Çingiz Abdullayev rus dilini və rus sektorunu müdafiə edən fikirlərlə çıxış edib, deyib ki, bu dil bizim intellektual səviyyəmizi göstərir.
Azərbaycanda rus dilli mövzusu həmişə aktual olub. Bu dildə danışanlar, bu dili bilənlər həmişə digərlərindən üstün sayılıb. Hətta elmi və fəlsəfi kitablar da rusca olduğundan məcburən bu dili öyrənmişik.
Mən özüm də rus dilində təhsil almışam, bu dilin necə böyük ərazilərə yayıldığının praktiki şahidi olmuşam.
Rus dili bizdə həqiqətən də intellektuallığın şərti sayılır. Çünki əsas kitablar bu dildə qarşımıza çıxıb. Ya da dünya ədəbiyyatının əksər əsərləri orijinaldan yox, ruscadan tərcümə olunub. Bu mənada rus dili bizə dünyaya çıxmaq şansı qazandırıb. Biz bu dil sayəsində oxumuş və dünyanı tanımışıq.
İndi isə dövr dəyişib. Çingiz Abdullayev çox yox, 20 il əvvəl bu sözləri desəydi, normal qarşılanardı. İndi isə dünyada rus dili aparıcı deyil, ingilis dili hər yerdə üstündür. Bütün beynəlxalq konfranslar, müsabiqələr, görüşlər və s. ingilis dilində aparılır. İngilis dilini bilmək bu gün intellektuallığın ən əsas göstəricilərindən biridir.
Problem ondadır ki, biz rus dilini məişətimizdən çıxara bilmirik. Zaman-zaman türk serialları, türk yazıçıları ilə tanış olduq və uşaqlarımız bu dildə danışmağa başladılar. Ancaq rus dili yenə də adda-budda məişətimizdə işləndi. Hətta elə sözlər var ki, o sözləri indi də rusca deyirik.
Dil bilmək insanın bilgisinin keyfiyyətini göstərir. Neçə dil bilirsənsə, o qədər insansan. Bir dil bilirsənsə, bir insansan. 10 dil bilirsənsə, 10 insansan. Yəni dil bilmək möhtəşəm bir şeydir, səni dünyayla birbaşa tanış edən ən mühüm amildir.
Bir də var, hansısa dilə məxsus olmaq. Tutalım, elə yazıçılar var, onlar yazdıqları dilə məxsusdurlar. Məsələn, Nabokov. Mən onu ingilis ədəbiyyatına aid edirəm. Çünki Nabokov bu dildə üslubun ustası olub. Ona görə də bu dilin xəritəsini genişləndirib. Halbuki, əslən rusdur və ilkin əsərlərini rus dilində yazıb. Amma tutalım, Çingiz Aytmatov rus ədəbiyyatı sayılmaz. Onun mövzuları qırğız türklərinin ağrılarını ifadə edir. Siyahını uzatmaq da olar. Ancaq məncə, söhbətimizin mustafasına çatdıq.
Demək istədiyim odur ki, Çingiz Abdullayev Azərbaycan dilində bildiyini iddia etsə də, Azərbaycan dilinə məxsus deyil. Onun əsərləri də bunu təsdiq edir. Çingiz Abdullayev rus dilinin hadisəsidir. Hadisə deyəndə gözünüzdə böyütməyin. Sadəcə rus dilində yazan çoxsaylı yazıçılardan biridir. Çingiz bəy Azərbaycan dilinin incəliklərinə vara bilmir və ona görə də bizim coğrafiyanın ağrılarını ifadə etməkdə çətinlik çəkir. Rus sektoru söhbətini ortaya atır. Halbuki rus sektoru tarixə qovuşub. Öyrənmək istəyən onsuz da öyrənir. Bunun üçün sektorun olub-olmaması önəmli deyil.
Bizdə Slavyan Universiteti də var. Tək rus deyil, bütün dilləri öyrədir.
Arzu edərdim ki, bizdə rus dilindən savayı digər aparıcı dillərin də bazası yaradılsın. Bu dillərdə bilən peşəkarlar yetişdirilsin. Dünyanın ən ciddi elmi, fəlsəfi, bədii əsərləri orijinaldan tərcümə olunsun. Elə olsun ki, biz rus dilindəki kitablara ehtiyac duymayaq.
Sözümdən elə çıxmasın ki, rus dilinə qarşıyam. Xeyr. Mən sadəcə başqa dillərin də bizim məişətimizə daxil olmasını istəyirəm.
Və ən əsası...
Azərbaycan dili bu böyük dillər arasında qalmasın, böyüsün və öz qəlibindən çıxıb daha da gözəl şəkil alsın.