Bu gün Azərbaycanda Zəfər bayramıdır. Şuşanın işğaldan azad edildiyi 8 Noyabr tarixi Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
2020-ci ildə 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsini, oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini, oktyabrın 17-də Füzuli şəhərini, oktyabrın 20-də Zəngilan şəhərini, oktyabrın 25-də Qubadlı şəhərini, noyabrın 8-də isə Şuşa şəhərini işğaldan azad edib, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olunub.
Daha sonra işğalda qalan digər ərazilərimiz - Laçın, Kəlbəcər, Ağdam rayonları düşməndən təmizlənib.
2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatları nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarının azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunub.
Modern.az-ın məlumatına görə, Qarabağ ərazindəki bir sıra mədəniyyət abidələri Azərbaycan Ordusunun Zəfərinə şahidlik edib.
Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarası dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab olunur. 1960-cı ildən 1985-ci ilədək mağarada davam edən arxeoloji qazıntılara Məmmədəli Hüseynov başçılıq edib. Birinci mərhələdə aparılan arxeoloji qazıntı işləri 1960-1973-cü illəri əhatə edirdi. Bu mərhələdəki arxeoloji qazıntı işləri zamanı Azıx paleolit düşərgəsinin çöküntülərində 6 mədəni təbəqə qeydə alınıb. Düşərgənin I və II təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid maddi mədəniyyət qalıqları tapılıb. 1968 -ci ilin iyun ayında M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etdi. Çənə sümüyünün 350-400 min il yaşı olduğu sübut edilib. Çənə sümüyünün aid olduğu qədim insan “Azıxantrop” (Azıx adamı) adlanır. Azıx mağarasında çənə sümüyündən başqa, alətlər, fauna və ocaq qalıqları aşkar olunub. Tədqiqatlar göstərdi ki, Azıx sakinlərinin hazırladıqları ilk əşyalar kobud çapacaqlardan, müxtəlif daş qəlpələrdən düzəldilmiş qazıyıcı və deşici alətlərdən ibarət idi. Burada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib. Erməni alimləri bir müddət Azıx mağarasında qanunsuz tədqiqat işləri apararaq, bu maddi mədəniyyət nümunəsini dünyaya öz abidələri kimi təqdim etməyə cəhd göstəriblər. Dünya əhəmiyyətli abidə 2020-ci ilin 9 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Xocavənd rayonununda da dünya əhəmiyyətli abidə yerləşir - Mustye mədəniyyətinə aid Tağlar mağarası. Qədim insanların burada 64-24 min il bundan əvvəl yaşadıqları bildirilir. Tağlar Mustye düşərgəsi özünün maddi-mədəniyyət qalıqlarına, stratiqrafiyasına və yaşayışın uzunmüddətli olmasına görə keçmiş SSRİ və Yaxın Şərq abidələri içərisində mühüm yer tutur. 1963-cü ildən Tağlar Mustye düşərgəsində arxeoloji qazıntı işləri aparıldığı zaman buradan 7000-dən çox daş alət, 2000-dən çox heyvan sümüyü tapılıb. Tağlar düşərgəsi çöküntülərində 6 mədəni təbəqə aşkar edilib. Mağaradan Orta əsrlər dövrü, Tunc dövrü və Eneolit dövrünə aid gil qablar tapılıb. Bütün Qafqaz və Yaxın Şərq abidələri içərisində Tağlar yeganə abidədir ki, burada yaşayış daimi olub. Tədqiqatlar nəticəsində Tağlarda Mustye mədəniyyəti dövründə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu aydınlaşıb.
Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu təsdiq edir. Şuşa ərazisində qədim insanların 200-250 min il bundan əvvəl yaşamağa başlaması və bu diyarın qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib.
1971-1975-ci illərdə professor Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji qazıntılar nəticəsində Şuşa şəhəri yaxınlığında, Cıdır düzünün aşağı hissəsində paleolit mədəniyyətinə aid qədim insan düşərgəsi aşkar olunub. Düşərgə Şuşa şəhərinin ərazisində olduğu üçün ona Şuşa mağarası adı verilib. Mağara Daşaltı çayının sol sahilində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çayın müasir yatağından isə 80 metr hündürlükdə yerləşir. Düşərgənin eni 20, uzunluğu 100, hündürlüyü isə 7 metrə bərabərdir. Şuşa mağarasında aparılan tədqiqatlar zamanı çöküntülərdə 5 təbəqə müəyyən olunub. Düşərgədə aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı, ovlanmış heyvan sümükləri də tapılıb. Bu da düşərgədə yaşayan qədim insanların ovçuluqla məşğul olmalarını göstərir. Şuşa mağarasının qabağında və ətraf ərazilərdə antik dövrə aid qala divarlarının qalıqları aşkar olunub.
