. Həm də təklif edilən layihə böyük idi. Əsas iş yerim buarda idi. Ya orada, ya da burada fəaliyyət göstərməli idim. Təbii ki, mən ölkəmi seçdim.
- Türkiyədə də televiziya aparıcısı kimi tanına bilərdiniz...
- Mənim elə bir ehtiyacım yox idi.
- On il AzTV-də "Ailələr, talelər" verilişinin aparıcısı oldunuz. Yenidən o tipli verilişi fərqli və yeni formata təqdim etməyə ehtiyac varmı?
- Bilmirəm yenidən "Ailələr, talelər" verilişini fərqli formatda təqdim etsək necə olar? O tipli verilişlərin də müsbət və mənfi tərəfləri var. Bəzən deyirlər ki, pisdir, müsbət keyfiyyətlər aşılanmır. Amma elə düşünmək lazım deyil. Təbii müsbət və mənfi tərəfləri var, amma düşünürəm ki, Azərbaycan ailəsi, onun tarixi ənənəsi, ailədə və cəmiyyətdə baş verən aşınmalar, ailə və cəmiyyətin bir-birinə inteqrasiyası, ailə üzvlərinin münasibətləri, ailədə baş verənlər və sair kimi mövzulara həmişə ehtiyac var. Yetər ki, lazımı səviyyədə tamaşaçılara çatdırılsın.
- Ümumiyyətlə, qadınlarımızda nələri bəyənmirsiniz?
- Qadınlarımızı bəyənirəm. Azərbaycan qadınları özünəbaxımlı, ailəsini sevən, dəyər verən xanımlardır. Qadınlara qiymət vermək, onlarda mənfi cəhətləri görməmək üçün dəyər vermək lazımdır.
"Qadınlarda nəyi sevmirsiniz" sualı mənə ağır gəldi. Bilmirəm....Amma ətrafımdakı qadınlarda gözəl xüsusiyyətləri görə bilirəm.
- Gənc xanımlarda necə bu xüsusiyyətləri görə bilirsinizmi?
- Mən özümü orta nəslin nümayəndəsi hesab edirəm və ona görə də müqayisə etmək kimi bir imkanım var. Maddiyat mənəviyyatı ötməməlidir. Mən deyəndə ki, "İndiki qızlar hər şeyin hazırını istəyirlər" bir çoxlarının xoşuna gəlməmişdi. Sizə bir hadisə danışım, bir diş həkimim var, onun ailə quranda heç nəyi yox idi. Hazırda isə özəl diş klinikası var, övladları da diş həkimidirlər. Amma dediyim kimi həyat yoldaşı ilə evlənəndə heç nəyi yox idi. Tibb Universitetini bitirib, kirayədə yaşayırdı, evi, avtomobili yox idi. Özü həyat yoldaşı ilə birlikdə işləyə-işləyə o səviyyəyə çatdı.
Amma indi bir oğlan Tibb Universitetini, yaxud da başqa ailə məktəbi bitirəndə heç nəyi yoxdursa, qızlar düşünürlər ki, onunla evlənməsin. Axı, insan insanın mənəviyyatına, gələcəyinə daha çox fikir verməlidir. Deməli, bunun evi, avtomobili var, atası vəzifədədir və buna görə onunla ailə qurmaq lazımdır? Bu düşünürəm ki, düzgün yanaşma deyil.
Maddiyatı mənəviyyatdan üstün tutanlardan xoşuma gəlmir, qadın, yaxud kişi fərqi yoxdur. Qızlar bilməlidirlər ki, insanı özünə görə onu istəyirlər. Bilirsiniz, bir insana necə dəyər verirəm, istər vəzifədə olsun, istər də fəhlə işləsin, onun əlindən hər şeyini, var-dövlətini, imkanlarını, vəzifəsini alsan sonra yerində nə qalır? İnsan kimi insana münasibəti necədir? Mən insana qiyməti elə verirəm.
- Efirə ilk dəfə Uluxanova soyad ilə çıxdınız və evləndikdən sonra İslamzadə soyadını qəbul etdiniz. Müsahibələrinizin birində qeyd etmisiniz ki, soyadınıza görə insanlar sizi Akif İslamzadənin həyat yoldaşı kimi qəbul edirdi. Bu hal hələ də davam edir?
- Bu qədər açıqlamaya rəğmən bu günə qədər də davam edir. Yenə də görürsünüz ki, səhv salanlar olur. Akif müəllimin də həyat yoldaşının adı Nailədir və onların da bir oğlanları var. Arada-sırada səhv salanlar olur, amma artıq səngiyib.
