
Azərbaycanda bağlanan banklarda əmanətlərin qaytarılması və əmanətlərin sığortalanması ilə bağlı qaydalar əsasən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu və Əmanətlərin Sığortalanması Fondunun (ADİF) qaydaları ilə tənzimlənir.
Qanuna müvafiq olaraq, bank ləğv edildikdə və ya ödəmə qabiliyyətini itirdikdə ADİF hər bir əmanətçi üçün sığortalanmış əmanətin 100%-ni, yəni 100 000 manata qədər (sığorta limiti) kompensasiya edir. Fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı hesablarındakı vəsaitlər üçün bu məbləğ 20 000 manatadəkdir və notarius depozitlərindəki vəsaitlər tam miqdarda ödənilir. Sığorta hadisəsi baş verdiyi andan faizlər də həmin günə qədər hesablanmış məbləğdə kompensasiya olunur.
Əmanətlərin Sığortalanması Fondunun ödənilmiş kompensasiyalarla bağlı 11 sentyabr 2025-ci il tarixində ən son yenilənmiş məlumatına əsasən, LPO MUĞANBANK ASC üzrə 7 711 əmanətçiyə ümumilikdə 204 548 584,16 manat məbləğində kompensasiya ödənilib.
LPO GUNAY BANK ASC üzrə isə 2 211 əmanətçiyə 35 143 691,00 manat həcmində kompensasiya verilib.
LPO AGBANK ASC üzrə həyata keçirilən ödənişlər çərçivəsində 4 976 əmanətçiyə 134 036 217,00 manat kompensasiya ödənilib.
LPO NBCBANK ASC üzrə 4 314 əmanətçiyə ümumilikdə 137 150 158,00 manat vəsait qaytarılıb.
LPO AMRAHBANK ASC üzrə kompensasiya alan əmanətçilərin sayı 5 904 nəfər təşkil edib. Bu istiqamətdə ödənilən ümumi məbləğ 144 932 975,00 manat olub.
LPO ATABANK ASC üzrə isə 9 946 əmanətçiyə 260 337 217,00 manat məbləğində kompensasiya ödənilib.
Maraqlıdır, bəs fəaliyyətini dayandıran banklar üzrə ödənilməmiş kompensasiyanın məbləği nə qədər təşkil edir?
Qeyd olunan ödənilməmiş kompensasiyanın məbləği və açıqlanmış tarixdən sonrakı statistik rəqəmlərlə bağlı ən son məlumatları əldə etmək üçün Əmanətlərin Sığortalanması Fonduna sorğu ünvanlasaq da, sorğumuza dair aidiyyəti qurumun cavabını ala bilmədik.
Modern.az-a açıqlamasında hüquqşünas, iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, ümumiyyətlə, Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətini iki əsas istiqamət üzrə fərqləndirmək lazımdır.
“Birinci istiqamət qorunan, yəni sığortalanan əmanətlərin kompensasiyasıdır. Mövcud qanunvericiliyə əsasən, milli valyutada illik faiz dərəcəsi 12 faizi, xarici valyutada isə 2,5 faizi keçməyən və 100 min manata qədər olan əmanətlər bank bağlandıqdan sonra 1 ay müddətində kompensasiya edilməlidir. Əvvəllər bu müddət 6 ay idi, hazırda isə 1 aya endirilib. Praktikada Fond bu öhdəliyi yerinə yetirir. Əgər hansısa vətəndaş kompensasiya almayıbsa, bu, adətən Fondun ödəməməsi ilə deyil, şəxsin müraciət etməməsi ilə bağlı olur. Bu istiqamətdə ciddi problem müşahidə edilmir”.
Hüquqşünas nəzərə çatdırıb ki, problem ikinci istiqamətdə, belə ki, sığortalanmayan əmanətlərin və digər kreditorların vəsaitlərinin qaytarılması prosesindədir. Onun sözlərinə görə, bu sahədə Fondun fəaliyyəti qeyri-şəffaf və hətta qanunsuzdur:
“Bank bağlandıqdan sonra Fond ləğvedici qismində çıxış etməli, bankın bütün əmlakını satışa çıxarmalı, verilmiş kreditlərin mümkün qədər operativ şəkildə geri qaytarılmasını təmin etməli və bu prosesi tam şəffaf şəkildə aparmalıdır. Geridə qalan vəsait isə qanunvericiliyə uyğun olaraq kreditorlar arasında mütənasib qaydada bölüşdürülməlidir. Aydındır ki, bank müflis olduqda bütün borcların tam ödənilməsi mümkün olmur, lakin bölgü prinsipi açıq və əsaslandırılmış olmalıdır”.