Şuşada yerləşən, XVll əsrin ölkə əhəmiyyətli memarlıq abidələrindən biri hesab olunan İbrahim xanın bürcü (Xan mağarası) - Cıdır düzünün kənarındakı cığır qırx pilləkəna, Daşaltı dərəsinə və Xan mağarasına aparır. Mağara XVIII əsrin ikinci yarısında sıldırım qayaların üzərində, təbii və dərin kahaların qarşısında istehkam divarlar, bürclər tikilərək möhkəmləndirilib. Həm təbii, həm də insan əlinin əməyinin nəticəsi kimi yaradılmış müdafiə istehkamı rolunu oynayan mağaralar sığınacaq, eyni zamanda da şəhəri mühasirəyə almağa çalışan düşmənə ağır zərbələr endirmək məqsədilə tikilib. Bu mağaralara sıldırım qayaların üzərində, yalnız Şuşa camaatına bəlli olan cığırlar aparırdı. Belə mağaraların sayı bir neçə dənə idi. Uzun illər ərzində baxımsız qalmış, işğal zamanı isə ermənilər tərəfindən xandan qalmış qızıl-zinət əşyalarının axtarışı adı altında dağıntılara məruz qalmalarına baxmayaraq, bu mağaralar günümüzə qədər gəlib çatıb. İşğaldan sonra ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qorunur.
Ağdam rayonunun Xaçındərbətli kəndində yerləşən Qutlu Musa abidəsi. Nadir təsadüf edilən səciyyəyə malik türbə Elxanilər dövründə inşa olunub. Türbə nisbətən alçaq bir kürsülük üzərində yüksələn səkkizbucaqlı piramida şəkilli günbəzlə örtülüdür. Xaçındərbətli abidəsinin giriş qapısı üzərindəki kitabədə onun 15 iyul 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Kutlunun məzarı üzərində tikildiyini göstərilir. Qutlu Musa türbəsinin yeraltı hissəsinin varlığı onun qülləvari türbələr qrupuna daxil edilməsinə əsas verən başlıca bir əlamətdir. Qutlu Musa türbəsinin ən zəngin hissəsini giriş səthinin memarlığı və onun daxili günbəzinin stalaktitli quruluşu təşkil edir. Xarici səthlər çox da dərin olmayan batıqlarla işlənmiş və bu batıqların yuxarı hissəsi tağlara bağlanıb. Qutlu Musa türbəsinin giriş səthində və daxilində olan heyvan təsvirləri də son dərəcə diqqət cəlb edir. Onların içərisində vəhşi heyvan təsvirləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan memarlığı abidələri içərisində bu təsvirləri xatırladan nümunələr Bakıda, Bayıl qalasının (XIII əsr) üzərində də var.