- Bir müddət əvvəl AzTV-nin rəhbəri Rövşən Məmmədovla görüşən diktorlar sırasında siz də var idiniz. Və bundan sonra sizin yenidən orada fəaliyyət göstərəcəyinizi düşünürdük. Ümumiyyətlə, hazırda AzTV-ni necə dəyərləndirirsiniz?
- Bəli, biz Rövşən Məmmədovla görüşdük və hətta o tipdə veriliş hazırlamağı xahiş etdi. Təbii ki, on üç ildən sonra televiziyaya ilk dəfə ayaq basdım. Rövşən Məmmədova təşəkkür edirəm ki, bizi bir araya topladı, hamımız çox həyəcanlı idik. Bizdən öncəki və bizim nəsil illərdir ki, o televiziyanın həyətinə ayaq basmırdılar. Əlbəttə ki, iş təklifi oldu, amma qismət İTV televiziyasına imiş.
Amma AzTV-dəki dəyişiklikləri görməyə bilmərik, təbii ki, gözəl verilişlər var və daha müasir verilişlər hazırlamağa çalışırlar. Düşünürəm ki, ana televiziyamız hər bir halda öz akademikliyini qoruyub saxlamalıdır. Yəni verilişlər çox da özəl televiziyalara bənzəməməlidir. Akademikliyini qoruyub saxlayırlar, amma bəzi nüanslar var ki, onları da götürmək olar. AzTV bizim doğma evimizdir. Sanki çoxdandır görmədiyim əzizimin görüşünə getdim.
- AzTV-dən 25 illik fəaliyyətinizdən sonra efirdən uzaqlaşdınız. Kanaldan ayrılmağınızda konkret səbəb nə idi?
- Orada mühit elə idi ki, istəsək də bizi orada qalmağa qoymazdılar.
- Ekrana çıxanda kamera qarşısında ilk nəyi düşünürsünüz?
- Mən danışanda kameraya baxmıram, "motor" deyiləndə verilişə başlayıram. Düşünürəm ki, verilişi hansı səviyyədə çatdıra bilərəm. Eləcə də qonaqlarıma veriləcək sualları düşünürəm, onları diqqətlə dinləyirəm.
Kameraya baxarkən dəmir parçasının arxasında bizi izləyən insanları gözümün önünə gətirirəm ki, mənim ixtiyarım varmı, onların gözünün özündə özümü istədiyim kimi aparım, istədiyim kimi hərəkət edim.
- Heç vaxt əlinizdə hazır mətnlə səhnəyə çıxmamısınız. Nə zamansa efirdə unutduğunuz söz olubmu? Ümumiyyətlə, efirdə çətin vəziyyət yaşamısınızmı?
- Cəsarətlə deyə bilərəm ki, məndən əvvəl və sonra səhnəyə əlində kağızsız çıxan aparıcı olmayıb. Bəlkə də var, mən görməmişəm. Bizim hazırda çox gözəl aparıcılarımız var. Yaddaş başqa şeydir.
Səhnədə unutduğum söz olmayıb, əvəzinə alternativ söz tapıb deyirsən. Şeir əzbəri deyil ki...Amma dövlət tədbirlərində olmayıb ki, hansısa sözü unudum, dayanım. Sadəcə bir dəfə səhnədə səndələmişdim və onda sözü unutmuşdum. 1984-cü il televiziyanın bayramı idi. Davud Əhmədovla səhnəyə çıxmalı idik. Tədbir yarım saat gecikmə ilə canlı yayımlanırdı.
Biz səhnəyə çıxanda ayağım kabellərə ilişdi, səndəllədim. Davud müəllim Nailə deyib, məni tutdu. Biz tez səhnəyə çıxdıq və guya səhnəcik göstəririk. Mikrofonun yanına gəldik və bütün sözlər yadımdan çıxdı. Mən də televiziyaya təzə gəlmişdim. Hamı mənə baxır, əlimdə hazır mətn yoxdur. Davud müəllim fikrini bildirdi və bir də gördüm ki, öz-özümə sözləri deyirəm. 37 illik televiziya təcrübəmdə həyəcan keçirdiyim an o zaman olmuşdu. Çox həyəcan keçirmişdim ki, mən nə deyəcəm?!
- Tələbəlik illərinizdə müsabiqə ilə AzTV-də fəaliyyətə başladınız. Balakənə qayıtsaydınız, həyatınız necə olardı?
