Ankarada dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi “Müsəlman Şərqinin ilk operanın müəllifi, Azərbaycan-Türki dünyası musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı konfrans, təqdimat və konsert çərçivəsində qeyd olunub.
Ankaradakı Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında keçirilən tədbirdə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanın əməkdar artisti İslam Manafov Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymasından, ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr etməsindən söhbət açıblar.
Üzeyir Hacıbəylinin yüksək mənəvi-estetik dəyərə malik irsinin Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən ədəbi-mədəni intibahın inkişafında rolu, Azərbaycan bəstəkarlıq məktəbinin banisi kimi milli musiqi xəzinəmizi unikal forma və janrlarla zənginləşdirdiyi tarixi faktlar əsasında qeyd olunub.
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi ilə əlaqədar Türkiyədə təqdimatlar və konsertlər həyata keçirildiyini tədbir iştirakçılarına çatdırıb.
Qazi Universitetinin prorektoru, professor Hasan Tezer, Türk dünyası Araşdırmalar və Uyğulama Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin Türk xalq Musiqiləri bölümünün başkanı, professor Gökhan Ekim çıxışlarında Üzeyir Hacıbəyli əsərlərinin qəlblərə xitab etdiyini, milli mədəniyyəti gücləndirirməklə, Anadoludan Qafqaza bir “könül körpüsü” yaratdığını vurğulayıblar.
Yubiley tədbirində görkəmli bəstəkara həsr olunmuş film nümayiş etdirilib və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı keçirilib.
Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova, Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı öz ifaları ilə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubiley tədbirinin proqramını zənginləşdiriblər.