Elmi ədəbiyyatda Xəzinədağ məbədi kimi yazılsa da, Gəncəsər adı ilə tanınan abidə Kəlbəcər rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşir. Məbəd XIII əsr xristian alban monastırıdır və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Albaniya Katolikosluğunun iqamətgahı olan bu kilsə Albaniyanın tarixində mühüm rol oynayıb. Gəncəsər monastırı digər Alban abidələrindən öz layihəsinin mükəmməlliyi və mürəkkəbliyi ilə seçilir. Kompleks kilsə, dəhliz, ictimai xidmət və yaşayış otaqları qrupundan ibarətdir. Monastır cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Kompleksin əsas tikilisi kilsə idi və məbədin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilib. Kilsə xaçvari-günbəzli kvadrat formalı olub, səliqəli kəsmə daşlardan tikilib. Xaçvari planlı ibadət salonunun şərq çıxıntısını yarımdairəvi altar absidi təşkil edir. Salonun mərkəzi hissəsini hündür barabanlı günbəz örtür. Barabandakı 4 iri və 4 kiçik pəncərə ibadət salonunun interyerini yaxşı işıqlandırır. Məbədin divarları həm iç, həm də çöl tərəfdən səliqəli kəsilmiş kirəmit plitələrlə örtülüb. Kilsənin xaçvari planı ənənəvi olaraq onun həcm kompozisiyasına da çıxarılmış, mərkəzi hissəsi hündür günbəzlə nəzərə çarpdırılmışdır. Küncdəki mehrabın üstündə hündür zəng qülləsi qaldırılıb. 16 üzlü zəng heykəltəraşlıq təsvirləri – mifoloji simvollarla, oyma naxışlar, qabartmalarla bəzədilmiş və çeşidli daşlarla naxışlanmış, günbəzin çətir formalı damı ilə tamamlanmışdır. Kilsənin ön hissəsi tağ sırası ilə bəzədilib. Kilsənin qərb çatısındakı iri xaçda İsanın çarmıxa çəkilmiş fiquru Turani tipdə, monqol hörükləri ilə təsvir olunmuş, onun yanlarında, başlarında türk-monqol papaqları olan apostol fiqurları qoyulmuşdur. Bu heykəl kompozisiyası tədqiqatçıların fikrinə görə, Elxanilər dövrünə aiddir. Gəncəsər kilsəsi Azərbaycanın xristian memarlığı ənənələri əsasında tikilmişdir. Bu dəyərli abidənin inşaatı və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olmuşdur. Memarlıq dekorunda heykəllərin tipoloji mənsubiyyəti, türk mifologiyasından gəlmə heyvan və quş fiqurlarının işlədilməsi, eləcə də oyma naxışlarda Şərqi Türküstan motivlərinin olması Gəncəsər kilsəsinin Həsən Cəlalın ölümündən sonra tamamlandığını sübut edir. 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalı oğlu knyaz Atabəy gətirib Gəncəsər məbədində dəfn edib. Eyni zamanda bu sülalənin bəzi üzvləri, alban din xadimləri də burada dəfn ediliblər. Bu kilsə tədqiqatçıların fikrincə, yarımdairəvi apsidalı, xaçvari-günbəzli kilsələrin Qafqaz ərazisində ən kamil örnəyidir.
Kilsəyə qərb tərəfdən kvadrat planlı sütunsuz iri salon birləşdirilib. Onun örtük konstruksiyasının əsasını bir-biri ilə kəsişən iki cüt perpendikulyar tağ-nervyurlar təşkil edir. Onların kəsişməsindən mərkəzdə alınan kvadratdan stalaktitlərlə dairəyə keçən bacanın üstündə səkkizsütunlu yüngül rotonda qurulub. Salon örtüyünün kompozisiya özəyi bu bacanın iç hissəsinə qeyri-adi bədiilik verən mürəkkəb və incə stalaktit quruluşudur.
Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşiən Ağ xaç kilsəsi vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İlkin tədqiqatlara görə bu abidə eramızın 570-ci ilinə aiddir. Alban memarlığına məxsus şəkildə inşa edilən kilsə tetrakoxun iki fərqli formada dairəvi məbəd şəklində tətbiqi, dörd yarpaqlı planın sadə formasıdır. Kilsənin inşaat texnikası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq kobud daş və əhəng məhlulu hörgüsünə əsaslanır. Kilsənin qərb tərəfdə yerləşən bir girişi var. Azərbaycan Xalq əfsanələrinə görə bu kilsə döyüşdə öldürülən 7 qardaşın xatirəsinə tək bacıları tərəfindən yaradılıb. Memarlıq quruluşuna baxanda, kilsənin yeddi apsidası ilə əlaqəli olması xalq əfsanəsinin doğru olduğuna inanmağa imkan verir.
Laləzar körpüsü Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayı üzərindədir. Maraqlı memarlıq quruluşuna malik olan körpünün 1867-ci ildə inşa olunduğu ehtimal edilsə də, bir çox tədqiqatçıların fikrincə, körpünün inşa tarixi XVIII əsrə aiddir. Laləzar körpüsü düz oval şəklində tikilib. Mərkəzindəki iki düz sütun tağlarla tamamlanaraq körpüyə ikitağlı görkəmi verib. Körpünün uzunluğu 17 metr, eni 2,8 metr, hündürlüyü 4,5 metrdir.İşğal dövründə körpüyə ciddi zərər dəyməsə də, divarında onun inşa tarixini göstərən lövhə üzərindəki yazılar ermənilər tərəfindən silinib.