- Yəqin ki, Balakənə qayıtsaydım, rus dili və ədəbiyyat müəllimi olacaqdım. Müəllimliyi də çox sevirdim. Uşaq vaxtı qonşu uşaqlarına dərs keçirdim. Atam müəllim olub və ona görə düşünürəm ki, hər hansı problem olmazdı. Hər insanın qisməti var, Bakıda qalmalı və bunlar yaşanmalı idi.
- Hazırda televiziya mühitini və aparıcılarımızı necə dəyərləndirirsiniz?
- Müasir televiziyamızın çox yaxşı aparıcıları var. Sadəcə bir neçə veriliş var ki, onlar tamaşaçıları qıcıqlandırır. O da mənə elə gəlir ki, zamanla yerinə oturacaq. Şükürlər olsun çox gözəl aparıcılarımız da var. Məsələn, çalışdığım İctimai Televiziyada bayağı söz işlədən, geyimində, hərəkətində nöqsan olan aparıcı görməzsiniz.
AzTV-də vəziyyət belədir, diqqət edirlər. Özəl televiziyalarda da yaxşı aparıcılar var, sadəcə olaraq bir-iki populyar proqramlar var ki, bu, insanları qıcıqlandırır. Amma "mən televiziyaya baxmıram, aparıcıları bəyənmirəm" kimi fikirlər artıq dəyişilməlidir.
İTV efiri tamaşaçıya yenidən sevdirən televiziya oldu, özüm içindəyəm deyə demirəm. İTV-nin rəhbəri Balakişi Qasımov gələndən sonra tamaşaçı və efir münasibətləri yeni müstəviyə qalxdı.
- Həyat yoldaşınızın sizi efirdən görüb, bəyənib. Bəs tanışlıq necə oldu?
- Bəli, həyat yoldaşım məni efirdə görüb bəyənib. O vaxt Rafiq Hüseynovun yanına gəlmişdilər. Həyat yoldaşım Xalq artisti Ağakişi Kazımovla gəlmişdi. Otağa daxil olanda gördüm ki, iki nəfər əyləşib, kim olduqlarını bilmirdim. Məni də otağa Rafiq Hüseynov çağırmışdı. Ordan-burdan söhbət elədim. Sən demə, qız görməyə gəliblərmiş.
Onda həyat yoldaşıma fikir verməmişdim. Sonra Rafiq müəllim dedi ki, filan məsələyə görə gəlmişdilər. Ondan sonra yavaş-yavaş münasibətimiz başladı.
- Həyat yoldaşınız sizi necə razı saldı?
- Bu haqda danışmağı xoşlamıram. Mənim kriteriyalarıma uyğum gələn müəyyən şeylər var idi ki, qəbul etdik.
- Gözəl və uzunömürlü ailəyə sahib olmaq üçün nə lazımdır?
- Fədakarlıq etmək. Tək özünü düşünməməli, çox şeylərin üzərindən keçməlisən. Onu da bacaran bacarır. Bir ailəyə düşürsən, düşünməlisən ki, onlar da sənin doğmalarındır. Necə ki, anan, bacın, qardaşın ilə sözün düz gəlmir, sonra barışırsan. Düzdür, özgəni bağışlamaq çətindir, amma doğma hesab edəndə bağışlamaq olur. Yox, əgər bağışlamaq mümkün deyilsə, bir ocaqada yaşayan insanların bir-birini görməyə gözü yoxdursa, ayrılmalıdırlar.
Hansısa kiçik problemin üstündə küsmək və bir neçə gün danışmamaq olar. Hətta küsüb evdən getmək də olar, amma bunu faciəyə döndərmək, sonra ağrılı münaqişələrə çevirmək lazım deyil. Yola getmirsənsə, ayrılmaq lazımdır. Tolstoyun belə bir sözü var: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələr hərəsi bir cür bədbəxtdir". Hər kəs çətinliklərdən keçərək xoşbəxt olur. Heç nə göründüyü kimi deyil. Və ailədə bir tərəf daha fədakar olur.
- Ailənizdə o missiya sizin üzərinizə düşdümü?
- Bəli, bizim ailədə fədakar mənəm. Ümumiyyətlə, fədakar insan olmuşam. Amma fədakarlıq etməyi başa qaxınc etmək olmaz.
- Bir oğlunuz var. Oğlunuzun evləndirməyi düşünürsünüz?
- Evlənməsini düşünürük, amma qismət. Bəzən anam da deyir ki, vaxt keçir, evlənsin. Deyirəm ki, mama, Allah icazə verəndə olacaq, bunu dərd etmək olmaz. İnşallah o da olar.