Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəhid Daşqının “səni alacam” dediyi gürcü qızı: “Məzarını ziyarət edə bilmədim” - MÜSAHİBƏ

Şəhid Daşqının “səni alacam” dediyi gürcü qızı: “Məzarını ziyarət edə bilmədim” - MÜSAHİBƏ

Nana Davidaşvili: “Evlilik barəsində hələ düşünmürəm”

44 günlük Vətən Müharibəsində şəhid olan Daşqın Şəfiyev sosial şəbəkədə yaydığı bir video ilə yaddaşlarda silinməz iz buraxıb. O, sosial şəbəkədə “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı” deyən bir qıza “gecə-gündüz Qarabağın alınması üçün əsgərlərimizə dua elə, səni yerin dibində də olsan tapıb özüm alacam” söyləməklə videoreaksiya vermişdi.

Müharibə ərəfəsində hər kəs Daşqının sözünün üstündə durub-durmayacağını  maraqla gözləyirdi.

Amma əbəs yerə deməyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Təəssüf ki, Daşqının şəhadətə qovuşması onun arzularının yarımçıq qalmasına səbəb oldu ki, bu da hər kəsi dərin kədərə qərq etdi…
 
Daşqın Şəfiyev müharibənin bitməsinə bir neçə gün qalanda - noyabrın 5-də şəhidlik zərvəsinə yüksəldi. O, ən böyük arzusunu - ata-baba yurdu Kəlbəcərdə özünə toy etmək istəyini gerçəkləşdirə bilmədi.

Kəlbəcəri 4 yaşında tərk edən Daşqın Şəfiyev 31 yaşında Qarabağ uğrunda döyüşlərdə haqq dünyasına qovuşdu.

Daşqın Şəfiyev 1989-cu il avqustun 22-də Rusiyanın Krasnodar şəhərində anadan olub. 1995-2006-cı illərdə Samux rayonunda Seyidlər kənd tam orta məktəbində təhsil alıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayandan sonra Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də isə Laçın döyüşləri zamanı şəhid olub. Onun nəşi Samux rayonunun Seyidlər kəndində torpağa tapşırılıb.

Modern.az saytı Vətən müharibəsi şəhidlərinin anım günü ərəfəsində Daşqın Şəfiyevin “səni özüm alacam” dediyi həmin qızı -  Gürcüstanda yaşayan Nana Davidaşvilini bir daha axtarıb taparaq, onunla həmsöhbət olub:


- Nana xanım, sosial şəbəkələrdə, saytlarda hələ də sizin həm azərbaycanlı olduğunuzu yazırlar, həm də  gürcü olduğunuzu... Bəlkə özünüzü bir daha qısaca təqdim edəsiniz...


- Mən əslən gürcüyəm, atam və anam da gürcüdür. Azərbaycan dilini sevdiyim üçün öyrənmişəm, Azərbaycan xalqına böyük hörmətim var.  Mən uşaq olanda atamla anamı qəzada itirmişəm. Onların ölüm xəbərini eşidəndə babam da infarkt keçirdi. Ata-anamızı itirəndə bacımın 5, mənimsə 7 yaşım vardı. Bizə babam baxırdı, ana tərəfdən qohumlarımız yoxdur. Ata tərəfdən isə bir əmim var. Əmim Almaniyada yaşayır cə milyonerdi. Babam ona zəng etdi ki, gəl uşaqlara sahib çıx, mənim ömrümə az qalıb. Əmim babama cavabında “Mənim onlara baxmağa səbrim yoxdu, həm yoldaşım da istəmir, iş-güc başımızdan aşıb. Apar ver uşaq evinə, orada böyüsünlər” demişdi.
Biz də onu həyatımızdan sildik, artıq elə bir adam tanımırıq. Babam dünyasını dəyişəndən sonra bizim tək ümid yerimiz də onunla birgə dəfn olundu. Babamdan atamın qoxusunu alırdım.

