İranın Bakıdakı səfiri Rusiyanın İran üzərindən Ermənistana silah göndərməsi ilə bağlı məsələyə münasibətinə diqqət etdinizmi? Səfir buyurub ki, bu, bəzi media orqanlarının iddiasıdır. Halbuki bu məsələni prezident İlham Əliyev şəxsən prezident Putinlə telefon danışığı zamanı səsləndirib. Azərbaycan prezidenti bir müddət sonra bu məsələyə bir daha qayıdıb. Ancaq İran səfiri bu məsələni "bəzi media orqanları"nın ayağına yazır: "İran ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq getdikcə güclənir. Bu prosesin qarşısını almaq məqsədi ilə belə yalan xəbərlər yayırlar".
Bu məsələ ilə bağlı Rusiya tərəfi daha gülünc bəyanat vermişdi: “Rusiyaya Ermənistana silah yox, tikinti materialları göndərib”.
Aydın görünür ki, Rusiya Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Təbii ki, Türkiyə və Azərbaycan alyansı da bunun fərqindədir. Onlar da müharibəyə hazır olmaq üçün hərbi təlimlərin sayını və sanbalını artırırlar. Bu baxımdan Naxçıvanda keçirilən ikinci hərbi təlim təsadüfi görünmür. Özü də bu təlimlər təkcə torpaq üzərində yox, həm də havada gedir.
İranın Dağlıq Qarabağ məsələsində tutduğu rəsmi və qeyri-rəsmi mövqe bəllidir. Rəsmi Tehran sözdə Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir, əməldə isə Ermənistanın həyata keçirdiyi işğal prosesinin günişlənməsi üçün rəsmi İrəvana ən azı Rusiya qədər yardım edir.
Ən maraqlısı odur ki, İran Türkiyə ilə yaxınlaşmağa çalışır. Məsələn, İranın “Mehr news” xəbər agentliyi Həsən Ruhaninin bəyanatını yayıb. Prezident deyir ki, İran və Türkiyə regionun iki güc mərkəzidir. Onlar əl-ələ versələr, xarici təhdidləri birlikdə dəf edə bilərlər. Cənab Ruhani bunu yeganə doğru yol hesab edir və iki ölkə arasında getdikcə genişlənən əməkdaşlıqdan məmnun olduğunu bildirir.
Əlbəttə, İranla Türkiyənin bir araya gəlməsi, ümumiyyətlə müsəlman ölkələrinin xarici təcavüzə qarşı birlik nümayiş etdirməsi əla olardı. Ancaq Ermənistana arxa-dayaq duran İranın Azərbaycanın yanında olan Türkiyə ilə birlikdə olmasını əngəlləyən xeyli maneələr var. Bu maneələr İranın xarici siyasətinin mahiyyətindən qaynaqlanır.
Ermənistana dəstək verən əsas ölkə isə Rusiyadır. Bu ölkənin İrana nisbətdə imkanları daha böyükdür. Xüsusən silah tədarükündə İran Rusiya ilə rəqabət apara bilməz.
O da faktdır ki, Ermənistan iqtisadiyyatının 80 faizi rəsmən Rusiyaya məxsusdur. Rus ordusu Ermənistanın quru və hava məkanını qoruyur.
İsrailin “israelhayom” saytı bu məsələ ilə bağlı təhlil yazısı hazırlayıb. Nurit Greenger-in hazırladığı məqalədə maraqlı detallar var. Müəllif yazır ki, demək olar ki, hər gün Rusiyanın “İL-76” yük daşıyan təyyarəsi Xəzər dənizinin üzərindən keçərək İran ərazisindən İrəvana uçur və ora Rusiya silahları daşıyır. Nurit Greenger də bu prosesi Rusiyanın Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlaması kimi dəyərləndirir.
