Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Bələdiyyələr vətəndaşların istəklərini yerinə yetirmir” - Fatma Yıldırım

“Azərbaycanda bələdiyyələrin normal fəaliyyəti və inkişafı üçün hüquqi, maliyyə və iqtisadi təminatlar yaradılıb. Dövlət həmişə yerli özünüidarəetmə orqanlarına dəstək olub, hazırda da bu proses davam etməkdədir. Hər il dövlət büdcəsindən ayrılan dotasiya ilə yanaşı, 2019-cu ildən başlayaraq subvensiyaların da ayrılması bələdiyyələr tərəfindən məqsədli layihələr çərçivəsində xidmət və istehsal sahələrinin yaradılmasına və nəticədə maliyyə-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılmasına xidmət edir”.

"RegionTV.info"  xəbər verir ki, Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, parlamentin martın 9-dakı iclasında bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsindən də görünür ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı müəyyən tədbirlər həyata keçirilib, qanunvericiliyin düzgün tətbiq olunması istiqamətində xeyli təkliflər verilib: “Lakin çox istərdim ki, Ədliyyə Nazirliyinin illik məruzəsində bələdiyyələrin rastlaşdıqları əsas problemlər, çətinliklər və bu istiqamətdə görülmüş və görüləcək tədbirlər səsləndirilərdi”.

Fatma Yıldırım bildirib ki, bələdiyyələrin fəaliyyətində kifayət qədər problemlərin olması, bir çox bələdiyələrin yerli problemlərin həlli ilə bağlı üzərilərinə düşən vəzifələrin bu və ya digər səbəblərdən öhdəsindən gələ bilməmələri ölkə vətandaşlarını, o cümlədən də biz deputatları narahat etməyə bilməz:

“Millət vəkili kimi mütəmadi olaraq mənə seçicilərimi narahat edən müxtəlif problemlərlə bağlı müraciətlər olunur və həmin müraciətlər aidiyyəti olaraq rayonda fəaliyyət göstərən bələdiyyələrə ünvanlanır. Təəsüflər olsun ki, bələdiyyələr tərəfindən vətəndaşların istəkləri yerinə yetirilmir”.
Deputat qeyd edib ki, respublikada bələdiyyələrin sayına görə Bərdə rayonu birinci yerdədir və Bərdədə 66 bələdiyyə fəaliyyət göstərir:

“Bəlkə də elə bələdiyyələrin fəaaliyyətindəki problemlərin çoxluğuna görə də bu rayon ölkədə birincilər sırasındadır. Belə ki, rayonun 66 bələdiyyəsindən, Bərdə şəhər bələdiyyəsi də daxil olmaqla 63 bələdiyyənin Məcburi dövlət sosial sığorta borclarına görə bank hesablarına məhdudlaşdırıcı sərəncamlar qoyulduğundan onlar heç bir maliyyə əməliyyatı apara bilmirlər. Bərdədə fəaliyyət göstərən bələdiyyələrin mütləq əksəriyyəti nəinki yerli problemləri həll edə, hətta orada çalışan bir-iki işçinin əmək haqlarını belə ödəyə bilmirlər. Düşünürəm ki, bu problem təkcə Bərdə rayonunda fəaliyyət göstərən bələdiyyələrdə deyil, digər rayonların da kiçik, əhalisi az olan və maliyyə cəhətdən zəif bələdiyyələrində mövcuddur.

Ötən dövrdə az sayda bəzi bələdiyyələr maliyyə vəziyyətlərini bir qədər yaxşılaşdırmağa nail olub və dövlətə olan borclarını ödəyə biliblər. Qeyd olunan problemlərin həlli yollarından biri deyildiyi kimi kiçik bələdiyyələrin birləşdirilməsi yolu ilə onların kadr və maliyyə potensialının gücləndirilməsi və beləliklə də birləşmə nəticəsində yaranan nisbətən böyük bələdiyyənin normal fəaliyyətinin təmin edilməsi ola bilər. Beynəlxalq təcrübədə də qeyd etdiyim metodlardan geniş istifadə olunur. Tədricən kiçik bələdiyyələr birləşmə nəticəsində potensiallarını gücləndirir. Qardaş Türkiyə Respublikasında Bələdiyyə Qanununa əsasən əhalisi 5000 nəfərdən az olan ərazilərdə bələdiyyələrin yaradılması qadağan edilir. Əksər Avropa dövlətlərində əhalinin sayına aşağı məhdudlaşdırıcı say tətbiq etməklə şəhər və rayonlarda əsas inzibati vahidliklərdə az sayda güclü bələdiyyələr yaradılır və onların fəaliyyətləri əsasən qənaərbəxşdir. Zənnimcə, yaxın gələcəkdə Azərbaycanda da minimum əhali sayı tətbiq etmək və ya inzibati ərazilər üzrə islahatlarla bələdiyyələrin birləşməsi məsələsini müzakirə etmək olar.

Bələdiyyələrin fəaliyyəti zamanı mövcud olan problem və çətinliklərin aradan qaldırılması, maliyyə iqtisadi potensialının gücləndirilməsi, yerli özünüidarəetmədə innovasiyaların tətbiqi və digər sahələrdə geniş müzakirələr aparılmalıdır ki, bu qurumu inkişaf etdirə bilək. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxsahəli, o cümlədən idarəetmədə də islahatlar aparılır. Hesab edirəm ki, müzakirələrin və təhlillərin nəticəsi olaraq strateji yol xəritəsi olaraq Yerli Özünüidarəetmənin İnkişaf Konsepsiyasının qəbul olunmasına ehtiyac vardır. Bununla bağlı səlahiyyətli dövlət orqanları əsas istiqamətləri və atılacaq addımları müəyyənləşdirməlidirlər. Hesab edirəm ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bu məsələdə müstəsna rolu olmalıdır”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də