Ə.Həsənov onu da əlavə edib ki, məhz bu mərhələdə ciddi şəffaflıq problemi mövcuddur:
“Prosesin necə aparıldığı, hansı əmlakın hansı şərtlərlə satıldığı, kreditlərin hansı qaydada geri toplandığı barədə ictimaiyyətə və kreditorlara dolğun məlumat verilmir. Tam özbaşınalıq hökm sürür. Bundan əlavə, kreditorların komitəsi, yəni pulu qalan şəxslər də lazımi səviyyədə məlumatlandırılmır. Faktiki olaraq, bankda olan-qalan pulun başına da daş salınır”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bankda batmış (sığortalanmamış) əmanətlərin aqibətini belə izah edib:
“Sığortalanma limitini aşan hissəyə dair tələb bankın ləğv prosesində digər kreditorlar sırasına daxil edilir və bank aktivlərinin satışı nəticəsində müəyyən ödəniş almaq imkanı ola bilər, amma bu, sığorta təminatı kimi dərhal və tam olmayacaq. Belə hallarda əmanətçilər öz payları üçün uzun müddət gözləməli ola bilər və bəzən bu hissəni tam ala bilməyə də bilərlər.
Əmanətlərin Sığortalanması Fondu kompensasiyaları müəyyən limitə qədər ödəyir və bu, banklarda kütləvi qaçışların (run) qarşısını almağa kömək edir. Bununla belə, bəzi mütəxəssislər də hesab edir ki, sistemin daha şəffaf olması, əmanətçilərə məlumatın daha vaxtında ötürülməsi və sığortalanmayan əmanətlər üçün də bəzi qoruyucu mexanizmlərin gücləndirilməsi faydalı ola bilər”.
İqtisadçı eyni zamanda beynəlxalq təcrübəyə nəzər salaraq, əmanətlərin sığortalanmasının dünyanın bir çox ölkəsində tətbiq olunmasına da diqqət çəkib:
“Dövlət və ya müstəqil fond bankın uğursuzluğu zamanı əmanətləri müəyyən limitə qədər qoruyur. Məsələn, ABŞ-də bu limit təqribən 250 000 dollaradəkdir və sığortalanmış əmanətlər üçün əmanətçilər ya başqa bankdakı yeni hesabla, ya da ödəniş şəklində kompensasiya alırlar.
Avropa İttifaqında bir çox ölkələrdə minimum sığorta limiti 100 000 avro təşkil edir və kompensasiya adətən bankın bağlanmasından qısa müddət sonra verilir”.
A.Nəsirli həmçinin vurğulayıb ki, sığorta sistemləri beynəlxalq standartlara uyğun olaraq müəyyən prinsip və metodlarla işləyir:
“Bunlar arasında əmanət haqlarının banklar tərəfindən ödənilməsi, sığortalanmış aktivlərin hesablanması və kompensasiya mexanizmlərinin vaxtında icrası kimi əsas tələblər yer alır.
Beləliklə, həm milli, həm də beynəlxalq təcrübədə əmanətlərin sığortalanması sistemi bank bağlanmalarının sosial təsirlərini azaltmaq üçün vacib rol oynayır, lakin sığortalanmayan hissələr və sistemə üzv olmayan banklarda qoyulmuş vəsaitlər üçün risk hələ də qalmaqda davam edir”.
Yekun olaraq bu qənaətə gəlmək mümkündür ki, sığortalanan əmanətlərin qaytarılması mexanizmi nisbətən problemsiz işləsə də, ləğvetmə və sığortalanmayan vəsaitlərin qaytarılması prosesində ciddi şəffaflıq və hesabatlılıq çatışmazlıqları müşahidə edilir.