Müəllif yazır ki, Cənubi Qafqazda baş verən son olaylar həyəcan təbili çalmaq üçün ciddi əsas verir: “Azərbaycanın geostrateji və geoiqtisadi önəmini nəzərə alsaq və bu ölkənin Orta Asiya ilə Qərbin-ABŞ və Avropa Birliyinin əlaqələrinin qrulmasında oynadığı rola baxsaq, Rusiyanın Ermənistana davamlı şəkildə silah göndərməsi ilə bağlı ciddi narahatçılığa əsas olduğunu aydın görə bilərik”.
Xanım yazar qeyd edir ki, diplomatik müdaxilə olmasa, Cənubi Qafqazda qarşıdurma güclənə bilər. Bu isə Rusiyadan başqa bir ölkənin xeyrinə olmayacaq: “Rusiya hələ də Cənubi Qafqazı, o cümlədən Ermənistan, Gürcüstan və Azərbaycanı öz nüfuz zonası hesab edir. Avropa Birliyi və ABŞ-ın Cənubi Qafqazda passiv olması Rusiyaya bu bölgədə daha da aqressiv davranmağa imkan yaradır”.
Ermənistanın 20 faiz Azərbaycan torpaqlarını işğal etdiyini və həmin ərazilərdən didərgin düşən insanların geri qayıtmaq ümidi ilə yaşadığını vurğulayan müəllif yazır ki, Azərbaycan Rusiya Ordusunu öz ərazisindən çıxaran ilk Cənubi Qafqaz ölkəsidir və Rusiyanın maddi və hərbi dəstəyi ilə Ermənistan Azərbaycan torpaqların işğal edib. Bu işğal da Azərbaycanın müstəqilliyinə (Rusiya tərəfindən) verilmiş “mükafat” hesab oluna bilər:
“İşğala baxmayaraq, Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadi inkişaf məkanına çevrildi. Azərbaycan Qərbin son dərəcə önəmli müttəfiqi və tərəfdaşıdır. Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyanın rəhbərliyi altında yaranan bu və ya digər hərbi və iqtisadi birliklərdə yer almaqdan imtina edir... Rusiya 30 ildir ki, Ermənistanı silahlandırır və Rusiyanın xaricdə olan ən böyük hərbi bazası da məhz Ermənistanda yerləşir”.
Məqalədə Ermənistanın Tovuz rayonuna son hücumu ilə bağlı da diqqətçəkən məqamlar var. Qeyd olunur ki, həmin ərazidən Azərbaycana məxsus strateji önəm daşıyan kommunikasiya xətləri keçir. Bu xətlərin hesabına Azərbaycan nefti, xüsusən qazı Avropaya daşınır: “Ən önəmlisi budur ki, qaz kəmərinin Rusiya və İranla heç bir əlaqəsi yoxdur. Bu isə Avropanın Rusiya qazından asılılığını xeyli azaldır”.
İsrail qəzetinin müxbiri İranın Azərbaycana münasibətinə toxunarkən yazır ki, İran Azərbaycanı ABŞ və İsrailin müttəfiqi sayır.
Bu məsələ Türkiyə mediasının da diqqət mərkəzindədir. İngilisdilli “TRT World” saytı “Why Russia supports Armenia against Azerbaijan in the Caucasus conflict” ("Nədən Rusiya Qafqazdakı münaqişədə Azərbaycana qarşı Ermənistanı dəstəkləyir?") adlı yazısında bu problemin müxtəlif aspektləri nəzərdən keçirilir.
ATƏT-in Minsk qrupunun sabiq həmsədri və ABŞ-ın Azərbaycanda səfiri olmuş Metyu Brayza bildirir ki, Rusiyanın Ermənistanı müdafiə etməsi köhnə söhbətdir.
Məqalədə deyilir ki, Rusiya tarixən özünü slavyanların və ortodoks xristianların müdafiəçisi və xilaskarı kimi təqdim etməyə çalışıb. İmperialist məqsədləri naminə Rusiya Balkanlarda serblərə, Qafqazda isə ermənilərə istinad edib.