Zəngilanın Məmmədbəyli kəndində yerləşən və ölkə əhəmiyyətli abidə kimi qeydə alınan Xacə Yəhya Məhəmməd oğlu türbəsi tikinti formasına görə Səkkizguşəli türbə adı ilə də tanınır. Memarlıq üslubu ilə seçilən türbə 1304-1305-ci illərdə inşa olunub. Türbənin ətrafında Orta əsr qəbiristanlığı yerləşir. Tarixi tikilinin səkkizbucaqlı formada piramidalı günbəzlə tamamlanan divarları xaricdən və daxildən yonulmuş daşla üzlənib.Türbənin mövcud olduğu ərazi kəndin ən hündür yerində yerləşir. Abidənin günbəzi iki qatdan ibarətdir. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. 1975-ci ildə yeraltı sahə təmizlənərkən türbənin sərdabəsi üzə çıxıb. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülüb. Orta əsrlərdə belə türbələr feodal əyanlarının və varlı şəxslərin qəbri üstündə ucaldılarmış. Türbənin maraqlı və orijinal kitabəsi var. Kitabə qapı yerindən yuxarı qövsvarı çatılmış bütöv daş üzərində həkk olunub. Nəsx xətti ilə yazılmış altı sətirlik ərəbdilli kitabə oyma üsulunda işlənilib. İki sətirdə türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilib. Müəlliflərin verdiyi məlumata görə, türbənin memarı və bənnası Əli Məcdəddin olub. Araşdırmaçıların fikrincə, Xacə Yəhya Məhəmməd oğlu dövrünün böyük alimlərindən olub.
Xudavəng monastır kompleksi ( lV-Xlll əsrlər) Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir. Kompleksə ümumilikdə doqquz tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakterli tikililərdir. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış,daha qədim olanlar nisbətən dağılıb. Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm divarlarla əhatə olunub. Üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunub. Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşından, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdü. Abidənin uzunluğu 16,2 metr, eni isə 5,8 metrdir. Dünya əhəmiyyətli abidə hesab edilir.
Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirir. Tarixi İpək yolunun üzərində yerləşən 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Azərbaycan memarlığının unikal abidələrindən olan Xudafərin körpüləri Yaxın və Orta Şərq regionunun ən əzəmətli, ən məşhur körpülərindən hesab olunur. Xudafərin körpüləri Böyük İpək Yolunun inkişafında mühüm rol oynamış və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyətə malik olmuşdur. 15 aşırımlı körpünün antik dövrdə inşa edilmiş digər bir körpünün dayaqları üzərində tikildiyi ehtimal edilir. Coğrafi mövqeyinin əlverişli olması, yəni sahillərinin sal qayalarla əhatələnməsi burada körpünün tikilməsinə şərait yaradıb. Körpünün tağları bişmiş kərpicdən yığılsa da, doldurucu kimi çay daşından istifadə edilib. 15 aşırımlı körpüdən 750 metr aralıda yerləşən 11 aşırımlı körpünün tikinti materialı kimi yonulmuş sal qaya daşlarından istifadə edilib.
Şuşa qalasının əsası 1752-ci ildə Qarabağ xanlığının əsasını qoyan I Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulub. Şuşa yaylasını əhatə edən, yaylanın şimal hissəsi düzəngahdır. Buna görə də qalanın burada daha hündür və daha möhkəm inşa edilmiş Şuşa qalasının bir çox fraqmentləri günümüzə qədər gəlib çatıb. Qalanın 3 qapısı olub. Günümüzə ikisi, “Gəncə” qapısı və “Ağoğlan” qapısı gəlib çatıb. Qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə edib. 1795-ci ildə Qacarlar dövlətinin şahı Ağa Məhəmməd şah Qacar 80 minlik ordu ilə Şuşanı 1 ay mühasirədə saxlamasına baxmayaraq, onu işğal edə bilməyib. Şuşa qalası bu gün də öz təyinatına görə aktuallığını itirməyib. 44 günlük Vətən Müharibəsində Şuşanı azad edən əsgərlərimiz sonradan düşmənin əks hücumunun qarşısını alarkən həm də qalaya sığınmışdılar. Şuşa şəhəri işğal altında olduğu dövrdə qala da möhkəm dağıntılara məruz qalıb. Şəhər azad edildikdən sonra qalanın böyük hissəsi bərpa edilib.