Bizim binada bir xanım qalırdı, azərbaycanlı idi. Oğlu cəzaçəkmə müəssisəsində idi, onu tək buraxmamaq üçün Gürcüstana gəlmişdi. Mən Azərbaycan dilini ondan öyrənmişəm. O qadın 4 il bizə ana kimi baxdı. Oğlu cəzaçəkmə müəssisəsindən çıxandan sonra anası ilə dalaşırdı. Qadın bizə gec-gec gəlməyə başladı. Oğlundan çəkinirdi, bizi ondan gizlədirdi. 2 aydan sonra onlar Azərbaycana geri döndülər. Yenə anasız qaldıq.

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Babamı tanıyan bir keşiş vardı. O kilsədə çalışırdı, mənə iş verdi, kiləsədə stolların tozunu alıb, şamdanları təmizləyirdim, səhərlər məktəbə, günorta işə gedirdim. Axşam isə evə gələndə dərslərimlə məşğul olurdum.

Orta məktəbi fərqlənmə ilə bitirərək, Tiflis Dövlət Tibb Universitetinə qəbul olundum.

- “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı”, - demişdiniz... Bu fikir hardan ağlınıza gəlmişdi? Yəqin bunu zarafatyana söyləmişdiniz, elədir?

- Bəli, zaraftyana dediyim bir ifadə idi. Bu qədər gündəmdə olacağını heç düşünməzdim. 2020-ci ildə Azərbaycanda müharibə gedəndə, biz universitetdə savaşın gedişatını maraqla izləyirdik. Bizim universitetdə azərbaycanlı, gürcü, erməni və başqa millətlərdən olan tələbələr təhsil alırdı. Bir səhər universitetə gələndə gördüm ki, azərbaycanlı tələbələr çox sevinirlər. Öyrəndim ki, Azərbaycan Ordusu hansısa rayonu ermənilərdən azad edib. Mən də azərbaycanlı tələbə yoldaşlarıma qoşulub sevinməyə başladım. Erməni tələbələrə pis gəlsin deyə, daha bərkdən şadlanıb səs-küy saldıq.  Azərbaycanın qələbəsinə öz qələbəmiz kimi sevinirdim. Birdən qızlardan kimsə zarafatla dedi: “30 il işğalda olan Qarabağı aldılar, sizi isə alan olmayacaq. Sevinin-sevinin”.

Bu ifadə ağlımda qaldı və mən zarafatyana “30 ildir həsrətində olduğumuz torpaqlar alındı, məni alan olmadı” sözlərinin səsləndiyi bir video çəkib sosial şəbəkədəki hesabımda paylaşdım. O zaman həmin videonun belə maraqla qarşılanacağı, böyük izləyici kütləsi toplayacağı ağlıma belə gəlməzdi.

Daha sonra qəhrəman döyüşçü Daşqın Şəfiyev sosial şəbəkədə mənə “Gözəl insan, gözəl xanım, sən əsgərlərimiz üçün dua et, Qarabağ alınsın, yerin dibində də olsan axtarıb-tapıb səni özüm alacam”,- deyə videocavab vermişdi.

Dostlarım onun paylaşdığı videonu mənə agöndərdilər, xahiş etdilər ki, videoların ikisini yan-yana hesabımda paylaşım. Mən də videonu hesabımda paylaşdım və çox maraqla qarşılandı.

- O zaman həmin videoya baxanda hansı hissləri keçirmişdiniz...

- Demək olar hər cür hisslər keçirmişdim, həm utandım, həm qorxdum, həm də sevindim.

- Daşqın sizi axtarıb tapsaydı, onunla ailə qurmağa razılaşardınız?

- Bizim aramızda yaş fərqi çox idi. Bəlkə də alınmazdı, amma istəyərdim bir dost kimi danışaq, onun toyuna gedərdim. Ona xoşbəxtlik arzu edərdim. Düzü mən bu barədə heç düşünməmişdim.


- Daşqının məzarını ziyarət etmisinizmi? Etməmisinizsə, bu haqda düşürsünüzmü?


- Xeyr, təəssüf ki, ziyarət etməmişəm. Daşqının məzarını ziyarət etmək istəyərdim. Düzdür təklif gəldi, amma universitetdən və işdən icazə alıb getmək mümkün olmadı.