Beynəlxalq əlaqələr üzrə professor Bulənt Araz deyir: “Biz birmənalı şəkildə deyə bilərik ki, Rusiya Azərbaycana qarşı olan Ermənistanın yanında yer alır: "Ermənistan “de fakto” Rusiyanın bir əyaləti kimi görünür. Demək olar ki, bütün Ermənistan iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Ermənistanın müdafiə sistemi də Rusiyanın əlindədir”. Gördüyünüz kimi, bu fikir israilli müəllifin fikri ilə yüzdə yüz səsləşir.
Türkiyə saytı yazır ki, rəsmi Ankara isə tarixən İrəvana qarşı rəsmi Bakının yanında olub.
Sayt qeyd edir ki, 1945-ci ildə Sovet diktatoru Stalin Qars və Ərdahanı Türkiyədən qoparmaq istəyirdi. Elə ona görə də Türkiyə NATO-ya daxil olmaq zorunda qaldı.
Yazıda vurğulanır ki, Azərbaycan türk kökənli islam ölkəsidir. Orta Asiyadakı türk dövlətlərindən fərqli olaraq Azərbaycan Qərblə müttəfiqdir və Türkiyə ilə sıx əlaqələrə malikdir.
“Azərbaycan ilə Türkiyə arasındakı güclü əlaqələr Rusiyanı tərəddüd etməyə vadar edir, üstəlik Rusiya hələ də pan-Türkizm şizofreniyasından qurtula bilməyib. Rusiyanın canında qos-qoca türk qorxusu var, Ermənistan da bu qorxunu paylaşır. Bu iki ölkənin ittifaqı bu qorxu ilə izah oluna bilər”. Siyasi təhlilçi Esref Yalinkilicli açıqlamasında belə deyib. Onu da qeyd edib ki, Rusiya həm Azərbaycanı, həm də Ermənistanı öz orbitində saxlamağa çalışır.
“Ermənistanda türklər haqqında Paranoya mövcuddur, onlar Rusiyaya xilaskar kimi baxırlar”, “TRT World”a açıqlamasında Metyu Brayza bildirib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri onu da vurğulayıb ki, Rusiya tarixən etnik konfliktlərdən öz xeyrinə istifadə edib: “Ancaq onlar konfliktin partlayışla nəticələnməsini istəmirlər. Bu konfliktin kiminsə xeyrinə bitməsi də Rusiyanın marağında deyil. Rusiya istəyir ki, arada həmişə gərginlik olsun və heç bir ölkə özünü kifayət qədər müstəqil hiss etməsin. Rusiya arada bir bu ölkələri provokasiyaya cəlb edir, sonra onlar arşında vasitəçi qismində çıxış edir, beləliklə hər iki ölkəni öz kontrolunda saxlayır”.
Türkiyə saytı qeyd edir ki, Rusiyada medianın önəmli bir hissəsinə erməni lobbisi nəzarət edir. Uzun müddətdir ki, Rusiyanın xarici işlər naziri kimi fəaliyyətdə olan Sergey Lavrovun da atası ermənidir.
Türkiyə saytı biuldirir ki, bir çox məsələlərə yanaşmada cənab Yalinkilicli ilə Metyu Brayzanın fikirləri üst-üstə düşür. Ancaq türk analitik hesab edir ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya Gürcüstanı Qərbə uduzdu. Qafqazda Gürcüstanı itirən Rusiya üçün Ermənistan əvvəlkindən daha çox dəyər qazandı.
Beynəlxalq əlaqələr üzrə professor Bulənt Araz isə deyir: “Rusiya Ermənistan üzərindən Qafqaza giriş əldə edir. Əgər Ermənistan olmasa, Rusiyanın Qafqazla əlaqələri kəsilər”.
