Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ötən gün Azərbaycanda səfərdə olub. O, Bakıda Prezident İlham Əliyevlə və azərbaycanlı həmkarı Ramil Usubovla görüşüb. Prezident İlham Əliyev Sergey Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını görüş zamanı deyib.
Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.
Qeyd edək ki, Şoyqu səfərə Tehrandan başlayıb. O, HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İrana səfər edib və burada ölkənin Ali Dini Lideri Əli Xameneyi, yeni prezidenti Məsu Pezeşkian və digər şəxslərlə görüşüb.
Şoyqunun regiona səfərini şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Şoyqunun Azərbaycana İrandan dərhal sonra səfər etməsi xüsusi qeyd edilməlidir:
"İstənilən xarici siyasətin məqsədi düşməni ya özünə dost, yaxud neytral tərəf etməyə çalışmaqdan ibarətdir. Bunu başa düşməliyik. Bu məntiqdən çıxış edərək böyük imkanlara malik olan ölkələrlə normal, xeyrimizə olan müəyyən məsələləri həll etməklə münasibətlər qurmalıyıq. Bu, çox müsbət hadisədir. Sergey Şoyqunun Azərbaycana İrandan dərhal sonra səfər etməsi xüsusi qeyd edilməlidir. Burada istər-istəməz İranla bağlı mövzular müzakirə oluna bilər. Əsas müzakirə olunan mövuzların içərisində, təbii ki, kommunikasiya məslələridir. Artıq bir neçə ildir ki, Şimal-Cənub dəhlizi layihəsinin icrası müxtəlif səviyyələrdə müzakirə olunub. Üç ölkənin başçıları görüşüblər. Amma təəssüflər olsun ki, İran tərəfindən məsələlər ləngiyir. Məlum olduğu kimi, dəmir yolunun bir hissəsi İran ərazisində tikilməlidir ki, dəmir yolu bağlantısı olsun. Avtomobil yolunun daha yaxşı vəziyətə gətirilməsi məsələsi də var. Sözügedən məsələlərdə İran o qədər də tələsmir. Səfər çərçivəsində bu məsələlərin müzakirə olunduğunu istina etmirəm. Çünki Sovet dövrünü götürsək, İranla bağlantı Culfa vasitəsilə idi".
Sabiq nazir deyir ki, dəmir yolu sistemləri İranla Azərbaycan arasında fərqlidir.
"Azərbaycanda sovet, İranda isə ingilis standartı idi. İndi Azərbaycanın məqsədlərindən biri ondan ibarətdir ki, Azərbaycan-İran arasında tranzit olsun. Eyni zamanda bu tranzitə başqa ölkələr də qoşula bilər. İkinci yol olan Astara-Rəşt dəmiryolu da işlək vəziyyətdə deyil. Ehtimal edirəm ki, müzakirə olunan məsələlər arasında bunlar da var. Azərbaycanla Rusiya arasındakı bəzi məsələlər də gündəmdə olmalıdır. Geniş gündəmimiz var. Əlbəttə, başadüşüləndir ki, Şoyqunun siyasi nüfuzu aşağı düşüb. O, artıq müdafiə naziri deyil və tənqidi yazılar var. Hər halda Rusiya dövlət başçısının tapşırıqları var", - o vurğulayıb.
Tofiq Zülfüqarovun fikrincə, Rusiya və Azərbaycanın kommunikasiya vasitələri ilə əlaqədar fikirlərinin üst-üstə düşməsi İrana təsir edəcək:
"Azərbaycanla Rusiya kommunikasiya məsələrində həmfikirdirlər. İki ölkənin birgə cəhdləri təbii ki, İrana daha təsirli olacaq. Rusiya-İran münasibətləri Ukrayna müharibəsindən sonra daha da genişlənib. Müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq mövcuddur. Rusiyanın bu barədə mövqeyi və rəyi daha təsirli olacaq".