- Artıq universiteti bitirmisiniz?

- Xeyr, hələ Gürcüstanda Tiflis Dövlət Tibb Universitetində təhsil alıram. Gürcüstanda savadlı tələbələri işlə təmin edirlər. Mən də həm təhsil alıram, həm də həkim köməkçisi işləyirəm.

- Bildiyimizə görə, Daşqın Şəfiyev şəhid olandan sonra onun evinə böyük bir gül çələngi göndərmisiniz... Bu nəyi ifadə edirdi?

- Bəli, onun ad günündə və ildönümündə xatirə olsun deyə gül çələngi göndərdim.

- Daşqın bəyin qardaşı sizi axtarıb tapmışdı. Əlaqəniz indi də qalırmı?

- Bəli, axtarıb-tapmışdı məni, əvvəllər tez-tez danışırdıq. İndi işlər çox olduğu üçün əvvəlki kimi danışa bilmirik. O çox yaxşı, hörmətli insandır. Ailəsi də elədir.


- Şəhidimizin ailə ilə görüşə cəhd etmisiniz və ya onlar sizi evlərinə dəvət ediblərmi?


- Ailəsi ilə əlaqəm var. Zənglə danışırıq, ilk zəngdə danışa bilmədim. Atası ilə ilk dəfə danışanda çox ağladım, nitqim tutuldu. Amma sonra danışdıq. Onlar məni evlərinə dəvət etdilər. Hətta dedilər ki, biletini təşkil edək gəl. Ora getsəm elə düşünərəm ki, Daşqın məni gözləyir. Onun məzarını görmək mənə çox ağır gələr.

Şəhadətindən 4 ay sonra üzbəüz gəlmədiyim, səsini ancaq videodan eşitdiyim həmin insan yuxuma gəldi. Gördüm bir təpə kimi yer iki hissəyə bölünüb. Bir tərəfdə qar yağıb, bir tərəfdə çiçək açıb. Baxdım ki, Daşqın ağ köynək geyinib, o, məni çağırırdı. Mən onun yanına getdim, amma o uzaqlaşdı.


- Daşqın Şəfiyevin ailə üzvləri ilə danışanda hansı hissləri keçirirsiniz?

- Onlarla danışanda çox pis oluram, ixtiyarsız gözlərimdən yaş axır. Onların dərdini çox yaxşı başa düşürəm, çünki mən də uşaqlıqdan valideynlərimi itirmişəm, bu dərd mənə də doğmadır. Ailə üzvünü itirməyin nə demək olduğunu çox yaxşı bilirəm.

- Müharibə insanlara travmalar yaşadır. İstisna etmirik ki, Daşqın Şəfiyevlə bağlı hadisə də sizə ağır travma yaşatdı. Bu yaranı artıq sağalmış hesab etmək olar?

- O video mənə çox möhkəm təsir etdi. Daşqının səsi hələ də qulaqlarımdadır. Onu heç unutmamışam. Acısı ilk vaxtdakı kimi təsir edir.



- 2020-ci ildən sonra həyatınızda nə dəyişib?

- Müharibə vaxtı mən 1-ci kursda təhsil alırdım. Hazıra 4-cü kursda oxuyuram. Universiteti bitirməyimə 2 il var. İndi bacımla birlikdə yaşayıram, həyatımda ondan başqa heç kimim yoxdu. Evlilik barəsində isə hələ düşünmürəm, təhsilimi başa vurum sonra fikirləşəcəm.

- Arzunuz, istəyiniz nələrdir? Gələcəklə bağlı nələr düşünürsünüz?

- Əsas karyeramı düşünürəm. Babam hər zaman məni həkim görək istəyirdi. Onun arzusunu gerçəkləşdirməliyəm. Şəxsi həyatımla bağlı hələ ki yeniliklər düşünmürəm. Vətənə layiqli övlad olum, bu mənə bəs edir.

- Sizə maddi və mənəvi cəhətdən dəstək olan varmı?

- Heç kim dəstək olmayıb, bacımla həm işləyib, həm də oxuyurduq. Həyat bizə güclü olmağı öyrətdi...




Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də