Cənab Yalinkilicli deyir ki, Rusiya yüz illər öncə olduğu kimi dünyanın fərqli nöqtələrində Türkiyə ilə üz-üzə gəlir. Fərqli maraqlara söykənən bu ölkələr ciddi rəqabətdədir. Biz bunu Yaxın Şərqin bir neçə nöqtəsində, Şimali Afrikada, Mərkəzi Asiyada aydın şəkildə müşahidə edə bilərik. İndi isə bu sıraya Azərbaycan daxil olub. Rusiya Türkiyənin Qafqazda geosiyasi təsir dairəsini genişləndirmək istəyinin qarşısını almaq istəyir: “Rusiya çalışır ki, Ermənistan-Azərbaycan münaqişəsində provokasiyaya əl atsın və Türkiyənin diqqətini Azərbaycana yönəltsin. Əvəzində isə Liviya və Şərqi Aralıq dənizində öz planlarını rahat həyat keçirsin. Güclü erməni lobbisinə malik olan Fransa da hadisələrin bu məcrada inkişafında maraqlıdır”.
Onu da qeyd edək ki, Rusiya sona qədər Ermənistanı müdafiə edəcək. Çünki Ermənistan Türkiyənin və Azərbaycanın, bütövlükdə türklərin düşmənidir. Məhz bu keyfiyyətinə görə Ermənistan Rusiya üçün dəyərlidir. Türkiyə və Azərbaycanla anlaşan Ermənistan Rusiyaya qətiyyən lazım deyil. Arada Rusiyanın müxtəlif dairələri Ermənistanı türklərlə qorxudurlar. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski açıq şəkildə deyir: “Mən Ermənistanın üzünə tüpürərdim və bir daha onlar olan tərəfə baxmazdım. Əgər ermənilər Rusiyadan başqa müttəfiq tapmaq istəsələr mən onlarla bütün əlaqələri kəsərdim. Əgər Ermənistan belə bir yol tutsa, Rusiya Türkiyəyə və Azərbaycana Ermənistanı tapdalamağa imkan yaradacaq. Ermənistanın iqtisadi baxımdan heç bir perspektivi yoxdur”. Nüfuzlu “intpolicydigest.org” saytında erməni əsilli Sargis Karavardanyanın məqaləsində Jirinovskinin bu fikrinə təsadüfən diqqət yönəldilmir. Müəllif dolayısı ilə qeyd edir ki, Ermənistanın seçim imkanı o qədər də geniş deyil. Rusiyanı itirmək Ermənistan üçün fəlakət ola bilər.
Qərb mediası onu da etiraf edir ki, Avropa Birliyinin, ABŞ-ın, Birləşmiş Millətlər Təşkilatının, bütövlükdə Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə təsir imkanı bəyanat verməkdən o yana getmir. Rusiya da bu fürsətdən yararlanaraq Ermənistan ilə Azərbaycanı bir-birinə qarşı daha aqressiv münasibətlərə təhrik edir.
Bir faktı da qeyd edim. Amerika hazırda öz daxili problemləri ilə məşğuldur. Söhbət təkcə prezident seçkisindən getmir. Məsələn, ABŞ-ın dövlət borcu 2020-ci ilin əvvəlində 17 trilyon dollar idi. Bu ilin sonuna kimi bu göstəricinin 33 trilyona çatacağı gözlənilir. Bu, ağlasığmaz göstəricidir. Təbii ki, ortada kononavirus amili var. İstənilən halda bu, fəlakətdir. Aydındır ki, belə bir problemlə üzləşən Amerikanın yadına nə Qafqaz, nə də Yaxın Şərq düşmür... (musavat.com)
https://www.globalresearch.ca/american-national-debt-increases-and-becomes-unpayable/5723287
https://www.israelhayom.com/opinions/whats-going-on-in-south-caucasus-region/
https://www.trtworld.com/magazine/why-russia-supports-armenia-against-azerbaijan-in-the-caucasus-conflict-38321